İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Konstitusiya Məhkəməsində - özəlləşdirmə çekləri ilə bağlı qərar nə olacaq?

3167 01.12.2023 08:35 Gündəm A A

Ekspertə görə, Konstitusiya Məhkəməsinin özəlləşdirmə paylarının bu və ya başqa formada dəyərinin ödənməsinə dair qərar qəbul etməsi gözlənilir

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən pay almaq hüququnu reallaşdırmaq istəyən 1 milyon vətəndaş özəlləşdirmə çeklərinin dövriyyə müddətinin bərpa olunmasını gözləyir. Məsələ 7 aydan çoxdur ki, Konstitusiya Məhkəməsində (KM) araşdırılır, lakin hələ də bir nəticə yoxdur. 

Ayna.az-ın yazdığına görə, noyabrın 14-də bir qrup çek sahibi növbəti dəfə KM-in Qəbul şöbəsinin müdiri Anar Cəfərovla görüşüb. KM yetkilisi pay sahiblərinə yenə də vəd verib. Deyib ki, 2023-cü ilin noyabr ayının axırına qədər bu məsələyə mütləq şəkildə baxılaraq aydınlıq gətiriləcək. 

Qeyd edək ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən hər bir vətəndaşa pay düşməsini təmin etmək üçün əhaliyə 1997-ci ildən dövlət tərəfindən qorunan özəlləşdirmə paylarının verilməsinə başlanıb. 1 pay 4 opsiondan-çekdən ibarət idi. 

Dövlət Əmlakının Özəlləşdirilməsinə dair Birinci Dövlət Proqramına əsasən, dövlət əmlakının özəlləşdiriləcək hissəsi 70-80 faiz təşkil etməli idi. 1994-cü ilin iyulun 1-nə Azərbaycanın bütün əsas fondları 4,5 trilyon manat, yaxud 1 milyard dollar həcmində qiyməndirilsə də, 1996-cı ilin iyun ayında Nazirlər Kabineti əsas fondların yenidən qiymətləndirilməsində əmsalı müəyyən etmək üçün xüsusi hökumət komissiyasının yaradılması barədə qərar verdi.

Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin ilkin hesablamalarına görə, 1996-cı ilin ortalarında əsas fondların dəyəri təqribən 25 milyard dollar təşkil edib. Rəsmi yenidən qiymətləndirmədən sonra dövlət orqanları dövlət əmlakının dəyərinin 76,8 trilyon manat, yaxud müvafiq dövrün məzənnəsi ilə 18,7 milyard dollar təşkil etdiyini açıqladılar.

1997-ci ilin fevralında özəlləşdirmə paylarının əhaliyə paylanması ərəfəsində məmurlar çeklərin qiymətinin 800-1000 dollar, bəlkə də 2000 dollar olacağı ilə bağlı proqnozlarını elan etməyə başladılar. Lakin bu proqnozların əksinə olaraq, qara bazarlarda çeklərin qiyməti müxtəlif vaxtlarda 10-100 dollar təşkil etdi.

Dövlət əmlakının özəlləşdirilməsinə dair I Dövlət Proqramında qeyd olunur ki, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir. Mütəxəssislərə görə, bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12 dekabr 1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı "Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi haqqında" Qaydalara əsasən, dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir.

1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrinə əsasən hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 ABŞ dolları hesablanıb.

İqtisadçı-alim Elşad Məmmədova görə, həmin vaxtdan ötən  25 il ərzində baş verən inflyasiyanı nəzərə aldıqda, hər bir özəlləşdirmə payının hazırkı əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər.

Dövlət özəlləşdirmə paylarının tədavül müddətinin sona çatdığı elan olunan 2011-ci ildə açıqlanan rəsmi məlumata görə, 1 milyon pay vətəndaşlardadır, 600 minə yaxın pay isə yerli və xarici investorlar tərəfindən depolarda saxlanılır. Bu investorlar SOCAR da daxil olmaqla, bir sıra iri dövlət əmlakının özəlləşdiriləcəyinə dair bir sıra rəsmi şəxslərin vədlərinə inanaraq vətəndaşlardan külli miqdarda özəlləşdirmə payı alıblar. 

O vaxtdan bəri əsasən həmin investorlar, qismən də bir qrup aktiv vətəndaş özəlləşdirmə paylarının tədavül dövrünün müddətsizliyini əsas gətirməklə, hökumətin qərarının ləğv olunması, pay sahiblərinə bu qiymətli kağızlarla özəlləşmədə iştirak üçün şərait yaradılmasını, bu olmadıqda, onlara payın real dəyərinin ödənməsini tələb edirlər.

Bu il sentyabrın 12-də Prezident İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə 1483 saylı qeydiyyatla məktub daxil olub. Avqustun 18-də isə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin adından Konstitusiya Məhkəməsinə 1518 saylı qeydiyyatla və eyni məzmunlu məktub daxil olub. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları hazırda KM-in qarşısında duran bir nömrəli məsələnin özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi olduğunu bəyan edirlər. Hansı ki, onların sayı bir milyondan artıqdır.

Konstitusiya Araşdırmaları Fondunun  Prezidenti, hüquqşünas, keçmiş deputat Əliməmməd Nuriyev mövzuya dair  ayna.az-a açıqlamasında deyib ki, KM tarixi ədaləti bərpa etməlidir: “Əhaliyə əvəzsiz olaraq özəlləşdirmə çeklərinin paylanılması barədə fərmanda və bununla bağlı qanunvericilikdə aydın şəkildə göstərilib ki, özəlləşdirmə payı qiymətli dövlət kağızıdır və heç bir halda zamanla məhdudlaşdırıla bilməz. Eyni zamanda qanunvericilikdə digər məqamlar da öz əksini tapıb ki, bu da pay sahiblərinin hüquqlarının qorunmasını özündə ehtiva edir”.

Hüquqşünas Namizəd Səfərov sayta bildirib ki, bu sahədə yaranmış problem ədalətli şəkildə həllini tapmalıdır: “Özəlləşdirmə prosesi vətəndaşların iştirakı olmadan başa çata bilməz. Amma nə baş verib? Bu gün xeyli sayda vətəndaş özəlləşdirmə payları, qiymətli dövlət kağızları əlində tarixi ədalətin nə zamansa zühur edəcəyi günü gözləyir. Bu qiymətli dövlət kağızları dəyərsiz kağız parçasına çevrilib”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

Konstitusiya Məhkəməsi özəlləşdirmə paylarının tədavüldə olan dövrünü bərpa edərsə, Azərbaycanda həmin kağızların dövlət əmlakından paya çevrilməsi üçün şərait varmı? Özəlləşdirmə çeki ilə hansı sahələrə, hansı müəssisələrin özəlləşdirilməsi mümkündür? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, hüquqi təhlillər göstərir ki, bu prosesin idarə olunmasında müəyyən hüquqi nöqsanlara yol verilib: “Lakin payların tədavüldə olma müddəti müvafiq sərəncamlarla müəyyənləşdirilib. Və 2011-ci ildən bəri müddətin artırılması istiqamətində real addımların atılmamasını nəzərə almaqla, indiki halda müddətin uzadılması ilə bağlı həmin sərəncamların əksinə olacaq hər hansı qərarın qəbulunu real saymıram. Yəni özəlləşdirmə paylarının hansısa formada özəlləşmədə iştirakı mümkünsüz görünür. Hər şeydən əvvəl ona görə ki, özəlləşməyə yanaşmada, özəlləşmə prinsiplərində ciddi dəyişiklik var. Son illərdə xüsusilə investisiya müsabiqələri yolu ilə özəlləşməyə daha çox üstünlük verildiyini görürük. Digər tərəfdən, hazırda özəlləşdirməyə açılan və özəlləşdirilməyən dövlət əmlakı çox azdır. Bir müddət əvvəl Dövlət Əmlak Xidmətindən verilən məlumatda belə əmlakın dəyərinin 60-65 milyon manat təşkil etdiyi bildirilmişdi. Doğrudur, son illərdə çoxlu sayda dövlət müəssisələri, aktivləri yaradılıb. Və böyük ehtimalla, yaxın illərdə onların bir qisminin özəlləşdirilməyə açılması mümkün olacaq. Lakin mövcud qanunvericilik bu aktivlərin özəlləşdirilməsində özəlləşdirmə payları ilə iştirakı nəzərdə tutmur”.

Ekspertə görə, Konstitusiya Məhkəməsinin özəlləşdirmə paylarının bu və ya başqa formada dəyərinin ödənməsinə dair qərar qəbul etməsi daha çox gözləniləndir: “Yəni məhkəmə köhnə çeklərin dövriyyə müddətinin bərpa edilməsi deyil, onların digər bir qiymətli kağızla əvəzlənməsi barədə qərar verə bilər. Bu zaman payların dəyəri kimi 1997-ci ildə elan olunan məbləğ əsas götürülə bilər. Bu hesabla, payların əvəzində verilən başqa bir qiymətli kağızla vətəndaşların və investorların özəlləşdirməyə açılacaq aktivlərdə pay sahibi olmasına şərait yaradıla bilər. Bunun üçün mavafiq qanunverici baza da formalaşdırıla bilər. Yenə də deyirəm ki, bu ehtimalı çox zəif qiymətləndirirəm, özəlləşdirmə payları ilə bağlı siyasətin dəyişəcəyini gözləmirəm”.

Oxu.az - Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır

Əkrəm Həsənov

İqtisadiyyat hüququ üzrə mütəxəssis Əkrəm Həsənovun fikrincə, özəlləşdirmə paylarının müddətinin bərpa olunmasına ehtiyac yoxdur: “İstifadə edilməmiş özəlləşdirmə çeklərinin mütləq əksəriyyəti sadə vətəndaşların əlində qalmayıb, onlar möhtəkirlərdədir. Kimlərsə vaxtilə sadə vətəndaşlardan onları çox sayda alıb, istifadə etməyib.

Həmin çeklərin vaxtını ilk dəfə 2008, sonra 2010, nəhayət 2011-ci ilə qədər uzatdılar. Bu çeklər isə 1996-97-ci illərdə əhaliyə paylanmışdı. Yəni 15 il bu çeklər dövriyyədə olub. Hər dəfə də uzadılıb və bəziləri də alıb saxlayıb, istifadə etməyib ki, yenə vaxtını uzadarlar. İndi 11 il keçdikdən sonra bəziləri bu məsələni qaldırıblar ki, təzədən bu çeklər dövriyyəyə qaytarılsın. On iki il ərzində heç kimin səsi çıxmırdı. İndi niyə birdən-birə bu mövzuya qayıdırlar? Bu mövzunu şişirdən möhtəkirlərdir. Adi vətəndaşın yadına düşmürdü. İndi kimlərsə, “Facebook”da səhifə yaradıb, ictimailəşdiriblər. Əgər bu qədər vacib idisə, niyə indiyədək bu barədə danışmırdılar? Sanki kimlərsə əllərində cəmləşdirib və belə bir kampaniya aparmağa başlayıblar".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR