İnsanlara hürriyət, millətlərə istiqlal!

III Dünya müharibəsi və Azərbaycan

1328 10.10.2023 18:08 Yazarlar A A

Təl-Əviv, Qəzza, Moskva, Kiyev, Tehran, Qranada, Naxçıvan, İrəvan, Tiflis... Bu şəhərləri nə birləşdirir? – Fərqli coğrafiyalar, fərqli (və eyni) ölkələr... İlk baxışda pək bir nəsnə görünmür sanki... lakin illa bir bağ vardır. Bizimçün ən əsas bağ, bu şəhərləri, şəhərlərin mənsub olduğu ölkələri Azərbaycanla əlaqələndirən köhnə və çox yeni səbəblərdir...

“Həmas”ın İsrailə hücumu bir çox mətləbləri, xeyli məsələni dünya və bölgə gündəmində bir sonrakı yerlə sıxışdırsa da, həmin məsələlər (mövzular) müəyyən dərəcədə, ölçüdə davam edir və hətta yeni mövzular, yeni baxışlar meydana çıxır... Davam edən müharibələr, müzakirələr daha nə qədər sürəcək? – cavab vermək çox çətindir. Örnəyi, Rusiya-Ukrayna müharibəsi səngiməyib. “Bu, əslində III Dünya müharibəsi”dir deyənlər haqsız sayılmaz. Doğrudur, hazırda müharibələr ayrı-ayrı coğrafiyalarda gedir və bir müharibədəki dövlət digər müharibədə iştirakçı (yaxud biləvasitə iştirakçı) deyil. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və hərbi qüdrətinin yüksəlməsi baxımından özümüzə yaxın saydığımız İsrailin başının qarışması bizə sərf etmir. Qaranlıqlar içindəki “Həmas”ın başlatdığı hücum sonuc etibarı ilə o coğrafiyada yeni bir dönəmə vəsilə olacaq. İndidən demək olar: daha nə İsrail öncəki İsrail, nə “Həmas” öncəki “Həmas” olmayacaq... Təbii, Fələstin də öncəki durumunda qalmayacaq. Bizim hadisələrə yanaşmamız aydındır: dünyanın harasında baş verməsindən və tərəflərin bizimlə bağlarından asılı olmayaraq, biz problemlərin beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdarıq. Biz özümüz beynəlxalq hüquq normalarının tətbiq olunmamasının, ikili standartların necə problemlər yaratdığını canımızda hiss etmiş, çox əziyyətini çəkmişik. Dinindən, miliyyətindən, ideolojisindən, dövlətindən asılı olmayaraq hamıya məhz beynəlxalq hüquq normalarınca yanaşılsa, hər kəsin əməli beynəlxalq hüququn tələblərinə uyğun qiymətləndirilsə, haqq-ədalət təsis edilər. Biz “Yurdda sülh, cahanda sülh” (Atatürk) tərəfdarıyıq. Biz kağız üzərində sülhün deyil, qalıcı sülhün və illa da ƏDALƏTLİ SÜLHün tərəfdarıyıq! Ədalətli deyilsə, o nə sülh, nə sülhiyyə olacaq, elə yenə hərbiyyədir ki, hərbiyyədir, elə deyilmi?..

İsraillə Fələstin arasında, Rusiya ilə Ukrayna arasında yaşananlar, Fransanın Afrikadan sıxışdırlması, Batı ilə Rusiya arasında yaxın-uzaq coğrafiyalarda (o cümlədən Güney Qafqazda) maraqlar toqquşması mövcudsa, bizim Qarabağda, Gündoğar Zəngəzurda ərazi bütövlüyümüzü (suverenliyimizi!) bərpamızın necə əvəzsiz hadisə olduğu daha aydın görünür. Əgər doğrudan da, baş verənlər III Dünya müharibəsi kimi xarakterizə oluna bilərsə, biz bu müharibəyə ərazi bütövlüyü pozulmuş, torpaqları işğal altında yaxanlasaydıq durum çox vahim olardı. Bəllidir ki, hər iki Dünya müharibəsindən (l: 28.06.1914–11.11.1918; ll: 01.09.1939–02.09.1945) sonra Yer üzü öncəki kimi qalmadı – dövlətlər yıxıldı, yeni dövlətlər quruldu, sınırlar pozuldu, yeni sınırlar çəkildi... Nəinki III Dünya müharibəsindən sonra, hətta Rusiya-Ukrayna müharibəsindən sonra beynəlxalq münasibətlər sistemi, Yer üzünün ictimai-siyasi, sosial-iqtisadi, hərbi, ideoloji düzəni diametral şəkildə dəyişəcəkdir. Arxitektura, dizayn, şəkillənmə, gedişat, institutlar... dəyişəcək də, dəyişəcək... O dəyişikliklərə güclü, sözü ötgün daxil olmaq bir başqa aləmdir. Bütün müharibələrdən sonra qalib və məğlub tərəflər olur; biz sülhpərəvər ölkəyik, müharibə istəmirik, ancaq illa lll Dünya müharibəsi gedirsə yaxud olacaqsa, biz qaliblər cərgəsində olmalıydıq və varıq! Biz XXI yüzilin – yeni çağın müharibə mədəniyyətini nümayiş etdirmişik, 30 illik işğalı 44 gün içində sonlandırmış, işğalçının dizini yerə gətirmişik; Şuşa kimi dağlar incisini yüngül silahlarla azad etmişik. Biz məhz ləyaqətli, ədəb-ərkanlı müharibə aparmışıq: mülki əhaliyə, mülki infrastruktura toxunmamışıq. 44 günlük müharibəyədək də çox çox toxtaqlı davranmış, danışıqlar masasını tərk etməmiş, siyasi iradə nümayiş etdirmişik. Siyasi yol işə yaramayınca, siyasi-hərbi üsluba keçmişik, o yaramayanda hərbi yola vadar olmuşuq, qalib gəldikdən sonra isə yenidən siyasi üsluba üstünlük vermişik. Əslində, 10 noyabr 2020-ci ildən sonra Ermənistan deyilən buraxma dövlət öz öhdəliklərini yerinə yetirsəydi, dünya erməniliyi farağat dursaydı, əliqanlı separatçılar, terrorçular dəf olub getsəydi, nə 3 il gözləməyə, nə də 20 sentyabrdakı bir sutkalıq antiterror tədbirlərinə ehtiyac qalmazdı. Bir halda ki belə oldu, o zaman bundan sonrasını fikirləşmək lazımdır. Ermənistanın başbilənləri, Ermənistanı 105 il öncə qondaranlar, onu 9 min kvdarat km-dən 29 min kvadrat km-ə çatdıranlar, konkret olaraq sülhməramsızlar fikirləşməlidir ki, bizimlə normal davranmaq zorundadırlar. Xankəndidəki qondarma rejim özünü buraxan kimi, İrəvanda qondarılmış dövlət də özünü buraxmaq, bayrağı dirəkdən endirmək zorunda qala bilər. Demişik: Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir!

Yuxarıda saydığımız şəhər adlarının bir bölümü Qarabağla bağlı danışıqları ehtiva edir. Biz düz dünyaya duyurmuşuq: Qarabağ bizim daxili işimizdir, daxili işimizi xarici işlər müstəvisinə daşımaq, kimlərisə muhatab qalmaq lüksümüz yoxdur. Lakin Ermənistan-Azərbaycan danışıqları baxımından istənilən xoşməramlı, qərəzsiz təşəbbüsə normal yanaşırıq.

Yoxsa, adama deyərlər:

ATƏT-in Minsk qrupusuz – özünüzü qətiyyən doğrultmamısız və keçmişsiz;

Avropa Parlamentisiz – biz sizin üzvünüz deyilik, qarşınızda öhdəliyimiz yoxdur və hər bəndi anti-Azərbaycan mövqeyinin nümayişi olan bəlli qətnamənizi rədd edirik. Biz Qarabağda etnik təmizləmə aparmırıq, mina təmizliyi aparırırq; biz Qarabağda etnik təmizliklə yox, narkoktik plantasiyalarının təmizliyi ilə məşğuluq. Siz başqa dövlətin torpaqlarına mina basdırmağı, mina qurbanlarının sayının daha çox olmasını, habelə narkotik becərməyimi müdafiə edirsiz?.. Mədəni Avropa budurmu?

Rusiya sülhməramsızısız – 2025-ci ili gözləmədən öz ölkənizə dönməyiniz alternativlərin ən doğrusudur;

status arayan başqa bir yadellisizsə – status gorbagor olub – bunu böylə biləsiz!..

Bəli, Təl-Əviv, Qəzza, Moskva, Kiyev, Tehran, Qranada, Naxçıvan, İrəvan, Tiflis yazdıq. Yuxarıda vurğulamadığımız şəhərlərə, ölkələrə də vurğu edək:

Tehran – Zəngəzur dəhlizinin yeni marşurutunun razılaşdırılması ilə rəsmi Tehran öz qabığına çəkilmiş kimi görünür; əslində, Zəngəzur dəhlizinin yeni marşurutu üçün müvafiq təməlatmalar, razılaşmalar vİranın “qırmızı cizgi” bağırtısının nə qədər məzmunsuz olduğunu, Fars-Molla rejiminin prinsipsizliyini bir daha göstərmiş oldu.

Qranada – İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən (1492-ci ilə kimi Qranada Əmirliyinin paytaxtı olmuş) bu şəhərə getməyən Azərbaycan Prezidenti çox doğru hərəkət etdi. (Orada Avropa Birliyi, bu Birliyin əsas dövlətləri sayılan Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulmuşdu).

2014-cü il aprelin 24-də Praqada (dövlət və hökumət başçılarının iştirakı ilə) “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın o vaxtkı Prezidenti Serj Sarksiyan Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirincə, Azərbaycan Prezidenti bu tarixi sözləri demişdi: “BU MASA ARXASINDA TÜRKİYƏ NÜMAYƏNDƏLƏRİ YOXDUR, ANCAQ MƏN BURADAYAM”! – Ermənistanın içüzünü faktlarla açıb-tökən İlham Əliyev bu dəfə Qranadada 5 oktyabrda təşkil olunan – amma TÜRKİYƏNİN İSTƏNMƏDİYİ MASAda müzakirədən imtina etdi! – Ermənistanla Azərbaycan arasında normallaşma, barış arayışları masasında Fransa, Almaniya varsa, Türkiyə niyə olmasın?!. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel bundan sonra masanı ya üçlü tərkibdə sabitləşdirməli ya da Türkiyənin (və hətta Macarıstanın) iştirakını da planlaşdırmalıdır.

Qalib ölkə ilə müzakirələrdə heç kim şərt irəli sürməməli, hər kəs uyumla danışmağı öyrənməlidir!

Münasibətləri, işbirliyi günbəgün yeni zirvələrə səhnə olan Azərbaycanla qardaş Türkiyənin liderlərinin Naxçıvanda 25 sentyabrdakı görüşü, kiçik torpaqdan böyük Türk dünyasına və bütün dünyaya verilən ismarıclar başqa bir hadisədir. “Şuşa Bəyannaməli” sarsılmaz qardaşlığımız Füzuli, Zəngilan, Cəbrayıl... Naxçıvan səfərləri, rəsmi qarşılanma törənləri, oralarda imzalanan sənədlər, verilən ismarıclarla daha da güclənir, qüvvətlənir! Zəngəzur dəhlizinin Zəngilan və Naxçıvan hissələrində birlik-bərabərlik nümayiş etdirən Prezident Əliyevlə Prezident Ərdoğanın qardaşlığı, Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir, rəhnidir! Zəngəzur dəhlizi nəinki olmayacaq, nəinki gecikəcək, tam tərsinə şaxələnəcək, böyüyəcək və mümkün olan ən qısa zaman içində işə düşəcək.

Torpaqlarımız işğal altında olarkən əsas tranzit ölkəsi konumundakı Gürcüstanla da işbirliyimiz güvənli şəkildə davam və inkişaf edir. Azərbaycan Prezidentinin Tiflisə növbəti səfəri, orada verilən ismarıclar, imzalanan sənədlər Azərbaycanın Güney Qafqazdakı aparıcı rolunu bir daha təsdiq etdi. Prezident Əliyevin “Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi” sözü Qafqazda sülhün, işbirliyinin üfüqünü nişan verir... Gözü uzaq-uzaq ellərdə alma-armud dərən rəsmi İrəvan gözünü özünə yığsa, sözünə, özünə çəki-düzən versə yaxşı olar. – Özü üçün... Bizimçün onsuz da yaxşı olacaq! Bizim sözümüz imzamız qədər keçərlidir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR