İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclər informasiyanı təhlil etmək bacarığına malik olmalıdırlar”

1250 31.03.2023 16:01 Texnologiya A A

Humay Axundzadə: “Gənclər böyük informasiya selinin qarşısında immunitetə malik olmalıdırlar”

Məlumdur ki, bu günlərdə dini radikalizmi təbliğ edən 32 nəfər müəyyən edilərək saxlanılıb. Qısa araşdırma zamanı məlum olur ki, şəbəkə üzvləri sosial mediadan geniş istifadə ediblər. Bir neçə sosial media platformasına baxanda aydın görünür ki, onlar çox sayda səhifə yaradaraq xüsusilə gəncləri təsir altına almağa çalışıblar. Bununla kifayətlənməyən müxtəlif kütləvi tədbirlərdən də təbliğat üçün istifadə ediblər.

Ekspertlər bildirirlər ki, baş verənlər İranın ölkəmizə qarşı təxribatlarının tərkib hissəsidir. İran və Azərbaycan arasında münasibətlər gərginləşmədən əvvəl də təxribatlar bu və ya digər şəkildə olub. Təəssüf ki, çox sayda azərbaycanlı zaman-zaman bu təbliğatın təsirinə düşüb. Görünür ki, Azərbaycanda “Kərimə dövləti” qurulması niyyəti bu təsirdən yaranıb.

Bəs cəmiyyət, qurumlar, mütəxəssislər gənc nəsli qorumaq üçün hansı addımları ata bilərlər?

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Humay Axundzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müasir dövrdə sosial medianın insanlara, xüsusilə gənclərə təsiri qaçılmazdır.

humay.jpg (221 KB)

Mütəxəssis qeyd etdi ki, dünyada müxtəlif ideologiyaların, cərəyanların, fikir və ideyaların fərqli media kanalları vasitəsilə insanlara təsir göstərilməsi labüddür: “Gənclərin təlim və tərbiyəsində, onlara yanaşmada, onların həyatının təşkilində bir neçə məsələyə diqqət yetirmək lazımdır. Çox zaman gənclərin problemlərindən danışanda təhsil problemləri önə çıxarılır. Təbii ki, bu çox önəmlidir. Hesab edirəm ki, daha da önəmlisi gənclərin informasiyanı təhlil etmək bacarığıdır. Onlara orta təhsil dövründən başlayaraq, yeniyetməlik, yəni mücərrəd təfəkkürün inkişaf etdiyi dövrdən etibarən informasiyanı təhlil etmək, tənqidi yanaşmaq, kontentin nəyə aid olduğunu müəyyənləşdirmək bacarığını aşılamaq lazımdır. Bu, ona görə önəmlidir ki, gənclər böyük informasiya selinin qarşısında immunitetə malik olsunlar. Bu halda müxtəlif təsirlərə qarşı dözümlü, dayanıqlı olmaq mümkündür. İkinci məsələ gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlıdır ki, bu, onların tələbat və motivasiya sferasının öyrənilməsini tələb edir. Müasir gənclər adekvat yollarla maraqlarını ödəyə bilirlərmi? Gənclərin inkişafetdirici, eyni zamanda onların tələbatına uyğun olan asudə məşğuliyyətlərinin təmin olunması önəmlidir. Müxtəlif neqativ təsirə malik kontent gənclərin tələbatlarındakı hansı boşluqları doldurur ki, onlar həmin kontentə can atırlar?”.

Humay Axundzadə bildirdi ki, digər vacib məsələ nəsillərarası kommunikasiyadır. Mütəxəssis cəmiyyətdə sosial transformasiyaların sürətlə getdiyinə diqqət çəkdi: “Nəsillər arasındakı ünsiyyətdə neqativ təsirlərin olması həm də sosial transformasiya ilə bağlıdır. Bəzən məktəbdə müəllimlər uşaqların necə yaşadığını, bir ailədə valideynlər, yaxud yaşlı nəslin nümayəndələri övladlarının hansı maraqlarla yaşadığından xəbərsiz olurlar. Kommunikasiya çətinlikləri yaşanır- qarşılıqlı anlaşma olmur və s. Bu səbəbdən də yeniyetmələr və gənclər kənar mənfi təsirlərə meyl etmiş olurlar. Sadalanan məsələlərə diqqət yetirilsə, müasir gənclərin düzgün istiqamətlənməsi, həm özlərinə, həm də cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsinə zəmin yaradılmış olar”.

Xatırladaq ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər saxlanıb. Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq,
qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

640f1ed653fa0640f1ed653fa11678712534640f1ed653f9e640f1ed653f9f.jpg (277 KB)

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

Hazırladı: Nigar HƏSƏNLİ
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR