İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin “mesajlı” Əlcəzair səfəri- Makrona və Fransa parlamentinə şillə kimi cavab  

3258 02.11.2022 17:44 Analitika A A

 

Prezident İlham Əliyevin noyabrın 1-də bir günlük Əlcəzair səfəri bir sıra mühüm məqamları ilə yadda qaldı. Özü də təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə.

Bilindiyi kimi, bu səfər Əlcəzair prezidentinin xüsusi dəvəti ilə baş tutub. Azərbaycanın dövlət başçısı Ərəb Dövlətləri Liqasının Əlcəzair paytaxtında keçiriləcək 31-ci Zirvə toplantısında iştirak edib, burada çıxış edib və həmçinin Əlcəzair dövlət rəsmiləri ilə görüşlər keçirib. Azərbaycan Prezidenti Əlcəzairdəki sammitə həm də Qoşulmama Hərəkatının sədri kimi qatılıb.

Lakin ümumilikdə ƏDL-nin 31-ci sammitində iştirak edən yeganə qeyri-ərəb dövlət başçısı Azərbaycan Prezidenti olub. Ərəb ölkələri son illərdə daxili münaqişələr səbəbindən xeyli zəifləyən ƏDL-nin güclənməsinə çalışır və Əlcəzairdə keçirilən toplantı bu mənada həlledici əhəmiyyət kəsb edirdi, böyük ümidlər var idi. Belə bir toplantıda iştirak və çıxış etmək hazırkı dövrdə Azərbaycan üçün həddən artıq vacibdir. Bu, onu göstərir ki, Azərbaycanın ərəb ölkələri ilə yaxşı əlaqələri var, hazırda bu əlaqələri daha da inkişaf etdirmək perspektivi mövcuddur. Azərbaycan 2006-cı ildən ƏDL-nin üzvüdür, görünür ki, təşkilatla əlaqələr daha da güclənəcək.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələrin 30 illik tarixi olsa da, bu ölkə ilə əlaqələr yüksək səviyyədə olmayıb. Müəyyən dövrlərdə fikir ayrılıqları yaşanıb. Ancaq indi, göründüyü kimi vəziyyət dəyişib və Əlcəzair dövlət rəhbərliyi Azərbaycan dövlət başçısına xüsusi diqqət göstərərək onu ali tədbirə dəvət edib. Bu, həm də o deməkdir ki, Əlcəzair Azərbaycanla əlaqələrin istiləşməsində maraqlıdır.

2018-ci ildə inqilab nəticəsində hakimiyyət dəyişikliyi baş verən Əlcəzairdə formalaşan yeni hakimiyyət milli-tarixi məsələlərə daha çox diqqət ayırmağa çalışır. Başqa sözlə, indi Əlcəzairdə tarixə baxış dəyişir. Digər tərəfdən, Əlcəzair dünyanın ən böyük neft və qaz istehsalçıları sırasında yer alır. Bu ölkə Avropanın, xüsusən də Fransanın qazla təminatında xüsusi rol oynayır. Ancaq eyni zamanda iki ölkə arasında tarixlə bağlı dərin yaralar var. Əlcəzair 100 ildən çox Fransanın müstəmləkəsi olub və müstəmləkə dövründə milyonlarla əlcəzairli fransız müstəmləkəçiləri tərəfindən qətlə yetirilib. Məhz bu amil son illərdə Fransa-Əlcəzair münasibətlərinə ciddi təsir edir.

Hətta o qədər ki, bir neçə gün əvvəl Əlcəzairdə səfərdə olan Fransa prezidenti Emmanuel Makron həmkarı Abdel Məcid Tebbunla keçirdiyi mətbuat konfransında bildirmişdi ki, fransızların və əlcəzairlilərin ortaq ağrılı keçmişi bəzən gələcəyə doğru baxmağa mane olur. Onun sözlərinə görə, Fransa bu stereotipləri yox etməyə və qarşılıqlı etimad mühiti yaratmağa çalışır.

Son illərdə Əlcəzair sürətlə Türkiyə və digər region ölkələri ilə yaxınlaşır və bu zaman Fransız müstəmləkə dövrünə deyil, daha əvvəlki Osmanlı dövrünə vurğu edilməsi Parisi narahat edir. Bu narahatlığı prezident Makron da dilə gətirərək Türkiyənin Fransanın Şimali Afrikada tərk etdiyi bölgələrə Osmanlı irsi ilə rahat şəkildə daxil olduğunu demişdi.

Bu nöqtəyə prezident İlham Əliyev də Əlcəzairdə keçirilən sammitin açılışında etdiyi çıxışda toxunub. Azərbaycan prezidenti deyib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir.

Sitat: “Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib.

Oxşar ifadələr İlham Əliyevin Əlcəzairin paytaxtı Əlcəzair şəhərində Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazdığı mətndə yer alıb. “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir” – deyə İlham Əliyevin xatirə yazısında qeyd olunur.

Azərbaycan prezidentinin səlis xətlə yazılmış bu qeydləri dünən bir çox yerli və xarici media orqanlarında yayıldı. Bu mesaj Fransa prezidentinin Azərbaycanla bağlı ədalətsiz mövqeyinə tarix üzərindən incə və sərt cavab idi. Lakin eyni zamanda, bu qeydlər Fransanın müstəmləkə siyasətinin acılarını yaşamış və yaşamaqda olan böyük bir kütləyə də mesaj idi. Hansı ki, o insanlar Əlcəzairdə, Şimali Afrikanın digər ölkələrində və Fransanın özündə yaşayırlar. Bu mənada demək olar ki, İlham Əliyevin bir günlük Əlcəzair səfəri Fransa prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində tutduğu mövqeyə də tutarlı bir cavab idi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR