İnsanlara hürriyət, millətlərə istiqlal!

Gerçək manqurtlar

1905 21.03.2022 20:25 Yazarlar A A



Bəzən Ukraynada əsir düşən rus əsgərlərin, zabitlərin evləri ilə telefon danışığına şərait yaradırlar, bu zaman qarşı tərəfin reaksiyası təəccüb doğurur. Analar, atalar, arvadlar bu yazıq, bədbəxt adamlarla elə dialoq qururlar, heyrətə gəlirsən. Çox soyuqqanlı, laqeyd şəkildə, ən yaxşı halda “sən axı orda olmalı deyildin” söyləyirlər. Elə bil dara düşən, həyatını itirmək təhlükəsi altında qalan adam bunların övladı, həyat yoldaşı yox, hansısa pişik balasıdır.

Bu, avtoritar, totalitar rejimlərdə, insan həyatına qara qəpik qədər önəm verilməyən sistemlərdə adi həyat tərzidir. O şəxslər həmin əsirlərə insan yox, evə pul gətirən aparat kimi baxırdılar, Rusiyada isə minlərlə adam məhz dolanışıq üçün müqaviləli orduya yazılıb. Əsirlər haqda süjetləri izləyəndə istər-istəməz adamın ağlından keçir ki, bu adamlar əslində ikinci, üçüncü, dördüncü dəfə əsir düşüblər. Bundan qabaq öz valideynlərinin, arvad-uşaqlarının, dövlətin əsiri olublar, indi də Ukrayna ordusunun əsiridirlər. O səbəbdən əsirlər də taleləriylə barışmış kimi görünürlər: “Nə olacaqsa, artıq cəhənnəmə olsun”.

Rusiya tam şəkildə SSRİ-nin varisidir, o dövlətdə də insanlara canlı varlıq kimi yox, dövlətin, ideologiyanın qulu, köləsi olaraq baxırdılar, milyonları ölümə göndərmək boş şey sayılırdı.

1970-ci illərdə çəkilən “İsti qar” adlı sovet filmi var, İkinci Dünya Savaşından, ya da o dövrdə SSRİ-də deyilən kimi, Böyük Vətən Müharibəsindən bəhs edir. Filmdə Stalinqrad ətrafında döyüş gedir və çoxlu əsgər ölüm təhlükəsi altındadır, onlara ehtiyatda olan qüvvəni yardıma göndərmək, ya da geri çəkilmək əmri vermək olar, lakin general (bu rolu dahi aktyor, 2 dəfə repressiyaya uğramış Georgi Jjenov oynayır) bunu etmir, təxminən belə deyir: “Mən bunlara əsgər kimi baxıram, adam kimi yox. Adam kimi baxsam gərək fikirləşəm ki, onları evdə gözləyən anaları, ataları, arvad-uşaqları var. O zaman onları ölümə necə göndərərəm?”. Həmin qeyri-insani münasibətlə milyonlarla insanı güdaza verdilər, beş nəfərlə, ağıl işlədib hazırlanası əməliyyat əvəzinə beş yüz nəfərin ölümü bahasına əməliyyatlarla almanlara qalib gəldik. Qələbədən 80 ilə yaxın vaxt keçir, hələ də Rusiya, Ukrayna, Belarus çöllərindən, meşələrdən naməlum əsgərlərin cəsədləri tapılır. Elə ana vardı, 3 oğlu itkin düşmüşdü. Sovet yazıçısı, veteran Astafyev əsərlərində cəsədlər, sümüklər üzərində yeriyən sovet ordusunu təsvir edib.

İndi Ukrayna hökuməti, şəxsən Zelenski dəfələrlə Rusiya hökumətinə müraciət göndərir, “cəsədləri, ölmüş əsgərlərinizi gəlin aparın” deyirlər, lakin Putin rejiminin qətiyyən vecinə deyil. Evdə onların yolunu gözləyən yoxdursa, əsgər anaları etiraza qalxmırsa, niyə də vecinə olsun? Bu adamlar müharibə qəssabxanasının ət maşınından keçirilmək üçündür, heç bir insani dəyər daşımırlar. Sözgəlişi, öz əsgərlərini canlı-cansız, harda gəldi buraxıb getmək Rusiyadan əlaltısı Ermənistana da sanki xasiyyət olaraq keçmişdi və biz azad edilmiş torpaqlardan indiyəcən də bədbəxt erməni əsgərlərin cəsədlərini tapıb, toplayıb Ermənistana qaytarırıq.

Bütün cəmiyyəti, 140 milyona yaxın adamı zombiyə çeviriblər. Nəvə Ukraynadan Moskvadakı nənəsinə zəng vurur, deyir, Rusiya buranı vəhşicəsinə dağıdır, xahiş edirəm, etiraza qalxın. Nənə sizcə nə edir? Ağlayır, sızlayır? Qətiyyən. Nəvəsinə deyir ki, bunlar yalandır, sənin başına, Ukraynaya bomba yağmır, sizi Amerika öyrədir və sairə. Doğma nəvəsinə yox, faşist Solovyovun, erməni Marqarita Simonyanın propaqandasına inanır. Bunlar uydurma deyil, acı faktlardır, gerçəklikdir.

Ən dəhşətli dramlardan biri Poltava vilayətində yaşanmışdı. Orda bir bədbəxt ana müsahibə verdi – oğlunu əsirlər içində görüb tanımışdı. Sən demə, ana Ukraynada yaşayır, oğlu isə Rusiya ordusunda pilotdur və bu “oğul” sözün əsl mənasında anasını bombalamaq üçün göndərilib, Ukrayna HHQ tərəfindən təyyarəsi vurulub, özü əsir götürülüb. Ana deyirdi: “Belə oğul böyütdüyüm üçün xəcalət çəkirəm”.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında “Manqurt əfsanəsi” var. Adam (Jolaman) əsir düşür, düşmənlər onu xüsusi işgəncə ilə manqurta çevirir, nəticədə Jolaman doğma anasını (Nayman Ana) tanımır, öldürür.

Biz buna əfsanə kimi baxırdıq, gerçək imiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR