İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcüstan belaruslaşacaq, Kreml Tiflisə vəd verib...” - sensasion iddiaya reaksiyalar

1691 28.05.2024 08:37 Siyasət A A

Politoloq Anar Əliyev: “Yaxın aylarda Gürcüstanla Avropa İttifaqı arasında danışıqlarda bu predmetin bazarlığa çıxarılacağını müşahidə edəcəyik”

Xarici agentlər haqqında qanundan dolayı Gürcüstan hökuməti və ABŞ başda olmaqla, Qərb arasında gərginlik davam edir. Vaşinqton hətta rəsmi Tiflisi sanksiyalarla hədələyib. Artıq sənəd layihəsi Konqresə təqdim olunub. Öz növbəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verərək deyib ki, onunla söhbətdə Avropa komissarlarından biri onu Slovakiyanın baş nazirinin həyatına sui-qəsd nümunəsi ilə qorxudub.

“Avropa Birliyi (AB) Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan çox narahatdır, buna baxmayaraq, ehtiyatlı olmaq və “yumşaq dil”dən istifadə etmək lazımdır".

Bunu isə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. 

“Xarici agentlər haqqında qanun bizi çox narahat edir. Bu, Gürcüstana Avropa yolunda həqiqətən kömək etmir və biz onlara bunu deyirik. Lakin eyni zamanda onların milli hisslərini incitməmək üçün çox diqqətli olmalıyıq", - Borrel əlavə edib. 

Qeyd edək ki, uzun müddətdir müzakirələrə səbəb olan qanun layihəsi mayın 14-də Gürcüstan parlamentində 3-cü oxunuşda qəbul edilib, mayın 18-də isə prezident Salome Zurabişvili qanuna veto qoyub. Vetonu Gürcüstan parlamentinin Hüquq komissiyası 27 mayda müzakirə etməli idi. Əgər vetonu qaldırmaq qərarı verilərsə, qanun yenidən plenar iclasa çıxarılacaq və yenidən təsdiqlənəcək.

Bəs Tiflis-Qərb qarşıdurması nə vaxt və nə ilə bitəcək? Vəziyyətin bu həddə çatmasında Rusiyanın “gizli əli” nə dərəcədə rol oynayıb?

“Rusiya bu məsələdə siyasi "krışa" (örtük - red.) rolunu oynayır və hər şey də buna doğru gedir. Artıq Gürcüstanın belaruslaşdırılmasından danışmaq olar. Bu, proqnoz deyil, aşkar riskdir və hamı bunu yaxşı başa düşməlidir. Söhbət qətiyyən demokratiya və ya avtokratiyadan getmir, - bütün bunlar proses ətrafında qaldırılan səs-küydür, - söhbət Cənubi Qafqazın təzədən formatlaşdırılmasından gedir".

Гела Васадзе о провокации на грузино-азербайджанской границе | 1news.az |  Новости

 Qela Vasadze

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a açıqlamasında tanınmış gürcü politoloq Qela Vasadze bildirib. Onun sözlərinə görə, Rusiya “yarım SSRİ” qurmağa can atır və Gürcüstanın da ona tamhüquqlu üzvlüyünü istəyir: “Təbii ki, o zaman ticarət yolları bu gün Rusiya və Belarusdan yan keçdiyi kimi, Gürcüstandan da yan ötəcək”.

Fikrini davam edən ekspert ən azından Xarici agentlər haqqında qanunun təsdiqini dayandırmağı və sakitcə seçkiyə getməyi təklif edir: “Bunu etsə, "Gürcü arzusu" partiyası payızda yenə qalib gələcək. Amma görünür, onları buna məcbur edən başqa səbəblər var. Mən optimist olmaq istərdim. Ancaq gəlin ən yaxşısına ümid edək və ən pisinə də hazırlaşaq".

Onun qənaətincə, Gürcüstan hazırda Rusiya üçün həyati əhəmiyyət kəsb edir: “Çünki Moskva Azərbaycanda təsirini tamamilə itirib, Ermənistanda isə itirməkdədir. Gürcüstan isə Cənubi Qafqazda möhkəmlənmək üçün güclü logistika yoludur, hətta Rusiya üçün nəfəslikdir”.

Vasadze Moskvanın bunun qarşılığında Tiflisə hansısa vəd verdiyini istisna etmir: “Artıq Abxaziya və qondarma Cənubi Osetiya və Sxinvali bölgəsi ilə konfederasiya haqqında ciddi söhbətlər gedir. Yəni Moskva deyir ki, biz sizdən siyasi "krışamız" altında olduğunuza dair möhkəm zəmanət alan kimi Gürcüstan ərazi bütövlüyünü bərpa edəcək. Onda Cənubi Qafqazı yenidən formatlaşdırmaq lazım gələcək. Gürcüstan-Azərbaycan-Türkiyə üçlüyü Azərbaycan-Ermənistan-Türkiyə üçlüyü kimi görünəcək, Gürcüstan isə rus dünyasına qayıdacaq. Bu təhlükə çox böyükdür..."

Ermənistanda etiraz dalğaları müəyyən qədər səngiməkdədir" - Anar Əliyev  News 365

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, gürcü politoloqun iddiaları inandırıcı deyil. Xüsusən də Gürcüstanın Avropadan tamamilə qopacağı barədə deyilənlər: “Gürcüstanda bu qanunun qəbul olunması daxildə ciddi narazılıqlara, xalq etirazlarına, eyni zamanda Qərb havadarları tərəfindən çox ciddi tənqidlərə məruz qaldı. Bir sıra Avropa gücləri, eləcə də ABŞ bütün mümkün variantlardan istifadə edərək, hətta bir çox hallarda beynəlxalq hüququn prinsiplərinə zidd olan addımlara getməklə belə, Gürcüstan hakimiyyətini bu qanunun qəbulundan çəkindirməyə çalışdı. Bu addımı Rusiyanın bölgədə nüfuzunu genişləndirmək, təsir imkanlarını artırmaq, eyni zamanda Qərbin təsir mexanizmlərini zəiflətməyə xidmət edən bir gediş olduğunu təqdim etmək istədilər. Amma buna baxmayaraq hakim partiya bu addımı atmaqla növbəti illərdə Gürcüstanı kənar təsirlərdən qorumaq siyasətini hədəflədiklərini və buna uyğun davranışlar nümayiş etdirdiklərini, heç bir təzyiq və təhdidlə öz mövqelərindən dönməyəcəklərini bəyan etdi. Təsadüfi deyil ki, qanun qəbul edildikdən sonra mayın 19-da Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən qanuna veto qoyuldu. Lakin bundan sonra da hakim partiya həmin vetonun ləğv ediləcəyi ilə bağlı mövqeyini sərgilədi və 27 mayda Gürcüstan parlamentinin hüquq komissiyasının iclasında Gürcüstan prezidentinin vetosunun ləğv edilməsinə müsbət mövqe sərgiləndi. Hesab edirəm ki, yaxın günlərdə biz Gürcüstan parlamentində Gürcüstan prezidentinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna tətbiq etdiyi vetonun ləğvi qərarının qəbulunun şahidi olacağıq. Bu qərarın qəbul edilməsi və qüvvədə qalmasına Gürcüstanın “Gürcü arzusu” partiyasının təkid etməsinə baxmayaraq bir çox Qərb dövlətləri, ayrı-ayrı beynəlxalq təşkilatlar davamlı şəkildə Gürcüstana təzyiq edərək bu mövqedən çəkindirməyə çalışdılar. İnsanları hətta vətəndaş itaətsizliyinə, hakimiyyətə qarşı çıxmağa çağırdılar. Bütün bunlara baxmayaraq hakim komanda məlum qanunu Gürcüstanın maraqları naminə qəbul etdiklərini və heç bir halda kənar qüvvələrin Gürcüstan daxilindəki proseslərə müdaxilə etmək hüququnun olmadığını ifadə etdilər".

Politoloq qeyd etdi ki, bu qanunun qəbulu və tətbiqi ilə bağlı kifayət qədər fərqli baxışlar, fərqli mövqelər mövcuddur: “Bir tərəf iddia edir ki, bu qanun birbaşa Rusiyanın diktəsi ilə qəbul olunub və hədəf Rusiyanın bölgədəki təsir imkanlarını genişləndirmək, Rusiyanın bölgədə sıxışdırılan imkanlarının genişlənməsinə xidmət etmək üçün qəbul olunub. Amma eyni zamanda əks-mövqedə dayananlar da kifayət qədər tutarlı faktlarla bu iddianın əsassız olduğunu izah etməyə çalışırlar. Belə ki, eyni qanunların ABŞ-da, bir sıra Avropa dövlətlərində qəbul olunduğunu bəyan edirlər. Eyni zamanda bu, Gürcüstan hakimiyyətinin Qərb gücləri ilə bir bazarlıq imkanları yaratmaq siyasətidir. Çünki son dövrlər Bdizina İvanaşvilinin və onun rəhbərlik etdiyi komandanın Qərbdə mövqeləri kifayət qədər zəifləyib. Bu ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində Qərbin öz təsir qrupları vasitəsilə müxalif qüvvələrə dəstək vermə imkanları öndə idi. Bu təhlükəni nəzərə alan hakim partiya məlum qanunu qəbul etməklə Qərbi şantaj eləməklə bazarlıq predmeti formalaşdırmış olur. Gürcüstanın Avropa İttifaqına və NATO-ya üzvlüyü ilə bağlı məsələlər gündəmdə idi. Lakin son zamanlar Qərb siyasətçiləri daha ehtiyatlı mövqelər nümayiş etdirməkdədir. Gürcüstanın bu təşkilatlara qəbulunun uzun illər vaxt aparacağı fikirləri səsləndirilməkdədir. Hesab edirəm ki, bu qanunun qəbulunda hədəflərdən biri də "Biz geriyə addım atacağımız təqdirdə siz də bu məsələlərdə güzəştlər etməlisiniz" reallıqlarını formalaşdırmaqdır. Yaxın aylarda Gürcüstanla Avropa İttifaqı arasında danışıqlarda bu predmetin bazarlığa çıxarılacağını müşahidə edəcəyik".       

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR