İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç kimdən rüşvət almamışam” - Həbsdə olan hakim danışdı

1056 31.10.2022 16:16 Kriminal A A

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində elə həmin məhkəmənin Mülki Kollegiyasının keçmiş hakimi İlyas Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, İlyas Mahmudov öz iş otağında hazırladığı və Sumqayıt Məhkəməsinin möhürünü basdığı saxta qətnamələri vətəndaşlara satmaqda təqsirli bilinir. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş tərəf kimi tanınıb.

Keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq onların yanında otuzdurulmasına şərait yardadılmasına dair vəsatətlə çıxış ediblər. Hakim vəsatəti təmin edib. Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, İlyas Mahmudov Sumqayıt Məhkəməsinin hakim vəzifəsini tutarkən 2008-2019-cu illərdə icraatında olan bir neçə mülki iş üzrə rüşvət alaraq ədalətsiz qərar çıxarıb. Belə ki, İlyas Mahmudov vətəndaş Həcər Hacıyevanın “Azərişığ”a qarşı borcun silinməsi iddiasını qismən təmin edib. Vətəndaş bunun müqabilində ona 250 manat verib. Müşgünaz Şükürovanın digər şəxsin torpaqdan çıxarılmasına dair iddiasını təmin etmək üçün 1000 manat alıb. Zeynəb İmayevanın digər şəxsə qarşı pul tələbinə dair iddiasını da 3500 manat alaraq təmin edib.

İttihamın əsas hissəsi İlyas Mahmudovun ayrı-ayrı vətəndaşlara əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı çıxardığı qətnamələrlə bağlıdır. Keçmiş hakim 18 vətəndaşa Sumqayıt şəhəri 2 saylı Tikinti Trestində, Karl Marks adına kolxozda, Bakı şəhəri 3 saylı Tikinti Trestində, Sumqayıt şəhəri Rayonlararası Tikinti Trestində, Sumqayıt şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsində, Ağdam rayonu Lenin adına kolxozda və başqa idarələrdə vaxtilə əmək fəaliyyətiylə məşğul olmaları (rəngsaz, xadimə, fəhlə və sair) barədə yalan məlumatlar yazmaqla, hər birinə uzunmüddətli iş stajı qeyd olunmasına əsas verən saxta məlumatlara istinad etməklə qətnamələr çıxarmaqda da təqsirləndirilir. İrəli sürülmüş ittihamlardan biri də bir neçə vətəndaşın əlil olması barədə qətnamələrə aiddir. İttiham aktında qeyd olunub ki, hakim vətəndaş Məhərrəm Məhərrəmovun Müdafiə Nazirliyinə qarşı hüquqi faktın müəyyən edilməsi iddiası üzrə guya həmin şəxsin 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində iştirak edib yaralanmasına dair qətnamə çıxarıb. İttiham aktında göstərilib ki, İlyas Mahmudov yalan məlumatlar daxil etdiyi qətnamələr DSMF-nin Sumqayıt, Abşeron, Zəngilan və başqa şöbələrinə təqdim edilib və icra olunub. DSMF illər ərzində həmin vətəndaşlara müavinət və əmək təqaüdü olaraq cəmi 243 min 441 manat məbləğində ödəniş edib.

Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan etdikdən sonra hakim təqsirləndirilən şəxsə üz tutub.

Hakim:

- Özünüzü ittiham üzrə təqsirli bilirsinizmi?

Keçmiş hakim:

- Əlbəttə ki, yox.

Hakim:

- İfadə verirsizmi?

Keçmiş hakim:

- Mənim ifadəm geniş olacaq deyə, hazır deyiləm, hazırlaşmağa məhkəmədən vaxt istəyirəm,

Hakim:

- Bir neçə saat ərzində hazırlaşa bilərsizmi?

Keçmiş hakim:

- Yox, epizodlar çoxdur, işin həcmi böyükdür, mən ifadəmi həm də yazılı şəkildə təqdim edəcəm.

Bundan sonra proses noyabrın 14-nə qədər təxirə salınıb.

Sabiq hakim İlyas Mahmudov Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR