İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclər ədaləti tələb etməyin mümkünlüyünü göstərirlər”

1062 22.12.2022 10:17 Media A A

Günel Səfərova: “Biz suveren ərazimizi nəzarətdə saxlamaq, eyni zamanda monitorinq etmək istəyirik”

“Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu təkcə bu aksiya ilə önə çıxmamışdı. Bu günə qədər kifayət qədər iş görən QHT vətəndaş cəmiyyətinin əsas institutlarından biridir. "Nəhayət ki, QHT iş gördü" yanaşmasından uzaqlaşmaq lazımdır. 30 illik işğal dövründə beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini təmsil edən kifayət qədər QHT olub. Bundan başqa, QHT yerli, sosial, icma, inkişaf xarakterli çox sayda layihə həyata keçirib".

Bu fikirləri “Yeni Müsavat”a  “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə nail olmaq üçün Şuşa-Xankəndi yolunda təşkil edilən aksiyanı şərh edərkən bildirdi. O qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə QHT-in fəaliyyəti göz önündə idi: “İşğaldan azad edilmiş ərazilərə yaxın bölgələrdə, ermənilərin dinc əhalini hədəf aldığı ərazilərdə insanlara yardım, eyni zamanda beynəlxalq təşkilatların Azərbaycana gətirilməsi, situasiyanın qiymətləndirilməsi, Ermənistanın dinc əhalini hədəf aldığını göstərməsi, müharibədən sonra informasiya müharibəsində QHT-lərin rolu, beynəlxalq təşkilatlarda təmsilçilik danılmazdır. Bununla yanaşı, QHT kifayət qədər sosial, ekoloji, iqtisadi, gender, ictimai iştirakçılıq və s. məsələlərlə bağlı layihələr həyata keçirir. Bu gün ictimai nəzarət funksiyasını gerçəkləşdirən ən önəmli strukturlardan biri  QHT-dir. Təbii ki, nəticənin qənaətbəxş olub-olmaması ayrıca müzakirə mövzusudur. Bu, obyekt, yaxud subyektdən asılı olaraq dəyişə bilər. Bununla yanaşı, xüsusilə vurğulamaq istəyirəm ki, son iki ildə QHT fəallaşıb. Həmçinin Prezidentin sərəncamı ilə QHT Dövlət Dəstəyi Agentliyi yaradılıb, müşahidə şuralarının üzvləri seçilib. Agentlik qrant fəaliyyətini həyata keçirən milli donor institutudur. Eyni zamanda vətəndaş cəmiyyəti subyektlərinin inkişafına istiqamətlənmiş tədbirlər görən qurumdur. Laçın dəhlizində aksiya keçirmək təşəbbüsü QHT tərəfindən gəlib. "Ekoloji terrora yox!" demək, monitorinq, ictimai nəzarət funksiyasını həyata keçirmək üçün bir araya gəliblər. Bu, onların qanunvericilikdə nəzərdə tutulan hüququdur. Bu günə qədər QHT fəaliyyəti nəticəsində ictimai məsələlər qınanıb, həll olunub, qəbul edilən qanunlar olub".

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam –  Yenicag.Az

Günel Səfərova

G.Səfərova qeyd etdi ki, ictimai nəzarət xüsusi funksiyadır: “Bu gün Xankəndi-Laçın yolunda baş verən aksiyanın məqsədi həm də insan hüquqlarının müdafiəsi ilə bağlıdır. Ekologiyaya dar çərçivədə yanaşmaq olmaz. Bu, bəşəriyyətə bağlı olan məsələdir. Ekoloji problemin həlli bəşəri problemin həlli deməkdir. 30 il ərzində Azərbaycana məxsus təbii sərvətlər yataqlarının qeyri-qanuni istismarına göz yuman beynəlxalq ictimaiyyət, ayrı-ayrı qurumlar haqlı etirazımıza qarşı belə mövqe sərgiləyirlər ki, guya biz yolu bağlamışıq. Dünya da gördü ki, hər hansı humanitar fəlakətə gətirib çıxardacaq zərrə qədər addım atılmayıb”. 

“Vətəndaş” İctimai Birliyinin sədri “nowar”çılarla bağlı narahatlığını da ifadə etdi: “Həm ictimaiyyət, həm də cəmiyyət üçün deyim ki, onlara nə daxildə, nə də beynəlxalq institutlarda ciddi yanaşmırlar. Heç bir yükü olmayan bəyanat verdilər, amma proseslər onu göstərir ki, Azərbaycan doğru yoldadır. Azərbaycanın düşmənləri narahatdır. Biz suveren ərazimizi nəzarətdə saxlamaq, eyni zamanda monitorinq etmək istəyirik. QHT-lərin məqsədi cəmiyyətin, dünyanın ayrılmaz tərkib hissəsi, üçüncü sektor kimi bunu həyata keçirməkdir. Mən xüsusilə gənclərin rolunu vurğulamaq istəyirəm. 2020-ci ildə 44 günlük Vətən müharibəsində olduğu kimi, müharibədən sonrakı dövrdə də gənclər fərqlənirlər. Gənclərimiz onlar haqqında formalaşan stereotiplərin hamısını qıraraq müsbət mənada nə qədər düzgün olduqlarını sübut etdilər. Aksiyada da müşahidə etdiyimiz kimi, gənclər QHT-lərlə bir araya gələrək  etirazlara dəstək olurlar ki, bu çox sevindirici haldır. Savadlı, işıqlı, ağıllı, gələcəyi bilən, Vətənini sevən, düşüncələrində haqqı, ədaləti tələb etməyin mümkünlüyünü cəmiyyətə və bəzi sapı özümüzdən olan baltalara göstərən gəncliyi görmək məni çox qürurlandırır. Milli məsələ müzakirəsiz məsələ olmalıdır. Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı olan məsələlərdə biz birləşməliyik. Ayrı-ayrı məsələlərlə bağlı narahatlıq, narazılıq, tənqid ola bilər, bunsuz inkişaf olmaz, amma Qarabağ Azərbaycanın milli məsələsidir. Buna görə də QHT, dövlət qurumları, eyni zamanda Kütləvi İnformasiya Vasitələri (KİV) bu məsələdə birlik göstərməyi bacardı”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR