Avropa İttifaqından olan diplomatlar İspaniyanın "El Pais" qəzetinə bildiriblər ki, qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında sərt mübarizə gedir.
Musavat.com bildirir ki, xəbəri “Bakı-Xəbər” yayıb.
Hazırda iki xanım siyasətçi Avropa İttifaqının xarici siyasətini kimin müəyyən etməsi ilə bağlı rəqabətdədir. Bu yarış Kallasın nəzarətində olan Avropa Xarici Fəaliyyət Xidmətində islahat təklif edən Fransanın da diqqətini cəlb edib.

Qeyd olunur ki, Avropa Xarici Fəaliyyət Xidməti ilə bağlı media müzakirəsi “Faynənşl Taymz” qəzetində dərc olunmuş bir xəbərdən sonra başlayıb. Orada region ölkələrinin Aİ-nin xarici siyasət agentliyinin ləğvini müzakirə etdiyi bildirilib. Almaniya və Fransa da Avropa Xarici Fəaliyyət Xidmətində islahat ideyasını irəli sürüblər və digər adları açıqlanmayan Aİ ölkələri də onlara qoşulub. Paris agentliyin islahatı üçün üç variant təqdim edir.
Birincisi, Avropa Xarici Fəaliyyət Xidmətinin gücləndirilməsini, ticarət və iqtisadi inkişafın qismən onun nəzarətinə verilməsini təklif edir.
İkinci variant, Aİ-nin ən yüksək orqanı olan Avropa Siyasi Şurasına xarici siyasətdə həlledici rol veriləcək və o, Aİ üzv dövlətlərinin nümayəndələrini bir araya gətirəcək.
Nəhayət üçüncü variant, fon der Leyenin rəhbərliyi altında başlanan islahatlardan sonra əsas xarici siyasət səlahiyyətləri Avropa Komissiyasının prezidentinə veriləcək.

Rusiyalı ekspert Aleksandr Tevdoy-Burmulinin fikrincə, Avropa Xarici İşlər Nazirliyinin rəhbəri ilə Avropa Komissiyasının prezidenti arasındakı münasibətlər çoxqatlı xarakterə malikdir. Onun sözlərinə görə, burada institusional və strateji çarəsizlik mövcuddur. Ona görə də şəxslərarası münaqişə mürəkkəbləşir. Həm Kallasın, həm də Leyenin fundamental məsələlərdə güzəştə getməməsi təsiredici amildir. Leyen formal olaraq Aİ-nin xarici siyasətində iştirak edirsə, bu, yalnız qurumun səlahiyyətlərinə aid olan məsələlərlə bağlıdır. Yəni o, ümumi ticarət siyasəti və Aİ-nin genişlənməsindən məsul olmalıdır. Xarici siyasətin digər elementləri Avropa Siyasi Şurası tərəfindən idarə olunur. Kallas da öz növbəsində Avropa Siyasi Şurası tərəfindən müəyyən edilmiş siyasətləri həyata keçirir.
Musavat.com qeyd edir ki, bu ixtilaf mərkəzin vahid bir beyin tərəfindən idarə olunmadığını göstərir. Savaşın mərkəzində hər şeyi təkbaşına idarə etmək istəyi, digər tərəfdə isə qitənin iqtisadi və sosial reallıqlarını nəzərə almadan birtərəfli radikal ritorika ilə çıxış edən Şərqi Avropa ambisiyası dayanır. İki qadın arasındakı nüfuz savaşı Aİ-nin xarici siyasət kursunu belə iki yerə bölür.
Leyen mütləq lider olmağa çalışır və sazişləri təkbaşına qəbul edir. Kallas isə mərkəzi bürokratiyanın əleyhinədir. Bu iki siyasi fiqur Qərbi Avropa ilə Şərqi Avropa arasında toqquşma yaradır. Nəzərə alaq ki, Kallas Baltikyanı regionun maraqlarını təmsil edir. Leyen isə Almaniya və Fransanın iqtisadi maraqlarını təmin etmək niyyətini güdür.

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Avropa İttifaqında vəziyyətin böhran həddinə çatacağını güman etmir. Onun sözlərinə görə, iki qadının nüfuz mübarizəsinə baxmayaraq, Brüssel qərarların qəbulunda monolitliyi qoruyub saxlaya bilir: “Təbii ki, fikir ayrılıqlarının olması kənardan Avropa Birliyində krizis təəssüratı yaradır. Amma Leyenlə Kallasın “soyuq savaşı” daha çox eqoizm, özünütəsdiq və liderlik uğrundadır. Hazırda Ukraynanın dəstəklənməsində tərəflərin hər hansı fikir toqquşması yoxdur. Sadəcə, Kallas daha çox Yaxın Şərqə münasibətdə laqeydliyinə görə tənqid olunur. Leyen isə Angela Merkel kimi, bir növ “avtoritar qadın” olmağa çalışır. Düşünürəm ki, Leyenin nüfuzu və təsir gücü çoxdur, lakin səlahiyyətlərin bölgüsündə Kallasın işinə qarışması çətindir”.
Ekspert əlavə edib ki, qarşıdakı dövrdə Aİ-də islahatlar qaçılmazdır: “Və biz bu dəyişiklikləri həm də siyasətçilərin yenilənməsində görə bilərik. Hazırda Kallas sələfi Cozef Borelldən fərqlənir. Ən azından Azərbaycana münasibətdə bunu demək olar. Bütövlükdə isə Qərbdə Kallas-Leyen rəqabəti Avropa Birliyini tamamilə dərin böhrana salmayıb”.
Emil Salamoğlu
Musavat.com






