İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazırda hansı elmi-kütləvi, mədəni-maarif proqramlarına ehtiyac var?

342 16.03.2022 08:05 Mədəniyyət A A

Aydın Xan Əbilov: “İndi tamaşaçıların da əksəriyyəti intellektual verilişlərə baxmağa meyilli deyil, ona görə də... ”

Azərbaycan yaşadığı 44 günlük müharibədən sonra cəmiyyətimiz üçün daha çox elmi-kütləvi, mədəni-maarif proqramlarına ehtiyac yarandı. Əlbəttə ki, zəfərlə başa vurduğumuz müharibə geridə qalsa da, informasiya müharibəsi davam etməkdədir. Bunun üçün cəmiyyətimizin intellektual səviyyəsi, dünyagörüşü, savadı artmalı, dünyaya daha çox inteqrasiya etməlidir.

Daha bir məsələ, Azərbaycan, Qarabağ, tariximiz haqda həqiqətlər, dəyərlərimiz indi daha çox təbliğ olunmalı, daha səviyyəli şəkildə çatdırılmalıdır.

Bəs hazırda hansı yeni elmi-kütləvi, mədəni-maarif proqramlarına ehtiyac var?

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Sözsüz ki, Azərbaycanın 2020-ci ildəki möhtəşəm 44 günlük qələbəsindən sonra KİV-lər, qəzetlərimiz, o cümlədən televiziya və radiolarımız, internet saytlarımız, yeni media - sosial şəbəkələrdə apardığımız ideoloji informasiya savaşı, yarışı, müharibəsi bir qədər fərqli yön almalı idi. Hərb sənəti, gənclərin hərbi-vətənpərvərlik yolunda tərbiyələndirilməsi, onları hər zaman vətəni qorumaq, torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçməyə həvəsləndirmək, motivasiya vermək kimi ideoloji iş indi fərqli olmalıdır. Beləliklə, televiziyalarda, elektron KİV-lərdə, virtual onlayn mediamızda artıq elmi-kütləvi, mədəni-maarifçilik proqramlarımın hazırlanmasına, yenilənməsinə, dünya standartlarına uyğun qurulmasına böyük ehtiyac var.

Təəssüflər olsun ki, telekanallarımız Azərbaycanda maarifçilik və yeni neo-marifçilik janrında intellektual, estetik səviyyəni yüksəldə biləcək verilişlərə çox az yer ayırır. Ümumi götürəndə tamaşaçıların da əslində bu tip -  mədəniyyət, ədəbiyyat, elmi, intellektual mövzulu silsilə proqramlar, hətta sənədli seriallara baxmağa elə də meyl göstərmədiyi müşahidə olunur ki, bunun özü də bu sahədə boşluq yaradıb".

Ekspert qeyd edib ki, Azərbaycan Avropa ölkələri və yaxud Rusiya, Türkiyə kimi efir mədəniyyətinə malik deyil: “Bizim özünəməxsusluğumuz var. Müstəqillik dövründə  tamaşaçıların zövqünü biz o qədər korlamışıq ki, onların böyük əksəriyyəti Braziliya, hind seriallarının təsiri altındadır. Xüsusən də yaşlı nəslin nümayəndələri müğənnilərin həyatından, onlarla bağlı qalmaqallardan daha çox zövq alır, nəinki qeyd etdiyim intellektual sahələrdən.

Mədəni-maarifçiliklə bağlı dünyanın hər yerində böyük kanallar böyük proqramlar, silsilə verilişlər hazırlayır. Bura  yalnız çalıb-oynamaq, incəsənətin digər sahələri daxil deyil, həm də ətraf mühit, ekologiya, canlı aləm, meşələrdə, okeanlarda, kosmosdakı elementlərdən tutmuş ta elmin ən yeni nailiyyətləri, nanotexnalogiyalar öz əksini tapır".

Kulturoloq qeyd edib ki, Azərbaycan televiziya kanalları maarifçilik verilişlərini iki istiqamətdə inkişaf etdirməlidir: “Birincisi, dünya elm və mədəni yenilikləri Azərbaycana daşımaqla, eyni zamanda xalqımızın dəyərlərini dünyaya çıxartmaq baxımından həm Azərbaycan dilində, həm də dünyanın qəbul etdiyi 5 aparıcı dildə, o cümlədən ingilis, rus, fransız, ispan ərəb, türk, lap lazım gələrsə, Çin dilində verilişlər hazırlamaq lazımdır. İkincisi isə postpandemiya, postmüharibə dövründə yeni iqtisadi alətlərin yaradılması, Qarabağın iqtisadi dirçəlişi, onun bərpa edilməsi, Qafqazın ən böyük iqtisadi məkanı olaraq Gürcüstan, Azərbaycan, Ermənistan, İran Rusiya, Türkiyə və İpək Yolu boyunca mədəniyyətlərin təbliği, Azərbaycanın artıq mədəni dəyərlər təbliğ edən  bir ölkə kimi tanınması və bunun da  ardınca tamaşaçıların da zövqünü yüksəltməyi nəzərdə tutan  proqramlar hazırlanmalıdır. Düşünürəm ki, bununla bağlı Audiovizual Şura müəyyən layihələr işləməlidir. Artıq seriallara pul ayırmaq lazım deyil. Seriallara ayrılmış pullarla maarifçilik və neomaarifçilik, o cümlədən intellektual  estetik zövqü yüksəldə biləcək, QHT-lər və beyin mərkəzləri, tanınmış insanların iştirakı ilə silsilə verilişlər, hətta sənədli, elmi-fantastik seriallar çəkilsin və nümayiş etdirilsin. Bunu da elə hazırlamaq lazımdır ki, həmin verilişlər həm gəncləri, həm də orta və yaşlı nəsli öz ardınca çəkə bilsin. İndi məlum olduğu kimi, dünya artıq kitab, yazı oxumur. Eləcə də Azərbaycan insanı daha çox  vizual, virtual, görüntülü məhsulları, o cümlədən internet resurslarında, sosial şəbəkələrdə, vikipediya kimi məşhur onlayn ensiklopediyada yerləşdirilən məlumatlarla maraqlanır. Televiziyalar da hazırladıqları verilişləri həm də internet resuslarında da yerləşdirməklə yeni, intellektual tamaşaçı tipi yarada bilərlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR