İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - Göydən bomba atdılar, Kremli... qaraltdılar

557 28.07.2026 12:50 Foto fakt A A

Bura Moskvadır – Rusiya Federasiyasının paytaxtı. Bağdada, Beyruta, Dəməşqə, Tehrana dönüb.

Şəhəri bu günə qoyan 4 il 6 ay üzrə Kremlin başlatdığı “üç günlük xüsusi hərbi əməliyyat”dır.

Bu “xüsusi əməliyyat”ın artıq 5-ci ili də yarı olub, hələ davam edir və Moskva 3 günə təslim olacağı gözlənilən Kiyevdən daha betər günü qalıb.

Xəbər verilir ki, bir gecədə Moskva üzərinə 400 dron uçub. Bu, 400 bomba deməkdir.

Ona görə də Moskva sovet dövrü uşaqlarının dilinin əzbəri olan satirik misralarda təsvir olunan vəziyyətdədir. O şeirdə deyilirdi ki, göydən bomba atdılar, Hitleri… pis günə qoydular.

Rusiya paytaxtının meri Sobyanin deyib ki, 28 iyul gecəsi Moskva bölgəsinin üzərinə uçan 390 drondan 81-i yaxınlaşarkən məhv edilib.

mosko.JPG (38 KB)

Bəs 309 dron necə olub? Deyirlər, onların da çoxu orda-burda zərərsizləşdirib, bir qismi isə hədəfə dəyib.

4 il 5 ay öncə heç kəs deməzdi ki, müharibə bu qədər uzanacaq və Rusiyanın özü üçün ciddi fəsadlara səbəb olacaq.

Dünənə qədər Moskva əhalisi öz həyatını yaşayırdı, Kiyev, Xarkov sakinləri kimi evlərindən qaçaq düşməmişdilər, bunkerlərdə, sığınacaqlarda gizlənmirdilər. Hətta Moskva cavanları Kazan, Ulan-Ude, İrkutsk, Krasnoyark və digər ucqar əyalət mərkəzlərində yaşayan həmkarlarından fərqli olaraq kef-damaqlarından qalmırdılar. Əyalət oğlanları cəbhədə, ön xətdə can qoyanda bunlar cananlarla barda viski sümürür, yollarda ralli təşkil edirdilər.

İndi Ukraynanın dronları Moskvanı da vurur, federasiyanın dərinliklərini də. Artıq Rusiyada hamı anlayır ki, müharibə pis şeydir. Çünki atəş öz mənzillərinə də düşüb. Moskvalılar artıq bomba, dağıntı, yanğın xəbərlərinə televizordan baxmırlar, eyvanlarından baxırlar.

kreml.JPG (24 KB)

Bu şəkildə görünən mənzərə dron dəymiş təkər tayasının alovlanması nəticəsində yaranıb, ancaq tipik savaş epizodu görüntüsüdür. Müharibə adamın şəhərini, eləcə də həyatını və qanını, bax, bu cür qaraldır.

Bu hadisədən sonra paytaxt sakinləri ayağa qalxaraq Kremldən müharibənin dayandırılmasını tələb edəcəklərmi? Cavab birmənalıdır: yox.

Müharibənin dayandırılmasını tələb edənlər bunu indiyəcən edərdilər. Moskvalılarda, eləcə də Rusiyanın digər iri şəhərlərində yaşayanlarda o hünər yoxdur. İstək ola bilər, cürət yoxdur və olmayacaq. Çünki xalqın iradəsi sındırılıb. Necə ki bir yerdən sonra berlinlilər Hitlerə qarşı çıxa bilmirdilər, eynilə həmin vəziyyətdə moskvalılardır və Putinə qarşı dura bilmirlər.

Ukraynanın (ABŞ və Avropanın) dronları isə tükənənə oxşamır. Bir ucdan istehsal edir və üzü Şərqə doğru göndərirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR