İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrükdəki qayının əvəzi

2001 17.08.2022 09:40 Yazarlar A A

Yaxud Şri-Lankanın iflas səbəbləri

Heç kəs fərqinə varmaq istəmir, ancaq bu dəqiqə sərhədlərimiz böyük təhlükə altındadır. Elə İranla sərhəddə tutulan şri-lankalıların çoxluğu bunu dəhşətli formada isbat edir. 10 nəfər. Təsəvvür elə, bu yetimlər Seylon adasından (Şri-Lankanın keçmiş adıdır) başlarını götürüb qaçıblar Azərbaycana, istəyirdilər Füzuli rayonunun Bala Bəhmənli kəndi tərəfdən gizli şəkildə adlasınlar İrana, oradan getsinlər Türkiyəyə və orda da bir fürsət tapıb Avropaya keçsinlər. Marşrutun dolanbaclığına bax. Bizim sərhəd xidməti marşrutu elə ilk addımındaca boğmuşdur. İndi bu yazıqları təzədən göndərəcəklər Seylon adasına, çay yığmağa.

Sözgəlişi, Şri-Lanka dünyanın ən pis həyat şəraiti olan ərazilərindən birinə çevrilib və keçən ay, iyulda buna görə orada ciddi krizis oldu, prezident Qotabaya Racapaksa müəllimin (orada, deyəsən, hamının adı bu cür qəlizdir, məsələn, mənim yadıma gəlir, 15-20 il qabaq orada zənən prezident vardı, adı Çandrika Bandranaike Kumaratunqa idi) rezidensiyasını xalq yandırdı, adam məcbur oldu Maldiv adalarına qaçsın. Məncə, Şri-Lanka böhranının səbəbi bizim bəzi zəhmətkeşlər üçün də ibrətamiz ola bilər. O kəslər ki, guya GMO məhsulları bəyənmirlər, ancaq orqanik, təbii yolla yetişmiş ərzaq nuş edirlər. Hər dükanda, bazarda belə tiplər görmək olar, onlar adətən belə deyirlər: “Vallah, buna bir qram dərman vurulmayıb, öz bağımızdandır”. Söhbət ondadır ki, Şri-Lankanın o gicbəsər, artıq eks-prezidenti Qotabaya müəllim (bunun adını hər dəfə yazanda oxuculardan üzr istəmək istəyirəm, heç bilmirəm niyə) 2019-cu ildə hakimiyyəti ələ keçirəndən sonra ölkə iqtisadiyyatının evini yıxan qərarlar qəbul eləmişdi: bütün sənaye üsulu ilə alınan gübrələrə və zərərvericilərə qarşı kimyəvi dərmanlara qadağa qoymuşdu. Guya bu yolla Şri-Lankada dərmansız, təbii məhsullar yetişəcəkdi. Nəticədə isə qoz da yetişmədi. Düyü və çay istehsalı aşağı düşdü, kənd təsərrüfatı sözün əsl mənasında darmadağın oldu, camaat acından ölməyə başladı. Bir yandan da korona pandemiyası və sairə. Ancaq əsas səbəb gübrə və aqrokimyəvi preparatlara qoyulan qadağa olmuşdur, məncə, bu əhvalatı universitet və məktəblərdə tədris etmək mümkündür.

Qayıdaq sərhədimizə. Gördüyünüz kimi, bu dəfə sərhədçilər ayıq tərpəndi, seylonluları İrana buraxmadı. Sağ olsunlar, İrandan qanunsuz narkotik ixracına da imkan vermirlər (burada söhbət bütün narkotiklərdən gedir, içində Marksın yazdığı “xalq üçün opium olan din” də var). Lakin biz arxayınlaşa bilmərik. Təhlükə başımızın üzərindən Domokl qılıncı kimi asılıbdır. Yazım, siz də agah olun, nəhayət.

Avqust ayının 4-də Dövlət Gömrük Komitəsinə təzə qoyulmuş sədr əvəzi Şahin müəllim keçmiş sədrin iki qahımını işdən atmışdır. Bunlar ibarətdir “Azərterminalkompleks” Birliyi direktorunun birinci müavini Tarquliyev Zeynal Qulu oğlundan və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Rəfail Niftəliyevdən. Məsələ ondadır ki, Zeynal müəllim keçmiş sədr Səfər Mehdiyevin doğmaca qaynı, Rəfail müəllim isə baldızının oğlu idi. Səfər müəllim işdən atılan kimi, bunların da şələ-küləsini qoltuğuna verib qovdular.

Belə olmaz, yoldaşlar. Əgər biz hər sədr dəyişəndə onun idarədəki qayın və baldızı uşaqlarına qədər işdən qovsaq, dövlətçilik necə inkişaf edər? İkincisi, təzə sədr öz qayın və baldızı uşaqlarını idarəyə gətirməyibsə, bizim sərhədlərimizdə gömrük rüsumlarını kim yığacaq? Sual budur. Mən bu təhlükəyə qarşı çıxıram və hökumətdən sualıma cavab istəyirəm: sədr əvəzi idarəyə qayın əvəzini işə götürə bilərmi?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR