İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç vaxt bağışlanmayacaq qiyamçının son uçuşu

3704 31.07.2023 16:47 Yazarlar A A

Riyakarlıq etməyin, yalandan ona “şəfa diləməyin” və ya “Allah o dünyasını versin” deməyin yeri yoxdur. Fakt budur ki, bu ölkədə yüz minlərlə, bəlkə də milyonlarla adam onun ölümünü istəyirdi.

Surət Hüseynovun ölümünü istəməklə insanlar təkcə ona ilahi cəza istəmirdilər, eyni zamanda fərqinə varırdılar ki, onunla eyni vaxtda eyni ölkədə yaşamaq necə ağırdır. Hər dəfə 4 iyun qiyamının ildönümündə insanlar düz bir ay boyunca onun fiziki mövcudluğuna təhəmmül edə bilmirdilər.

Çünki onun əli öz xalqının igid oğullarının qanına batmışdı – özü də dirsəyinə, çiyninə qədər.

1992-ci ilin iyununda seçki yoluyla Azərbaycan prezidenti seçilmiş, növbəti seçkilərdə xalqdan səs almayacağı təqdirdə vəzifəsini müqavimətsiz təhvil verəcəyi şübhə doğurmayan Əbülfəz Elçibəyin hərbi qiyamla devrilməsini bəlkə də ona necəsə bağışlamaq olardı, amma prezident qvardiyasının gənc və igid əsgərlərinin avtobusda xaincəsinə gülləboran edilib qətlə yetirilməsini əsla və heç zaman nə Surətə, nə onun silahdaşlarına bağışlamaq olmaz.

Ona görə də, açığı, hələ komada olan Surətin yaxın vaxtlarda həyatını itirəcəyi təqdirdə, onun əməllərinin zərərçəkənlərindən kimlərinsə dediyi, yazdığı “Allah rəhmət eləsin” diləyi heç də səmimi olmayacaq, dilucu və sözgəlişi olacaq. Yezidə rəhmət oxuyan varmı? Yoxdur. Niyə? Günahı bəllidir. O, qol qoyduğu cinayətə görə 1350 ildən çoxdur, bağışlanmır. Surət də heç vaxt bağışlanmayacaq.

Ayrıca bu şəxs Azərbaycanı 40 illiyini geri salıb. Ölüm-zülüm, böyük qurbanlar hesabına demokratik bir düzən qurulmuşdu, bir-iki seçkidən sonra respublikda hökumətlərin tamamilə seçki yoluyla, dinc mexanizmlərlə müəyyənləşdiyi sistem bərqərar olacaqdı, S.Hüseynovun rəhbərlik etdiyi qiyamçılar və revanşistlər o sistemi rüşeyminə qədər, köklü-köməcli dağıtdılar.

4 iyun qiyamı olmasaydı, bəlkə də indiyədək ölkədə hakimiyyətə iddialı bütün siyasi qüvvələr azı bir dəfə iqtidarda olub, müxalifətə keçmiş olardılar. Əl-əlbət, yeni nəsil siyasətçilər liqası formalaşacaqdı və ölkə indiki halında olmayacaqdı.

Surətin Qarabağ cəbhəsindəki xəyanətləri olmasaydı, öz ölkəsini və dövlətini arxadan xəncərləyərək düşmənin irəliləməsinə şərait yaratmasaydı, 5 rayonumuz ard-arda işğal olunmayacaq, 500 mindən artıq qarabağlı və zəngəzurlu məcburi köçkün dədə-baba yurdundan didərgin düşməyəcəkdi.

Onun bu ölkəyə, xalqa vurduğu maddi ziyanın rəqəmlərini kalkulyatorla belə hesablamaq mümkün deyil. Ölkəni vətəndaş müharibəsi astanasına gətirən adamdır o.

Bəs o, xalqına, ölkəsinə qarşı etdiyi bu boyda pisliklərin qarşılığında nə qazandı. Lənətdən başqa heç nə. Bir də onun “qazancı” 10 illik türmə iztirablar oldu. 1 il dörd ay formal olaraq baş nazir postu tutan, heç bir səlahiyyəti olmayan, yalandan işə gəlib-gedən biri oldu, bu durumuna dözməyib qımıldanmaq istəyəndə başçılıq etdiyi bandit dəstəsini gecəylə darmadağın etdilər. Özü aradan çıxıb Rusiyaya sığınsa da, bir müddətdən sonra oradan da qolu bağlı həbəş qullar kimi alıb gətirdilər, mühakimə edib ömürlük cəza verdilər.

Onun tərəfdarlarının 5-6-sı heç “qələbə”lərinin iki həftəsini tamam etməmiş bir-birini güllələyib öldürdülər, bir yarısı yeni qiyan cəhdi törədərkən gülləyə gəldi, kənarda qalanı az oldu, əksəriyyətini tutub türməyə doldurdular. İş bununla da bitmədi, bəzilərinin türmədən meyidi çıxdı, eləsi də oldu, xərəkdə, yarımcan vəziyyətdə çıxarıldı.

4 iyun qiyamı onu törədən qiyamçıları xoşbəxt etmədi, əksinə, bədbəxt etdi, ara yerdə xalq da böyük iztirablar, mərhumiyyətlər yaşadı.

İndi bu adamın təyyarədə ürəktutması səbəbindən komaya düşdüyü deyilir. 64 yaşına rəğmən ilk baxışda sağlam görünən bu şəxsin belə bir aqibətlə üzləşməsi böyük ehtimalla həbsxanada çəkdiyi fiziki və psixoloji iztirabların nəticəsidir.

Amma demək olmaz ki, o, bəd əməllərinə görə son 30 ildə xroniki şəkildə vicdan əzabı çəkib. Belə şeylər ona yad idi. Son illərdə verdiyi açıqlamalardan da görünürdü ki, Surət Hüseynov 1993-cü ilin 4 iyununda Gəncədə törətdiyi hərbi qiyama görə peşman deyil, hələ fəxr də edir ki, belə bir iş görüb.

O hərəkətinə görə adamın başına gəlməyən məşəqqət qalmamışdı, amma yenə deyirdi ki, düz eləmişəm.

Bax, o, xalqın yaddaşında, tarix kitablarında bu cür qalacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR