İnsanlara hürriyət, millətlərə istiqlal!

“GünayBank” niyə bağlandı - ekspertlərdən fərqli rəylər

2368 18.05.2023 08:12 İqtisadiyyat A A

 

Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Bank” ASC-nin lisenziyasını ləğv edib. AMB-dən “Yeni Müsavat”a verilən məlumata görə, buna səbəb bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 faizdən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

Bu səbəbləri nəzərə alan AMB “Banklar haqqında” Qanuna əsasən, “Günay Bank”ın lisenziyası ləğv edilib, bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya verilib.

Mərkəzi Bank bəyan edir ki, “GünayBank”ın ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 faiz, kredit portfelində 1 faiz, öhdəliklərində isə 0,5 faiz təşkil edir: “Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. "GünayBank" Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiya qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq".

Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək.

Məlumat üçün bildirək ki, “GünayBank”ın maliyyə vəziyyətində problemlərin olduğuna dair məlumatlar son illərdə bir neçə dəfə yayılıb. Onun yığılmış zərərinin 14 milyon manata çatdığı bildirilib. Ötən il isə bankın kredit verilişini tamamilə dayandırdığına dair məlumatlar yayılıb.

Bankın özünün açıqladığı maliyyə hesabatında isə 2022-ci ili 490 min manat xalis mənfəətlə başa vurduğu qeyd olunub. Bankın məlumatına əsasən, bu göstərici 2021-ci illə müqayisədə 19.7 faiz və ya 80.7 min manat çoxdur. Ötən il bankın faiz gəlirləri 14 milyon 840 min manat, faiz xərcləri isə 11 milyon 504 min manat olub. 2021-ci ilə nisbətən 2022-ci ildə xalis faiz gəlirləri 32.6 faiz azalaraq 3 milyon 336 min manata bərabər olub (2021-ci ildə xalis faiz gəliri 4 milyon 950 min manat göstərilmişdi -red.) Onu da qeyd edək ki, 2022-ci il dövrünün əvvəlində pul vəsaitlərinin həcmi 33 milyon 541 min manat olduğu halda, dövrün sonunda 8.9 faiz və ya 298 min 753 manat azalaraq 30 milyon 553 min manat təşkil edib.

2022-ci ildə bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 198 milyon 737 min manat olub. Bu isə 2021-ci illə müqayisədə 0.5 faiz və ya 1 milyon manat azalma deməkdir. Bankın kredit portfelinin əsas hissəsini biznes kreditləri (144 milyon 444 min manat ) və daşınmaz əmlak kreditləri (81 milyon 635 min manat) təşkil edib. Ötən il bankda hüquqi (37 milyon 563 min) və fiziki şəxslərin (73 milyon 841 min) depozitlərinin cəmi 111 milyon 405 min manat olub.

Ötən il “GünayBank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 2021-ci ilə nisbətən 3.4 milyon manat azalaraq 2.1 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “GünayBank”ın aktivləri 9.7 faiz və ya 24 milyon 848 min manat artaraq 281 milyon 317 min manata çatıb. Öhdəlikləri isə 12 faiz və ya 22 milyon 932 min artaraq 213 milyon 766 min manata yüksəlib. 31 dekabr 2022-ci il tarixində bankın məcmu kapitalı 2.9 faiz və ya 1 milyon 935 min manat artaraq 67 milyon 551 min manata yüksəlib.

“GünayBank”ın  2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatından isə məlum olur ki, bank bu dövrdə 277 min manat xalis mənfəət əldə edib. Ötən ilin ilk 3 ayında isə bank 577 min manat xalis zərər açıqlamışdı. Bu dövrdə bankın depozit portfeli 2.6 faiz azalaraq 108 milyon 566 min manat təşkil edib. Bunun  73 milyon 481 min manatı fiziki şəxslərin, 35 milyon 84 min manatı isə hüquqi şəxslərin olub. Əmanətlərin Sığortalanması Fondunun üzvü olan GünayBankdakı əmanətlərin cəmi 38,5 milyon manatı sığortalanıb. Bu isə 70 milyon manatlıq əmanətlərin sığortalanmadığı deməkdir.

Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, "GünayBank"ın əmanətçilərinin 99,9 faizinin əmanəti sığortalanıb. Bu açıqlama göstərir ki, bankdakı əmanətlərin 70 milyon manatı cəmi 1 faiz əmanətçiyə məxsus olub.

"GünayBank"ın maliyyə qurumlarına 90 milyon manat borcu olduğunu, qanunvericiliyə əsasən ilk növbədə onların ödənəcəyini nəzərə alsaq, sığortalanmayan 70 milyon manatlıq əmanətin qaytarılması şansının çox cüzi olduğunu deyə bilərik.

Qeyd edək ki, "GünayBank"ın səhmlərinin 58,22 faizi Mahmud Məmmədova, 41,15 faizi Yeganə Şirinovaya, 0,63 faizi Əhməd Mehribaniyə (Fransa) məxsusdur.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirir ki, Azərbaycanda məcmu kapitala qoyulan 50 milyon manat dünyada bu sahədə ən yüksək məbləğlərdən biridir: “Dünyada az-az ölkələr var ki, bank fəaliyyəti üçün məcmu kapitala bu qədər yüksək məbləğ tələbi qoyulur. ABŞ başda olmaqla, əksər ölkələrdə bu məbləğ simvolik xarakter daşıyır. Əsas diqqət bankın az pulla çox iş görmək potensialına yetirilir. Bizdə əvvəl bu tələb 5 milyon manat idi. Sonra 50 milyona qaldırdılar, məqsəd də bank sayını azaltmaq idi. Vaxtilə Mərkəzi Bank rəsmiləri də bildiriblər ki, Azərbaycanda bu qədər banka ehtiyac yoxdur. Bu, rəqabətin qarşısını almaq, az sayda banka daha rahat və inhisarçı şərait yaratmaq istəyindən irəli gələn yanaşmadır. Çox təəssüf ki, uzun illərdir ölkədə sağlam rəqabət mühitini təmin edəcək sənəd - Rəqabət Məcəlləsi qəbul olunmur”.

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk  etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

Əkrəm Həsənov: “Məqsəd inhisarçı banklar üçün daha rahat şərtlər təmin etməkdir”

Ekspert bildirir ki, məcmu kapitalı az olub, çox sağlam fəaliyyət sərgiləyə bilən banklar dünyada minlərlədir: “Burada əsas bankın öz funksiyalarını effektiv şəkildə icra edə bilməsi, az maliyyə ilə çox iş görmək bacarıqlarıdır. Diqqət banklar üçün normal iş mühiti, sağlam rəqabətli şərtlərin təmin olunmasına yönəldilməlidir, nəinki məcmu kapital tələbinin məbləğinə. Qanunvericilik elə olmalıdır ki, bankların hamısına bərabər şərtlər təmin etsin. "GünayBank"a gəlincə, bu bankın hansısa ciddi problemlərinin olduğuna dair hər hansı dəqiq məlumat eşitməmişəm. Normal, amma kiçik bir bankdır. Mütləq deyil ki, ölkədə bütün banklar böyük olsun, biri kiçik olar, biri orta, biri böyük. Əgər məqsədin az sayda iri banka inhisarçı şərtlər yaratmaq deyilsə, kiçik banklara dəstək verib ayaqda qalmasına yardım elə. İdarəçiliyində problem olmayan bir bankı niyə bağlayırsan axı? Hər bağlanan bank kiçik və orta sahibkarların kredit əlçatanlığını bir qədər də məhdudlaşdırır. Böyük banklardan kredit almaq hər sahibkar üçün əlçatan deyil. Bir çox kiçik və orta sahibkarlar məhz belə kiçik banklardan kredit ala bilirlər. İndi onları da bağlayırlarsa, bu, kiçik və orta sahibkarlar üçün böyük problemlər yaradacaq. Üstəlik, hər bağlanan belə bankda yüzlərlə kiçik və orta sahibkarın nə qədər pulu batır, onlarda qorxu yaranır belə banklarla işləmək sahəsində.Yəni faktiki olaraq, kiçik və orta sahibkarları məcbur edirlər ki, inhisarçı banklara üz tutsunlar”.

 

İş adamı Samir İsmayıl özünə məxsus müəssisənin "GünayBank"dakı hesabının dondurulduğunu açıqlayıb: “Mərkəzi Bank "Günay Bank"ın lisenziyasını ləğv etdi. Hüquqi şəxs kimi cari hesabımızda olan 1950 AZN donduruldu. Batdı desək, daha doğru olar. Ötən illərdə ləğv olunan (ATA, AG, NBC, Standard, Dəmir, Amrah) banklarda hüquqi şəxslərin 100 milyonlarla AZN vəsaiti bloklandı. Üstündən 3 il vaxt keçib, Əmanətlərin Sığortalanması Fondu bu pulların adını çəkmir. Bu necə olur? AMB kommersiya banklarını istənilən an bağlamaq səlahiyyətinə malikdir. Amma hüquqi şəxslərin cari hesabında saxladığı vəsaitə və yerləşdirdiyi əmanətə təminat verilmir. Nağdlaşdırılma şərtləri də sərtləşdirilir və məhdudlaşdırılır. Hüquqi şəxsin hesabında vəsait varsa, bu hələ həmin hüquqi şəxsin vəsaiti olduğu anlamına gəlmir. Həmin vəsaitin çoxsaylı təyinatları var. Əgər hüquqi şəxsin hesabında olan vəsait lisenziyası ləğv olunan bankda batırsa, həmin hüquqi şəxs öz öhdəliklərini 3-cü tərəf qarşısında necə yerinə yetirsin"?

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var - 16.12.2016,  Sputnik Azərbaycan

Samir Əliyev: “Daha bir neçə bank da bağlanacaq”

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, bank sektorunda proses bununla dayanmayacaq: “Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunu həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir”.

Dünya SAKİT,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR