İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin növbəti Münxen zəfəri

419 21.02.2023 14:00 Siyasət A A

“Prezident İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı zamanı keçirdiyi görüşlər və bu zaman səsləndirdiyi fikirlər dövlətimizin başçısının qətiyyətindən, prinsipiallığından, həmçinin ölkəmizin dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsidən, o cümlədən reytinqinin atrmasından xəbər verir. Prezidentin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin mövcudluğunu qeyd etməsi iki ölkə arasında əməkdaşlığın sıx olmasının nəticəsidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu da diqqətə çatdırıb: “Dövlət başçımızın konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasdakı çıxışı, həmçinin Azərbaycan televiziya kanallarına, eləcə də ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibə böyük maraqla qarşılanıb. Dövlət başçımız bir daha Ermənistanı və havadarlarını ifşa etdi və Münxendən növbəti zəfərlə qayıtdı. Üç əvvəl elə Münxendə keçirilən görüşdə də dövlətimizin başçısının söylədiyi faktlar qarşısında aciz qalan Paşinyan mat vəziyyətinə düşmüşdü. Bu dəfə də elə oldu. Paşinyan və havadarları faktlar qarşısında deməyə söz tapmadlar. Necə deyərlər, gah nala, gah da mıxa vurdular. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan sülh, Ermənistan isə müharibə tərəfdarıdır”.

Bu görüşü “tarixi görüş” adlandıran Ç.Qənizadə diqqətə çatdırıb ki, tarixdə ilk dəfədir Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni vaxtda bir platformada görüşüblər. Hadisələrin gedişi də təsdiqləyir ki, Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib. Bu müharibə ölkəmizin bəzi ənənəvi tərəfdaşları ilə ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq, Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.

Hüquq müdafiəçisi dövlətimizin başçısının “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur” fikrini bir daha Ermənistana və onun havadarlarına növbəti ciddi zərbə kimi dəyərləndirib.

Ç.Qənizadə Münxen Konfransının bəzi məsələlərə aydınlıq gətirilməsi baxımından da mühüm rol oynadığını vurğulayıb. Dünya ictimaiyyəti Laçın-Xankəndi yolunda baş verənlərlə ətraflı məlumatlandırıldı və Ermənistanın dövlət rəsmilərinin Qarabağda yaşayan ermənilərin blokadaya alınması kimi cəfəng şayiələr alt-üst edildi. Konfrans iştirakçıları əsl reallıqla tanış oldular: “Reallıq da ondan ibarətdir ki, dekabrın 12-dən həmin ərazidə vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək oradan 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Bütün bunlardan sonra ermənilərin və havadarlarınn iç üzləri bir daha bəlli oldu”.

Hüquq müdafiəçisi bildirib ki, artıq dünyanın əksər ölkələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı Ermənistanın kapitulyasiyası kimi qəbul edib. Müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.

Ç.Qənizadə Minsk qrupunun artıq tarixin küncünə atıldığını xatırladaraq deyib: “Prezident İlham Əliyev də bu məsələni bir daha diqqətə çatdırdı. Dedi ki, bu qrup artıq mövcud deyil”.

Hüquq müdafiəçisi qeyd edib ki, görüşdən sonra dövlət başçımız televiziya kanallarına müsahibəsində bir çox məsələlər, eləcə də Tehranda Azərbaycan səfirliyinə qarşı təşkil olunmuş terror aktı barəsində də məlumat verdi. Bildirdi ki, Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verilməyib və bundan sonra da verilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR