İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətdən mühüm QƏRAR - heyvan ətinin maya dəyəri 2,5 manatadək azalacaq

2735 22.06.2022 11:12 İqtisadiyyat A A

Nazirlər Kabinetinin qərarı ilə “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib.

Musavat.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarda deyilir:

-Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484, № 9, maddə 1222; 2021, № 10, maddə 1196) ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “onlara baytarlıq şəhadətnamələrinin” sözləri “heyvanlara identikləşdirmə haqqında şəhadətnamələrin” sözləri ilə əvəz edilsin.
2. 1.6-cı bəndə “tərəfindən” sözündən sonra “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə” sözləri əlavə edilsin.

3. 1.7-ci bənddə “daxil edilir” sözləri “real vaxt rejimində ötürülür” sözləri ilə əvəz edilsin.
4. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “2.1. Heyvanların identikləşdirilməsi onlara fərdi və ya qrup halında identikləşdirmə nömrəsinin və identikləşdirmə haqqında şəhadətnamənin verilməsindən ibarətdir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq fərdi qaydada və ya qrup halında nişanlanmalıdırlar".

5. 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərdə “birkalanması (nişanlanması)” sözləri “nişanlanması” sözü ilə əvəz edilsin.

6. 2.3-cü bənddə “birkalar (nişanlar)” sözləri “nişanlar” sözü ilə əvəz edilsin.

7. 2.6-cı bənddə “baytarlıq pasportunun” sözləri “identikləşdirmə haqqında şəhadətnamənin” sözləri ilə əvəz edilsin.

8. 2.7-ci, 2.8-ci və 2.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin: “2.7. Kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində nişanlanmalıdırlar. İribuynuzlu və xırdabuynuzlu heyvanların və donuzların nişanlanması hər iki qulağına birka, təkdırnaqlı heyvanların, dəvələrin və qulaq seyvanı kiçik olan xırdabuynuzlu heyvanların nişanlanması mikroçip, quşların nişanlanması isə qrup halında onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçirilir. 2.8. Birkaların təsviri, mikroçiplərin spesifikasiyası Agentlik tərəfindən müəyyən edilir. 2.10. Kənd təsərrüfatı heyvanlarının nişanlanmasının yekunu olaraq, dövlət baytarlıq müfəttişi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə identikləşdirmə haqqında şəhadətnamə tərtib edir və həmin şəhadətnamə heyvan sahibinə verilir. Heyvanların identikləşdirilməsi haqqında şəhadətnamənin nümunəsi və şəhadətnaməyə daxil edilməli olan məlumatların siyahısı Agentlik tərəfindən müəyyən edilir.”
*
Beləliklə, qərarın qısa xülasəsi olaraq, NK-nın tətbiq etdiyi yeni qaydalara görə;

- Baytarlıq pasportunun alınması tələb olunmayacaq;
- Hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq;
- “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda nəzərdə tutulan başqa dəyişikliklər isə xərclərin daha 5 manat azalda bilər;
- Dəyişikliklər heyvan ətinin maya dəyərini azaldacaq: 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşəcək. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq və s.

NK-nın qərarının şərhi belədir ki, heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib. Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.

Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulmuşdu.

Dəyişiklik nəticəsində hər bir heyvana görə batarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcəkdir.

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcəkdir.

Bundan əlavə, əldə etdiyimiz məlumata əsasən, hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaqdır.

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.
Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR