İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə Laçın postunda “ilişdi” - Fransa və ABŞ-ın sancısının səbəbi...

3878 26.04.2023 09:02 Siyasət A A

Vaşinqton və Paris Azərbaycanın tarixi qələbəsi olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmasından narahatdır; bu reaksiyalardan sonra təzyiqlər güclənə bilərmi?

Məlum olduğu kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

“Yeni Müsavat” xatırladır ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Daha maraqlı hadisələr bundan sonra baş verib. “Amerika Birləşmiş Ştatları Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesində etimadın möhkəmləndirilməsi səylərini sarsıtmasından dərin narahatdır”, - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vendant Patel bildirib. “Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların sərbəst və açıq hərəkəti və ticarət olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribat və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”. Fransa da “Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi quraşdırmasını pisləyir, bunun atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu və danışıqlar prosesinə zərər verdiyini” hesab edir. Bu barədə Fransa XİN-in yaydığı bəyanatda deyilir. “Fransa Azərbaycanı beynəlxalq öhdəliklərinə riayət etməyə, xüsusən Beynəlxalq Məhkəmənin 22 fevral tarixli qərarında qeyd edilmiş, məcburi olan müvəqqəti tədbirləri həyata keçirməyə çağırır. Bu qərar insanların və malların Laçın dəhlizindən hər iki istiqamətdə sərbəst hərəkətinin, əhalinin fasiləsiz qaz və elektrik enerjisi təchizatının bərpa edilməsini tələb edir”, - deyə bəyanatda bildirilir.

Rusiya XİN-in bəyanatında da “Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişdirilməsi və ya ondan sülh gündəliyinə uyğun olmayan məqsədlər üçün istifadə cəhdlərini xüsusilə qeyd edirik”, - deyə ifadə edilib. Bir çox ekspertlər də hesab edir ki, 2020-ci ilin 8 noyabrından sonra Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın ən uğurlu qələbəsidir. O səbəbdən də ermənilərinə beynəlxalq aləmdə “züy tutan” dövlətlər dərhal Azərbaycan əleyhinə fəaliyyətə keçiblər. Azərbaycan XİN Fransaya belə cavab verib: “Guya bu addımın üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək. Azərbaycan tərəfindən öz suveren ərazisində sərhədə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur”.

“Bu yolda mövcud əməliyyat şəraiti DSX tərəfindən dəqiq qiymətləndirilməli, buna uyğun canlı qüvvə sayı, avadanlıq, texniki nəzarət aparatları, bir sözlə, primitiv şlaqbaum deyil, beynəlxalq standartlara cavab verən sərhəd nəzarət-keçid məntəqəsi yaradılmalıdır. Müdafiə Nazirliyi qüvvələrinin də yaxın məsafədə dayanması ilk vaxtlar üçün zəruridir, çünki qarşımızda təxribat törətməkdə peşəkar olan bir millət var”, - təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib. Ekspert hesab edir ki, Qarabağ qeydiyyatı olan ermənilərin giriş-çıxışı zamanı kompüter sistemində siyahısı yer almalı, filtrasiyadan keçirilməlidir. Bütün quru sərhədlərimizdə olduğu kimi, avtomobillər üçün ayrı giriş-çıxış, piyadalar üçün də ayrı buraxılış yolu müəyyənləşməlidir. Relyef dağlıq və darısqal olsa da uyğun inşaat işləri aparmaq tamamilə mümkündür. İnanırıq ki, DSX nəzarət prosedurunu daha peşəkar şəkildə həyata keçirəcək".

Göründüyü kimi, keçmiş həmsədr ölkələr, xüsusən Fransa və ABŞ möhkəm “narahat” olublar, Rusiya isə Ermənistanla Azərbaycanı əvvəlki rejimə qayıtmağa çağırır. Bu beynəlxalq reaksiyaların praktiki nəticəsi ola bilərmi? Azərbaycan Laçın yolunda sərhəd məntəqəsini təzyiqlərlə yığışdıra bilərmi?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ və Fransa ümumi narahatlıq bildirib. Politoloq Azərbaycana qarşı ciddi təzyiq görmür: “Bu məsələdə bizə təzyiq etmək mümkün deyil. Hər bir ölkənin sərhədlərində tətbiq etdiyi qaydaları həyata keçiririk. Ona görə burada qeyri-adi addım yoxdur. İkincisi, Fransa 10 noyabr sənədinə əməl etməyə çağırır, amma Paşinyan dedi ki, Zəngəzur dəhlizində nəzarət məntəqəsi olmayacaq. Hərçənd sənəddə göstərilib ki, nəzarət olmalıdır. Yəni Ermənistan imtina edirsə, Azərbaycan da hərəkətlərində sərbəstdir və öhdəliklərə dəyişiklik edə bilər”.

Bu mövzuda fikirlərini bölüşən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və 2020-ci il 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı, Vaşinqton və Parisin təhlükəsizlik siyasətinə də uyğun deyil. Analitik hesab edir ki, Kreml həm Vaşinqtonun, həm də Parisin rəqibinə çevrilib, Ukrayna müharibəsi ipləri qoparıb, nəticədə ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur: “Digər tərəfdən, bu səbəbdən Fransa və ABŞ Rusiya ilə bir masaya oturmaqdan imtina edir. Minsk Qrupunun dağılmasında bu amilin də rolu olub. Bütün bunlar varkən, Vaşinqton və Paris bizə məsləhət görür ki, rəqibləri "Rusiyanın vasitəçi olduğu 2020-ci il 10 noyabr bəyanatına riayət etmək lazımdır". Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədlər belə məqbuldursa, Ukrayna başda olmaqla, bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı niyə mübarizə aparırsınız, yoxsa Azərbaycan-Ermənistan qarşıdurması sizin üçün istisnadır?"

Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”

Elxan Şahinoğlu

E.Şahinoğlunun fikrincə, biz sərhədlərimizdə keçid məntəqələri yaradırıq, kimsə işimizə qarışa bilməz, verdikləri bəyanatlar, sadəcə, erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır: “Yəni Vaşinqton və Paris ermənilərə deyir ki, "biz Azərbaycana sözümüzü dedik, qalanı bizlik deyil, başınızın çarəsinə baxın". Bunu ermənilər də anladıqlarından reallıqla barışmaq məcburiyyətindədirlər".

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Qarabağda artıq söz sahibi nə ABŞ, nə Fransa, nə də Rusiyadır: “Müharibədən sonra atılan addımlar da göstərdi ki, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bunun tarixi nümunəsi hesab edilə bilər. Bu baxımdan, Vaşinqton, Paris, yaxud Moskvanın nəsə deməsi nəticəni dəyişmir. Bu paytaxtlardan gələn bəyanatlar da əslində "mövqe bildirmək"dən başqa bir şey deyil. Məsələ həll olunub, bütün tərəflər reallığı qəbul edir, həm də diplomatik etirazla “əlimizdən gələni etdik” görüntüsü verirlər. Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulduğu ərazinin əsas unikallığı Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının bu nöqtədə birləşməsidir: bu, separatçıların əlavə keçidlər tapmaq cəhdlərini də mənasız edir, çünki hara getsələr də, sonda Azərbaycan əsgərinin qılıncının altından keçməli olacaqlar".

Qeyd edək ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaxınlığında məlumat lövhəsi quraşdırılıb. Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-keçid məntəqəsində yüklərlə yanaşı, pasport yoxlanışı da həyata keçiriləcək.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR