İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin film kimi qərarı - onlara bu qədər pul veriləcək

803 15.01.2025 10:18 Mədəniyyət A A

Şeyx Əbdül: “Sovet dövründə kinofilmlər keyfiyyətinə  və səviyyəsinə görə kateqoriyalara bölünürdü, indi isə...”

Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarına dəyişiklik edilib.

Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına 10 nömrəli əlavə - “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” Mədəniyyət Nazirliyi tərəfindən yeni redaksiyada hazırlanıb və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib.

Qeyd edək ki, filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların miqdarının denominasiyadan sonrakı məbləğlərə uyğunlaşdırılması zamanı istehsal olunan audiovizual əsərlərin diversifikasiyası şəraitində fərqli təcrübə və biliklər, mədəniyyət sahəsindəki nailiyyətlər, peşəkarlıq və yaradılacaq əsərlərin mürəkkəbliyi əsas götürüləcək. Bundan əlavə, müəlliflərin ədalətli mükafatlandırılması, müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlərin müasir tələblərə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək.

Bəs yeni qərarın əhəmiyyəti nədən ibarətdir?

Mütəxəssislər qeyd edir ki, yeni qərar müəlliflərin ədalətli mükafatlandırılmasını təmin etməyi hədəfləyir. Bu, yaradıcı şəxslərin zəhmətinin düzgün qiymətləndirilməsi və onların əməklərinin qarşılığını alması baxımından əhəmiyyətlidir. Ədalətli qonorar sistemi yaradıcıların motivasiyasını artıraraq daha keyfiyyətli əsərlərin ortaya çıxmasına təkan verir.

Həmçinin müəllif qonorarlarının və haqlarının müasir tələblərə uyğunlaşdırılması, kinofilmlərin istehsal prosesində beynəlxalq standartların tətbiqini təmin edir. Bu dəyişikliklər, xüsusilə audiovizual əsərlərin müxtəlifliyini artırmaq və beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsullar yaratmaq üçün vacibdir.

Qonorar miqdarının müəyyənləşdirilməsində peşəkarlıq səviyyəsi, yaradılacaq əsərlərin mürəkkəbliyi və mədəni nailiyyətlər əsas götürülür. Bu, həm yaradıcıların şəxsi inkişafına, həm də mədəniyyət sahəsində peşəkar səviyyənin yüksəlməsinə səbəb olacaq.

Bundan başqa, yeni qaydalar müxtəlif mövzuları, üslubları və təcrübələri əhatə edən audiovizual əsərlərin istehsalına şərait yaradır. Bu, milli kino sənayesinin zənginləşməsi və mədəni irsin daha geniş spektrdə nümayiş etdirilməsi baxımından önəmlidir.

Şeyx Əbdül: "Bu, tarixi günahımızı yumaq konfransıdır"

Şeyx Əbdül Mahmudov

Mövzu ilə bağlı Xalq artisti, aktyor-rejissor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a danışıb: “Sovet dövründə kinofilmlərin keyfiyyətinə və səviyyəsinə görə kateqoriyalara bölünməsi, o dövrün mədəni siyasətində film istehsalına və yayımına verilən əhəmiyyətin göstəricisi idi. Filmlər birinci, ikinci, üçüncü və dördüncü kateqoriyalara bölünürdü. Bu kateqoriyalar təkcə filmlərin keyfiyyətini deyil, həm də tamaşaçı auditoriyasını müəyyən edirdi. Ən yüksək səviyyəli filmlər birinci kateqoriyaya aid edilirdi. Bu filmlər, adətən, yüksək bədii keyfiyyətləri və milli ideologiyanı təbliğ etməsi ilə seçilirdi. İkinci kateqoriya da kifayət qədər yaxşı səviyyəli hesab olunurdu, lakin birinci ilə müqayisədə müəyyən çatışmazlıqlar olurdu. Üçüncü və dördüncü kateqoriyalara aid edilən filmlər isə adətən daha zəif səviyyəli və geniş auditoriyaya çatmayan əsərlər idi. Tamaşaçı auditoriyası da bu kateqoriyalara uyğun olaraq formalaşırdı. Bəzi filmlər daha çox elitar təbəqəyə xitab edirdi, yəni onların məzmunu, bədii üslubu və ideyası yalnız müəyyən təbəqə tərəfindən anlaşıla bilirdi. Kütləvi auditoriya üçün nəzərdə tutulan filmlər isə daha sadə məzmunlu və geniş izləyici kütləsinə xitab edən əsərlər olurdu.

Bu gün qəbul edilən yeni qərar, müəllif qonorarlarının minimum miqdarının müəyyən edilməsi və verilmə qaydalarının yenidən tənzimlənməsi, keçmişdən gələn bu təcrübənin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına imkan verir. Müəlliflərin ədalətli qiymətləndirilməsi, filmlərin yaradıcılarına göstərilən dəstəyin artması və onların əməyinin layiqincə dəyərləndirilməsi bu qərarın əsas məqsədlərindəndir.

Bundan başqa, yeni qərar audiovizual əsərlərin keyfiyyətinin yüksəlməsinə və daha çox yaradıcı fərdin milli kino sənayesinə cəlb olunmasına şərait yaradacaq. Keçmişdə olduğu kimi, bu gün də yüksək keyfiyyətli filmlər fərqləndirilərək yaradıcılarına daha yüksək qonorar verilə bilər. Bu, həm də yaradıcı şəxslərin motivasiyasını artıracaq və onların daha mürəkkəb, daha innovativ əsərlər yaratmasına təkan verəcək.

Bu qərar yalnız müəlliflərin mükafatlandırılması ilə məhdudlaşmır, eyni zamanda milli kinonun beynəlxalq arenada daha rəqabətli olmasına şərait yaradır. İstehsal olunan filmlərin keyfiyyətinə uyğun olaraq fərqli yanaşmaların tətbiqi, müxtəlif mövzuların və janrların işıqlandırılması, həm milli, həm də qlobal mədəniyyətin zənginləşməsinə töhfə verəcək.

Beləliklə, keçmişin ənənələrindən bəhrələnərək qəbul edilən bu qərar milli kino sənayesinin inkişafına, yaradıcı şəxslərin rifahına və ümumilikdə mədəni irsin qorunub saxlanılmasına mühüm töhfə verəcək. Bu, təkcə kino sahəsi üçün deyil, həm də mədəniyyət siyasəti üçün strateji əhəmiyyətə malikdir".

Fehruz Şamiyev: “Mənə elə gəlir ki, bizdə kinonun inkişafına mental  məsələlər imkan vermir.” 1905.az

Fehruz Şamıyev 

Rejissor, prodüser Fehruz Şamıyev isə qeyd edib ki, yeni qərar milli kinomuzda uzun sürən narahatlığı aradan qaldırıb: “Məsələnin kökündə duran problem bu idi ki, dövlət sifarişi ilə istehsal olunan filmlərdə müəlliflərə ödənilən qonorarların maksimal məbləği köhnə qiymətlərlə hesablanırdı. 2006-cı ildə Azərbaycan manatında dəyişiklik oldu və sıfırlar silindikdən sonra yeni manat dövriyyəyə girdi. Sonradan 2015-ci ildə manat devalvasiyaya uğradı. Amma bununla belə, kino sahəsində müəlliflərə ödənilən qonorarların məbləği ilə bağlı məsələ problem olaraq qalırdı. Bəstəkar, ssenarist, rejissora ayrılan vəsait qanunla indiki bazar qiymətlərinə qətiyyən cavab vermirdi. Bildiyim qədəri ilə Maliyyə Nazirliyi bu məsələ ilə bağlı müxtəlif vaxtlarda bu mövzunu gündəmə gətirib, uyğunsuzluğun olduğunu vurğulamışdı. Nazirlər Kabinetinin göstərilən 38 nömrələ edilən düzəliş indi müəlliflərə daha böyük üstünlük verir. Belə ki, düzəlişə əsasən artıq minimum məbləğ təsdiq olunub. Bu da o deməkdir ki, istehsalçı ilə müəllif arasında bağlanan müqavilədə qonorar qarşılıqlı razılaşma əsasında istənilən qiymətə ola bilər. Yəni burada konkret hədd yoxdur. Qanunun əvvəlki variantında bu məsələ konkret rəqəmlə göstərilmişdi. İndi isə istehsalçı müqavilə bağlamaqda sərbəstdir və hansı məbləğdə qonorar ödəyəcəyinə özü qərar verir.

Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Kino Agentliyi və digər qurumlar müxtəlif vaxtlarda Nazirlər Kabinetinə müraciət etdilər. Düşünürəm ki, dövlət sifarişli filmlərin istehsalında bu məsələ bir çox şübhələri, narahatlığı aradan qaldırdı".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR