İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqşünasdan Avropa Məhkəməsinin qərarına etiraz: “Sübutlar olmalıdır”

807 20.06.2026 14:20 Siyasət A A

"Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı hüquqi baxımdan ciddi suallar doğurur. Əvvəla Azərbaycan beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmət edən dövlətdir. Lakin AİHM-in bu iş üzrə sübutların qiymətləndirilməsi və dövlət məsuliyyətinin müəyyən edilməsi ilə bağlı yanaşması hüquqi baxımdan mübahisəli məqamlar ehtiva edir".

Bu fikirləri Musavat.com-a hüquqşünas Polad Mehdiyev bildirib. Hüquqşünas diqqətə çatdırıb ki, ilk növbədə hadisənin beynəlxalq silahlı münaqişə şəraitində, aktiv döyüş əməliyyatları zamanı baş verdiyini nəzərə almaq lazımdır:

“Bu kimi hallarda faktların sonradan tam və dəqiq müəyyən edilməsi olduqca mürəkkəb olur. AİHM-in öz təcrübəsində də qəbul edilir ki, məhkəmə nəticələrə “ağlabatan şübhədən kənar” (beyond reasonable doubt) səviyyəsində gəlməlidir. Bu qənaət isə kifayət qədər güclü, aydın və bir-birini tamamlayan sübutların məcmusuna əsaslanmalıdır. Təqdim olunmuş foto, video və şahid ifadələrinin bir hissəsinin dolayı xarakter daşıdığı şəraitdə dövlət nümayəndələrinin konkret hərəkətlərdə iştirakının hansı sübutlarla təsdiq edildiyi mühüm hüquqi sual olaraq qalır.

Digər mühüm məsələ dövlət məsuliyyəti ilə fərdi məsuliyyət arasındakı fərqdir. Beynəlxalq hüquqa görə hər hansı hərbi qulluqçunun qanunsuz hərəkəti avtomatik olaraq dövlət siyasəti kimi qiymətləndirilmir. Bu yanaşma, xüsusilə də BMT-nin Beynəlxalq Hüquq Komissiyası tərəfindən hazırlanmış və beynəlxalq hüquqda geniş qəbul edilmiş “Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərə görə məsuliyyəti haqqında Məqalələr”də öz əksini tapıb. Dövlət məsuliyyətinin yaranması üçün həmin əməlin dövlətə aid edilə bilməsi (attribution) hüquqi cəhətdən sübuta yetirilməlidir. Buna görə də hətta bu kimi hər hansı hadisə baş versə belə, fərdi hərbi qulluqçuların mümkün qanunsuz davranışı ilə dövlətin rəsmi siyasəti arasında aydın hüquqi fərq qoyulmalıdır”.

Polad Mehdi: “Ermənistanın mina xəritələrini hələ də Azərbaycana verməməsi  beynəlxalq hüquq pozuntusudur” - Soydaş

P.Mehdiyev qərarda media materiallarına istinad edilməsinin ayrıca hüquqi müzakirə mövzusu olduğu qənaətindədir:

“Avropa İnsan Hüquqları Konvensiyası və AİHM təcrübəsi media məlumatlarının sübut kimi istifadə olunmasını istisna etməsə də, jurnalist reportajları və televiziya süjetləri özlüyündə rəsmi dövlət mövqeyi hesab edilmir. Belə materiallar əlavə məlumat mənbəyi ola bilər, lakin dövlət məsuliyyətinin müəyyən edilməsinin əsasını təşkil edən birbaşa və mübahisəsiz sübutları əvəz edə bilməz. Xüsusilə də hərbi münaqişə şəraitində yayımlanan materialların etibarlılığı və obyektivliyi ayrıca yoxlanılmalıdır.

Bundan əlavə, hadisə beynəlxalq humanitar hüququn tətbiq olunduğu şəraitdə baş verib. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarına əsasən hüquq normalarının pozulmasına görə konkret dövlətin məsuliyyətinin müəyyən edilməsi üçün hadisənin bütün faktiki halları dəqiq araşdırılmalı və sübut olunmalıdır. Döyüş bölgəsində beynəlxalq müşahidəçilərin olmaması, hadisə yerinə çıxış imkanlarının məhdudluğu və sonradan əldə edilmiş məlumatların xarakteri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) və 3-cü maddəsi (işgəncələrin və qeyri-insani rəftarın qadağan olunması) ilə bağlı hər hansı pozuntu iddiası yüksək sübut standartları əsasında qiymətləndirilməlidir. Dövlət məsuliyyəti yalnız dolayı məlumatlara, media materiallarına və ehtimallara müəyyən edilə bilməz, etibarlı, birbaşa və hüquqi baxımdan kifayət qədər güclü sübutlara əsaslanmalıdır”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR