İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanada 100 yaş

1932 06.05.2022 09:40 Yazarlar A A

Bakının rayonlarından birində xəstəxananın baş həkimini tutublar, məhkəmədə cinayət işi gedir. Həkimin saxta maaş kartları açıb yeyintiyə yol verdiyi bildirilir. Keçən il bu yeyinti 620 min manat elan olunmuşdu, lakin nədənsə keçən ayın sonunda məhkəmədə 300 min manatdan danışılırdı. Ola bilər baş həkimin maaş kartlarını mənimsədiyi bağban, sürücü, katibə, qeydiyyatçı və sairə yoldaşlar atışıb, vəsaitin bir hissəsini hakimə çatdırıblar. Hakimin qarnı yoxdurmu?

Zarafat edirəm, bizdə məhkəmə sistemində korrupsiya olmur. Yeyintinin yarısının buxarlanması isə müddətlə bağlıdır. Molla Nəsrəddinin borc qaytarmaq əhvalatı kimi. Hətta məhkəmə bir qədər uzansa, baş həkim azadlığa çıxardı, qanqaraçılıq olmazdı.

Burada bir haşiyə çıxım. Sözügedən xəstəxana Qaradağ rayonu ərazisindədir, o tərəflər isə adətən çöllük, səhralıq landşaftdır. Bəs görəsən, oradakı xəstəxananın bağban nəyinə lazım imiş? Orada xəstəxanaya sarban - dəvəçi lazımdır. Yəni bağban ştat vahidini vaxtilə qeydə alan başbilənlər guya bunun fırıldaq olduğunu bilmirdilər? Bilirdilər. Ona görə də baş həkim keçən ildən bəri qarnını cırırdı, dəfələrlə deyirdi ki, o vəsaiti təkbaşına yeməyibdir. Qulaq asan olmadı. O cümlədən baş həkimin korrupsiya əməlinə 2009-cu ildə qoşulduğu, 2021-ci iləcən oğurladığı elan edilir. 12 il ərzində dövlətin 600 min manat vəsaiti oğurlanır, heç kim bilmir...

İndi yadıma düşdü, bir neçə il qabaq Ucar rayon xəstəxanasının guya yarım milyon manatdan çox... kağız-dəftərə pul sərf elədiyi ortaya çıxmışdı. Göyçay rayon xəstəxanasında rəsmən narsıxan, Füzuli rayon xəstəxanasında isə qozqıran ştatları məlum olsa, heç təəccüblənmərəm.

Oqtay Şirəliyev müəllimə qəzet vasitəsi ilə salam göndərib keçirəm yazının davamına.

Təbii ki, korrupsiya, yeyinti mənim diqqətimi cəlb edən temalar deyil. Biz buna artıq öyrəncəliyik. Ümid eləyək nəhayət Akif Çovdarov da Metro Tağının 3 milyon dollarını geri qaytarsın. Deyir bugünlərdə ikisi də xəstəxanada üzləşiblər, bir-birinə iynə vurub ayrılıblar. Bəs mən qarabağlı..., üzr istəyirəm, qaradağlı baş həkimin əhvalatına niyə diqqət ayırmışam? Yaxın oturun, maraqlı söhbət var.

Söhbət isə odur ki, baş həkimin nə az, nə çox - düz 85 yaşı vardır və keçən ayın sonunda Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror həkimə 11 il həbs cəzası kəsilməsini istəmişdir.

Uzun sözün qısası, əgər hakim bu cəzanı həkimə versə, o, bir də türmədən 96 yaşında çıxmalıdır. Bəs prokuroru və məhkəmə sistemimizi baş həkimin uzun ömürlülüyünə inandıran əlamət nədədir? Yəqin ki, elə ölkəmizdə səhiyyənin inkişaf etməsində! Hətta cinayətin maddəsində məhdudiyyət imkan vermir, yoxsa hakim həkimə 15 il yamayardı, o da 100 yaşında həbsxanada oturub xarici qəzetlərə intervü verər, Azərbaycanın dünya sağlamlığına töhfələrindən bəhs edərdi. Xarici qəzetlərin mümkün başlıqlarını təsəvvür edib dilxor oluram: “Ən uzunömürlü dustaq Bakıda yaşayır”, “Həbsxanada keçən ömür”, “Hər kəs 100 yaşını türmədə keçirməsə, günah onun özündədir”, “Yüz yaşa, düz yaşama” və sairə... Heyf, cəmi 4 il çatmır. Ancaq elə bu da pis göstərici deyil. Bəlkə Ginnesin rekordlar kitabına düşəcək faktdır.

Dünən Milli Məclisdə pensiya yaşını aşağı salmaq tələbləri irəli sürüldü. Deyir kişilər üçün 60, zənənlər üçün 55 olmalıdır, yoxsa camaat 65-ə çatmamış yıxılır ölür, pensiyası batır.

Boş söhbətdir. Bunların nə xalqdan, nə baş həkimdən xəbəri var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR