İnsanlara hürriyət, millətlərə istiqlal!

Haqsız söyüşlərin topdan geri qaytarılması

1859 28.09.2023 09:09 Yazarlar A A

 

Bu bol xəbərli tarixi günlərdə qəfildən yadıma nə düşsə, yaxşıdır? 10 il öncə yazdıqlarımız və buna görə söyüldüyümüz.

Pis şeylər yazmırdıq. Yazırdıq ki, bu qədər höcətlik edən, sülhə gəlmək istəməyən ermənilər axırda pis günə qalacaq, peşman olacaqlar, dövranları dönəcək-filan.

Belə yazıları Ermənistanın, Rusiyanın, başqa ölkələrin gündəmi ilə maraqlanan, erməni siyasilərin görüşlərini, danışıqlarını izləyən əməkdaşlarımız yazırdı. İşləri bundan ibarət idi. Bir sətri belə buraxmırdılar və prosesin sonrasını proqnozlaşdırmağa çalışırdılar. Günaşırı yuxusunda Şuşanı görən vardı – o qədər o fikirlər yatırdı ki...

O yazıların başlığı adətən belə olurdu: “Rəsmi İrəvana daha bir təpki”; “Ermənistanın beynəlxalq dayaqları sarsılır”; “Rəsmi Bakı İrəvanı növbəti dəfə pis durumda qoydu”, “Sarkisyan sammitdə pis vəziyyətdə qaldı”, “Qondarma rejimin tanınması istisnadır” və sair və ilaxır.

Hər dəfə belə başlıqlı yazıdan sonra müxtəlif oxucular həmin yazının saytda dərc olunan variantının altındakı şərh bölümünə daxil olur, müəllifi və onu dərc edənləri söyürdülər.

Söyüşlərə səbəb kimi əsasən bu iradı göstərirdilər: “Xalqın başının altına yastıq qoyursunuz”; “Boş-boş analizlər aparırsınız, ağılsız başınızdan xəyal uydurursunuz”; “Sizə deyiblər, belə yazılarla xalqı ovudun, döşənib yazırsınız”; “Bəsdir yalan yazdınız, xalq sizə inanmır”; “Nə vaxtacan xalqı aldadacaqsınız?”; “Yenə gopa basmısınız” və s.

(Sonuncudakı “gop” ifadəsi sırf efvemizmdir, tərbiyəsiz oxucular “gop”un iyli-qoxulu variantını seçib yazırdılar).

Kimsə deyə bilər, hanı, burada söyüş yoxdur, sərt etiraz var. O söyüşlər ona görə yoxdur ki, biz onu dərhal çıxdığı ağıza, yazdığı əlin ovcuna qaytarmışıq. Həm də o təhqiramiz xitablar yazılası şeylər deyil.

Əvvəlcə şübhələnirdik ki, başqa yazılara reaksiya verməyən, amma Qarabağ və Ermənistan mövzusunan altına qarğa-quzğun kimi tökülüşənlər ya ermənilərdir, ya da erməni təəssübü çəkənlə. Bu versiya qismən təsdiq olundu. Məlum oldu ki, bizi söyənlərin bir hissəsi xaricə yaşayan, ermənilərə və PKK-ya rəğbət bəsləyən, Türkiyəyə nifrət edən gədələrdir. Onların nazıyla bir müddət oynayandan sonra sayta girişlərini ban edərək, “banlatdıq” ki, vaxtımızı almasınlar.

Sonra aşkara çıxardıq ki, belə yazılara təpki göstərənlərin bir qismi də radikal müxalifətin fanatik üzvləridir, müasir dildə desək, trollardır, işləri-gücləri səhərdən axşama qədər saytlardakı məqalələrin altına hökuməti pisləyən, öz aləmlərində onun “ideoloji-təbliğat xəttini vuran”, öz liderlərini öyən şərhlər yazmaqdır.

Belələri günü-gündən artırdı. Artıq hava haqqında məlumatların, məsələn, “Sabah Bakıda yağış yağacaq”, “Gələn həftənin ilk günü hava küləkli olacaq” kimi xəbərlərə də latayır dolu şərhlər yazırdılar (“Ölün, yerə girin, .... çatır, iqtidardan bir şey yazın”). Yaxşı ki, belə şərhlər az olurdu. Amma elə ki, Qarabağın taleyi ilə bağlı ümidverici material verirdik, Allah göstərməsin, iyrənc şərhlər Andaman sumanisi kimi saytın şərh bölümünü basırdı.

Doğrusu, çatdıra bilmirdik. Əməkdaşlardan biri şərhlərdən söyüşləri təmizləyib buraxmaq işinə baxırdı və açığı, çox bezirdi. Bəzən elə olurdu ki, şərh qismində yazılan 7 sözün 5-i söyüş olurdu, onları təmizləyəndə yerində belə bir mətn qalırdı: “.... .... təhlilinizə ... ...., oldumu?”.

Bir gün bu problemin optimal həllini tapdıq, qərara aldıq ki, indən belə şərhlərə baxmayaq, buraxmayaq. Oxucu hansısa yazını oxuyub bəyənməyibsə və müəlliflə polemikaya girmək istəyirsə, qoy müəllifə zəng etsin. Bununla belə, hələ bir neçə il boyunca pis-pis şərhlərin yazılması davam etdi, amma biz onları ta oxumurduq, söyənlər söyüşlərini yalnız özləri oxuyurdular.

Budur, biz nə yazmışdıqsa, hamısı oldu: o Şuşa, bu da Xankəndi... Ortaya çıxdı ki, xalqın başının altına yastıq qoymamışıq, onun gələcəyə, qələbəyə inamının ölməsinə imkan verməmişik.

Əslində bu gün vaxtilə bizə “Qarabağı görəndə qulağınızın dibini görərsiniz” kimi şərh yazanlar ölüb-yerə girməlidirlər, amma hələ də özlərinə nəsə bir platforma tapıblar, mır-mır mırıldayırlar.

Deyəsən, Qarabağın işğaldan azad edilməsi bəziləri üçün söyüşdən betər olub. Di gedin, yavanlıq eləyin, ....! Azərbaycan əsgəri o söyüşləri sizə topdan qaytardı. 30 il boyunca yava-yava danışan ermənlərə də həmçinin.

Yazını yekunlaşdıranda yadıma düşür ki, “ermənilər Azərbaycan torpağında əyilə-əyilə gəzir” dediyinə görə deputat Elman Nəsirov 2019-cu və 2020-ci ildə minimum 47 min dəfə söyülmüşdü, bəlkə hələ də söyülür. Amma erməni əsgərlər torpağımızda indi heç əyilə-əyilə də gəzə bilmirlər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR