İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki icra başçısı cinayətlərini etiraf edir - pulları mənə veriblər!

1047 31.01.2023 19:26 Kriminal A A

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, yanvarın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

İlk olaraq sərbəst ifadə verən Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov bildirib ki, işlədiyi dövrdə Şəmkir şəhər 6 saylı Körpələr evi-uşaq bağçasına 1587 manat dəyərində 30 kub odun verilməsi barədə qaiməyə qol çəksə də, həmin yanacaq təhvil verilməyib:

"Qaiməni Alimpaşa Məmmədovun tapşırığı ilə imzalamışam. Mənə demişdilər ki, sən öz işinlə məşğul ol, heç nəyə qarışma".

Təqsirləndirilən Alimpaşa Məmmədov şahidin ifadəsini təsdiq edib: "Pərviz İbrahimovun dediklərinin hamısını təsdiq edirəm".

Prosesdə əhalinin siyahıya alınması zamanı pul yığılması ilə bağlı ən çox adı çəkilən rayon Statistika şöbəsinin sabiq müdiri Pərvin Gözəlov da ifadə verib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Şahidin sözlərinə görə, əhalinin siyahıya alınması zamanı icra nümayəndələri, bağça müdirləri və digər işçilərdən ümumilikdə 40 min manat pul toplanıb. Həmin pul da icra başçısının müavini Qüdrət Əliyev vasitəsilə Alimpaşa Məmmədova çatdırılıb.

Alimpaşa Məmmədov isə 40 min manatın 15 min manatını əziyyət çəkdiyi üçün Pərviz Gözəlova qaytardığını deyib. Bu vaxt dövlət ittihamçısı ilə sabiq icra başçısı arasında mübahisə olub. Dövlət ittihamçısı əvvəlki ifadəsində 40 min manatın hamısını özünə götürdüyünü deməsini sabiq başçının diqqətinə çatdırıb.

18 ay şəhər Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş, məhkəmədə şahid qismində dindirilən Elşən Quliyev isə bağçaların təminatı üçün ayrılan pulun mənimsənilməsi epizodu üzrə sorğu-sual edilib. Elşən Quliyevin sözlərinə görə, ayrılan pullara bağçalar üçün müxtəlif materiallar almaq üçün ona Alimpaşa Məmmədov tapşırıq verməyib. Prokuror şahiddən düzgün danışmasını tələb edərkən Alimpaşa Məmmədov müdaxilə edərək tapşırığı özü verdiyini deyib:

"Mənə yaxşılıq eləmək istəyir (gülür). Mən tapşırığı vermişəm, ifadəni də təsdiqləyirsən. Elədi, qurtardı getdi!"

Şahid qismində ifadə verən bağça müdirləri isə əhalinin siyahıya alınması zamanı toplanmış pullar barədə danışıblar. Şahidlər siyahıya alınma zamanı toplanan pulların rayon statistika şöbəsinin müdiri Pərvin Gözəlov və icra başçısının müavini Qüdrət Əliyev tərəfindən Alimpaşa Məmmədova çatdırıldığını deyiblər. Ümumilikdə 10-dan artıq bağça işçisi dindirilib və onlar əhalinin siyahıya alınması zamanı ayrılan pulların mənimsənildiyini açıqlayıblar. Alimpaşa Məmmədov ifadələrin doğru olduğunu təsdiqləyib.

Proses fevralın 7-də davam etdiriləcək.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR