İnsanlara hürriyət, millətlərə istiqlal!

İdxal inflyasiyası - Azərbaycanın hədəfləri, görülməli işlər

1028 12.01.2023 14:39 İqtisadiyyat A A

Ekspertlər “yerli istehsalı genişləndirmək əsas hədəf olmalıdır” deyirlər...

Prezident İlham Əliyev yanvarın 10-da televiziyalara müsahibə verərkən ölkənin iqtisadi-sosial durumunu da şərh edib, atılan və atılacaq addımlardan danışıb. Prezident deyib ki, minimum əmək haqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əmək haqqı artıq 345 manata çatıb: “Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”.

Dövlət başçısı qeyd edib ki, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq: “Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Dünya üçün bu böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir.

İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir".

Azərbaycandakı inflyasiyanın idxal edilmiş inflyasiya adlandıran dövlət başçısı deyib: “Biz, əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.

Qeyd edək ki, Azərbaycan hökuməti birmənalı olaraq ölkədə ötən il kəskin sürətlənən inflyasiyanın əsas hərəkətverici qüvvəsinin xarici amillər olduğunu bəyan edir. Bildirilir ki, bu amillər arasında ən böyük paya ərzaq qiymətləri malikdir. Azərbaycan Mərkəzi Bankı 2023-cü ildəki pul siyasəti sənədində qeyd edir ki, ölkə əhalisi inflyasiyanın bu il də davam edəcəyi fikrindədir. Qurum 2023-cü il üzrə Azərbaycanda gözlənilən inflyasiya səviyyəsinə dair proqnozlaşmadan yayınıb. Siyasət sənədində qeyd olunur ki, geosiyasi gərginlik fonunda növbəti ildə də qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən əsas amillərdən biri olacaq. 2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq: “Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək. Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcək və bu proses gözlənildiyindən daha uzun çəkə bilər”.

Göründüyü kimi, Mərkəzi Bank ölkədə inflyasiyanın azalması prosesini yaxınmüddətli dövrdə real saymır. Halbuki 2022-ci ilin 9 ayında qlobal ərzaq qiymətlərinin azalması fonunda Azərbaycanda inflyasiyanın yavaşımaması, əksinə, daha da sürətlənməsi maraq doğurur.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

 Rəşad Həsəno

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın istehlak bazarı idxaldan kifayət qədər asılıdır. Bu da xarici şoklara, o cümlədən qiymət bahalaşmalarına davamlılığa mənfi təsir göstərən faktordur: "Bu asılılıq özünü 2022-ci ildə sərt şəkildə büruzə verdi. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, burada digər faktorların da rolu az deyil. Azərbaycan bazarı liberal bazar deyil, burada inhisarçı meyllər, kartel sövdələşmələrinin baş verməsi halları tez-tez müşahidə olunur. Təklif  istiqamətində rəqabətin zəif  olması qiymət artımlarının Azərbaycan bazarında daha sərt şəkildə əksini tapmasına şərait yaradır. Düşünürəm ki, bunun qarşısını almaq üçün Azərbaycan hökuməti bazar iqtisadiyyatını zəncirlərdən azad etməlidir. Çünki bazar iqtisadiyyatı Azərbaycan Konstitusiyasında təsbit olunsa da, reallıqda tam tətbiq edilmir. Digər tərəfdən, hökumət idxal inflyasiyasının qarşısını almaq üçün əlindəki alətlərdən vaxtında və effektiv istifadə etmədi. İnkişaf etmiş ölkələrin təcrübəsində biz gördük ki, hökumətlər vergi-rüsum azadolmaları, subsidiyalaşma və sair alətlərlə çevik şəkildə inflyasiyanın sürətini azaltmağa nail oldular. Azərbaycanda bu alətlərdən yetərincə istifadə edilmədi, azsaylı addımlar ilin sonlarında - büdcə prosesində atıldı. Nəticədə, 2022-ci ilin üçüncü rübündə inflyasiya bütün dünyada zəifləməyə başlasa da, Azərbaycanda bunu müşahidə etmədik". 

R.Həsənova görə, Azərbaycan hökuməti yaxınmüddətli dövrdə real bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə hazırlaşmır: “Yerli istehsalın inkişafı hər bir ölkədə hökumətlərin ən başlıca vəzifəsidir. Bizim kimi sərvət ölkələri üçünsə bu, son dərəcə vacib amildir. Bu baxımdan, biz çox gecikmişik. Təəssüf ki, 2023-2026-cı illərə dair inkişaf strategiyasında da biz bu istiqamətdə ciddi dəyişikliklərin planlaşdırıldığını görmürük. Bu isə o deməkdir ki, iqtisadiyyatın zəif şaxələnməsinin yaratdığı fəsadları növbəti illərdə də əhali öz üzərində hiss edəcək. Əlbəttə, əgər iqtisadiyyatın sürətli islahatlarla real bazar prinsiplərinə keçirilməsi, neft-qazdan kənar sahələrin dayanıqlı inkişafı üçün real və təsirli addımlar atılmasa”...

Vüqar Bayramov: “Dövlət Proqramı qayıdış prosesinin daha da sürətlənməsinə  şərait yaradacaq”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov deyir ki, 2022-ci ildə inflyasiya bütün dünyada ciddi problemə çevrilib: “Yüksək inkişaf etmiş ölkələrdə son 40 ildə görünməyən səviyyədə inflyasiya qeydə alındı. Dünyada idxal etməyən ölkə yoxdur: bütün ölkələr hansısa məhsulu satır, digərini alır və sair. Azərbaycan üçün əsas hədəf idxaldan asılılığı aradan qaldırmaq, yerli istehsalın genişləndirilməsidir. Xüsusilə də ərzaq təminatında idxaldan asılılığın aradan qaldırılması zəruridir. Ukrayna müharibəsi başlayanda hökumət qlobal bazarlardakı proseslərin ölkənin istehlak bazarına təsirini önləmək üçün preventiv addımlar atdı: əsas ərzaq məhsulları, onların xammalının ixracı məhdudlaşdırıldı, ərzaq ehtiyatlarının yaradılması üçün sahibkarların xərclərinin bir qismi subsidiyalaşdırıldı, bəzi məhsulların idxalı və satışı vergi-gömrük rüsumlarından azad olundu. Lakin bunlar qısamüddətli addımlardır və uzunmüddətli dövr üçün bizim əsas prioritetimiz yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın minimuma endirilməsidir. Bu istiqamətdə strategiyanın ilk hədəfi əsas ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsidir. 2023-cü ildə Azərbaycanda aqrar istehsalın subsidiyalaşdırılmasına yönəldiləcək vəsaitlərin həcmi 20 faizə yaxın artırılıb. Düşünürəm ki, bu, orta və uzunmüddətli dövr üçün əsas strategiya, yanaşmadır. Növbəti illərdə bu strategiya ərzaq məhsulları idxalının xeyli dərəcədə azalmasına gətirib çıxara bilər”.

Qlobal səviyyədə gedən proseslər Azərbaycanın əsas gəlir mənbəyi olan neftin enerji bazarındakı hegemon rolunun sona çatmaqda olduğunu göstərir. Artıq bu ildən etibarən qara qızılın qiymətində eniş dövrü başlayır və onun dönməz xarakter daşıyacağı analitik mərkəzlərdə şübhə doğurmur. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) hesab edir ki, 2024-cü ildə “Brent” markalı etalon neftinin bir barelinin orta qiyməti 77,57 dollar, WTI markalı neftin qiyməti isə 71,57 dollar olacaq.

EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu da aşağı salıb. Qurumun hesablamalarına əsasən, 2023-cü ildə “Brent” neftinin ortalama qiymətinin 83,1 dollar səviyyəsində olacağı ehtimal olunur. Bu, əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 9,26 dollar azdır. Proqnoza əsasən, WTI markalı neftin ortalama qiyməti cari ildə 77,18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricidən 9,18 dollar azdır.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100,94 dollar (öncəki proqnoz 101,48 dollar), WTI-ın isə 94,91 dollar (ötən proqnoz 95,22 dollar) təşkil edib(APA).

Göründüyü kimi, Azərbaycanın yerli istehsalı genişləndirmək, iqtisadiyyatı bir məhsul üzərindən çıxarmaq üçün vaxtı sürətlə azalır...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR