Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Rusiyanın baş naziri Mixail Mişustin bazar ertəsi günü-iyulun 6-da Ural Federal Dairəsində-Yekaterinburqda Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. İyuylun 6-da Rusiya və Ermənistanın baş nazirləri 16-cı İnnoprom Beynəlxalq Sənaye Sərgisində iştirak edəcəklər.
Qeyd edək ki, bir gün əvvəl erməni mediası Paşinyanın adının "İnnoprom" beynəlxalq sənaye sərgisinin dəvət olunmuş dövlət adamları siyahısından çıxarıldığını yazmışdı.

Bildirilirdi ki, Ermənistan hökumətinin başçısı əvvəllər "Sənaye 360: Sərhədsiz İstehsal" adlı əsas plenar iclasın proqramına daxil edilmişdi. Həm sərginin rəsmi veb saytı, həm də Rusiya mediası onun iştirakı barədə məlumat vermişdi. Paşinyanın Rusiya baş naziri Mixail Mişustin və digər ölkələrin nümayəndələri ilə birlikdə çıxış etməsi gözlənilirdi.Lakin bəlli olmuşdu ki, Ermənistan baş nazirinin adı daha sonra tədbirin veb saytındakı dəvət olunmuş natiqlər siyahısından silinib. Rusiya hökuməti bu proqram dəyişikliyi ilə bağlı şərh verməyib.
"İnnoprom 2026" Beynəlxalq Sənaye Sərgisi 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək. Ənənəvi olaraq, tədbirdə onlarla ölkədən hökumət başçıları, nazirlər, biznes və sənaye nümayəndələri iştirak edirlər.
Musavat.com xəbər verir ki, Moskvanın Paşinyana son davranışları və bu səbəbdən yayılan iddialar təsadüfi deyil.
Rusiyanın Paşinyanda narazılığına səbəb olan amillər kifayət qədər çox səbəb var. Bunlara Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, ABŞ-la hərbi əməkdaşlığı genişləndirməsi, KTMT-ni açıq şəkildə tənqid etməsi, Rusiya sərhədçilərinin bəzi mövqelərdən çıxarılması və Moskvanın regiondakı roluna yönəlmiş tənqidi bəyanatlar daxildir. Kreml bütün bunları Cənubi Qafqazdakı geosiyasi mövqelərinə yönəlmiş çağırış kimi qiymətləndirir. Bu səbəbdən Moskva Paşinyanla siyasi dialoqu tam dayandırmasa da, onu daha aşağı səviyyədə saxlamağa üstünlük verir.

Diplomatik praktikada dövlət başçılarının bir-biri ilə birbaşa əlaqə saxlaması adətən yüksək siyasi etimadın göstəricisi hesab olunur. Əgər əlaqələrdə problemlər yaranırsa, təmaslar çox vaxt hökumət rəhbərləri və ya nazirlər səviyyəsinə endirilir.
Son dövrlərdə Rusiya-Ermənistan münasibətlərində məhz belə mənzərə müşahidə olunur. Yerli KİV-lərdə yayılan məlumatlara görə, Rusiyanın Ermənistana qarşı ikinci genişmiqyaslı sanksiyalar paketini hazırlayacağı ehtimal edilir.
Musavat.com






