Bir çox insan yuxuya gedərkən və ya gecə qəfil oyandıqda sanki hündürlükdən düşürmüş kimi hiss etdiyini bildirir. Mütəxəssislər bu halın əksər hallarda ciddi xəstəliklə əlaqəli olmadığını qeyd edirlər.
Tibbdə bu vəziyyət "hipnik sıçrayış" (hypnic jerk) adlanır. Bu zaman insan yuxuya keçid mərhələsində qəfil əzələ yığılması yaşayır və sanki boşluğa düşürmüş kimi hiss edərək diksinib oyanır.
Mütəxəssislərin sözlərinə görə, bu hal daha çox stress, yorğunluq, yuxusuzluq, nizamsız yuxu rejimi və həddindən artıq kofein qəbulu ilə əlaqəli ola bilər.
Qeyd edilir ki, hipnik sıçrayışlar əhalinin böyük hissəsində zaman-zaman müşahidə olunur və əksər hallarda sağlamlıq üçün təhlükə yaratmır.
Bununla belə, əgər bu hisslər tez-tez təkrarlanırsa, yuxu keyfiyyətini pozursa və ya huşun itməsi, qıcolma, ürəkdöyünmə kimi digər əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək tövsiyə edilir.//Milli.Az






