İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyevin İqor Xovayevi qəbuldan dərhal sonra Vladimir Putinə zəng etməsi...”- Deputatdan şərh

1490 15.02.2023 15:29 Siyasət A A

 

“Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında dünənki telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı rəsmi mətnlərə baxıram, nöqtə və vergülünə qədər bir-birinin eynidir. Açığı, belə hallar nadirən baş verir. Adətən, aparılan yüksək səviyyəli danışıqların nəticələri haqda tərəflərin yaydıqları rəsmi açıqlamada azacıq da olsa, fərqlərə rast gəlinir. Və belə də fərqlər çox vaxt o məsələlərlə bağlı olur ki, ya onlara yanaşmada tərəflər arasında fikir ayrılıqları var, ya da orada vurğulananları biri önəmsəsə də, digəri elə də əhəmiyyət vermir”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Deputat bildirdi ki, cənab İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı haqda hər iki tərəfin yaydığı rəsmi məlumatların bir-birini təkrarlaması əlbəttə, heç də Azərbaycanla Rusiyanın bizim regiondakı proseslərə yanaşmada mövqelərinin tam üst-üstə düşməsi anlamı daşımır: “Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin dələduz Vardanyanı bir zamanlar ora ötürülən ”humanitar yük” və “inşaat materialları” kimi yenidən gizlicə Xankəndinə gətirdiyi haqda xəbərlər doğrudursa, bunun Azərbaycanda qətiyyən xoş qarşılanmayacağı bəllidir. Heç şübhə etmirəm ki, sözügedən telefon danışığında, ondan qabaq isə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevə bununla bağlı fikirlərimiz çatdırılıb. Dələduz hay əgər yenidən Xankəndinə göndərilibsə, yəqin ki, ona əvvəlki kimi qıcıqlandırıcı hərəkətlərə yol verməmək də tapşırılıb. Ancaq bütün hallarda Vardanyanın onu Xankəndinə gətirənlər kimi, orada müvvəqqəti olduğu kimsəyə sirr deyil və təbii ki, bizim bu mövqeyimizi kremldəkilər də çox yaxşı bilirlər. Bilmək isə hələ razılaşmaq anlamı daşımasa da, Azərbaycan və Rusiya prezidentlərinin dünənki telefon danışıqları haqda hər iki tərəfin yaydığı informasiyadan bizim üçün önəmli sayılan bir sıra məsələlərdə rəsmi Bakı ilə Moskvanın fikirlərinin üst-üstə düşdüyü görünür”.

S.Alıyevin sözlərinə görə, rəsmi açıqlamada “Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması”na toxunulduğunun bildirilməsi o deməkdir ki, Avropa Birliyinin missiyasına burada ehtiyac duyulmur: “Ermənistanın sərhədlərini Rusiya qoruduğundan mülki missiya adı altında Fransanın regiona göndərdiyi “desant” burada vəziyyəti mürəkkəbləşdirməkdən başqa çətin hansısa müsbət rol oynasın. Kremlin yaydığı açıqlamada qərbdəkilər kimi Laçın yolundakı aksiyaya fokuslanmadan “Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin önəmliyinin vurğulanması” da təbii ki, bizim marağımıza uyğundur. Laçın yolunun əvvəlki rejimdə işləməsi üçün Ermənistan ordusunun törtöküntüləri Qarabağdan çıxarılmalı, oradan keçməklə Xankəndinə qanunsuz yüklər və terrorçu-təxribatçı ünsürlər gətirilməməli, Zəngəzur dəhlizi açılmalıdır. Yüksək səviyyəli telefon danışığı haqda hər iki tərəfin yaydığı rəsmi açıqlamadan çıxardığım və bölüşməyi lazım bildiyim nəticə bunlarıdır. Həmən açqlamaların mətnlərinin eyni olmasına gəldikdə isə bu, hər iki tərəfin öz maraqlarından çıxış etmələrinə və aradakı fikir ayrılıqlarına baxmayaraq, danışıq aparanların bir-birinə dostcasına yanaşmalarını göstərir. Apaydın görünür ki, “üstün müttəfiq” adlandırılsa da, Ermənistanın indiki rəhbərliyinə nəinki belə bir yanaşma yoxdur, hətta artıq bir tərəfin xəyanətkar davranışları fonundan digəri açıq hədəyə keçib”. 

Deputat bildirdi ki, Azərbaycan Milli Məclisinin spikeri Sahibə xanım Qafarovayla görüşdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanın bir ölkə olaraq xəritədən silinə bilinəcəyini eyhamsız, birbaşa dilə gətirməsi Kremlin Paşinyanla komandasının hərəkətlərindən narazılığının dərəcəsini və ondan qaynaqlanın hədənin getdikcə daha ciddi xarakter aldığını ortaya qoyur: “Fikir verirsinizsə, burada hayların dövlətlərini yox, məhz ölkələrini itirə biləcəklərinin xəbərdarlığı var ki, o da tam təbiidir. Çünki kim də olmasa, rusiyadakılar yaxşı bilirlər ki, hayların dövləti heç vaxt olmayıb, indi də yoxdur. Əslində bu forpost heç ölkə də sayılmır, Ermənistan adlanan nəsnə Azərbaycan torpağında yerləşdirilən hay diasporudur. Volodinin bu sözləri məhz Türkmənçay anlaşmasının 195-ci ildönümündən cəmisi 3 gün keçmiş səsləndirməsi də fikirmcə, təsadüfi deyil, elə ona eyhamdır. Yeri gəlmişkən, Sahibə xanım Qafarovanın Rusiya Federasiya Şurasının sədri Valentina Mayviyenko ilə görüşündə ikincinin “ölkələrimiz arasında əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqliyin görünməmiş yüksək səviyyəsinə çatıb” deməsi, ardınca ölkəsinin Azərbaycanda Baş konsulluq açmaq istəyini dilə gətirməsi də bir sıra mətləblərdən xəbər verir. Onlardan biri də budur ki, Moskva İrandakı dinsiz rejimin Qafanda konsulluq açmasına da Avropa Birliyi missiyasının Ermənistana gətirilməsinə yanaşmada olduğu kimi, heç də sıcaq baxmır və cavabsız qoymaq istəmir. Fikrimcə, cənab İlham Əliyevin İqor Xovayevi qəbuldan dərhal sonra Vladimir Putinə zəng etməsi, ondan öncə isə Milli Məclisin sədrinin Moskvaya səfəri, bir-birinə bağlı prosesdir”. 

S.Alıyev digər məqama da diqqət çəkdi: “Xovayevi qəbul edərkən cənab İlham Əliyev iki ölkənin qanunverici orqanları səviyyəsində qarşılıqlı səfərlərin və əməkdaşlığın əhəmiyyətinə toxunmuşdu ki, bu da öz növbəsində dövlət başçımızın həmən səfərlərin nəticələrindən razı qalmasıyla yanaşı onların da regionda yaranmış vəziyyətlə bağlı gerçəkləşdirildiyindən xəbər verir. Regionda isə vəziyyət elə də ürəkaçan deyil. Ermənistanın qərbdəki bəlli çevrələrin təhriki ilə və yaxud da onlara güvənərək üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəməməsi, Laçın yolundakı aksiyanı bəhanə gətirərək danışıqlardan boyun qaçırması, İranla birgə yeni təxribatlar planlaşdırması burada gərginliyi artırır. Azərbaycan və Rusiya Prezidentləri arasındakı sonuncu telefon danışığı haqda açıqlamanın son cümləsindən də göründüyü kimi vəziyyətin normallaşdırması üçün “təmaslar müxtəlif formatlarda davam etdiriləcək”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR