İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

811 02.05.2023 18:51 Gündəm A A

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrində, o cümlədən səhiyyə sahəsinin inkişafı, onun yenidən qurulmasındakı xidmətlərini bir daha qeyd etmək hər birimizin borcudur.

Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan “Yeni Klinika”nın direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayevin Musavat.com-a təqdim etdiyi məqalədə qeyd olunur.

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

Məqalədə daha sonra deyilir: “1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal aldı.

Bu kimi tədbirlərin Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. Ulu Öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olduqdan sonra SSRİ-nin səhiyyə sisteminə də nəzarət edirdi və Sovet İttifaqının yüksəkrütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, onların diqqətini Azərbaycana cəlb etməklə Azərbaycan səhiyyəsinin inkişafına zəmin yaradırdı.

Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin dahi siyasəti nəticəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında imzalanan Əməkdaşlıq Proqramına uyğun olaraq, uşaq ölümünün digər bölgələrə nisbətən yüksək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da böyük uğurlar əldə olundu.

2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan Hərbi-tibb fakültəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakültənin məzunları olan qəhrəman həkimlərimiz yüzlərlə əsgərin həyatını xilas etdiyinin şahidi olduq.

Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR