İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlir və valyuta ehtiyatlarımız böyük təhlükədə - ABŞ-da defolt olarsa...

1666 13.05.2023 10:02 İqtisadiyyat A A

Baydenin xəbərdarlığı ciddiyə alınacaqmı?

ABŞ-da dövlət borcunun yuxarı tavanının artırılması ilə bağlı müzakirələr davam edir. Mayın 11-də prezident Co Bayden tavanın artırılmaması halında yarana biləcək vəziyyətdən danışıb: “Konqres borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, ABŞ-ın defoltu bütün dünyada iqtisadi problemlərə gətirib çıxaracaq. Əgər borcumuzu yerinə yetirməsək, bütün dünyada problemlər olacaq. Amerikanın etibarlı tərəfdaş kimi zəhmətlə qazandığı reputasiyasının qorunması ilə bağlı çoxlu müzakirələr gedir”.

Ağ Ev rəhbəri deyib ki, defolt Amerika iqtisadiyyatı, həm də dünya üçün çox risklidir: “İndi tənəzzülə imkan vermək, milyonlarla iş yerini, Amerikanın dünya səhnəsindəki statusunu riskə atmaq vaxtı deyil”.

Mayın 9-da Baydenin Oval kabinetində prezidentin, Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkartinin və digər şəxslərin iştirakı ilə bir saata yaxın müzakirələr aparılsa da, ortaq məxrəcə gəlinməsi mümkün olmayıb. Respublikaçılar təkidlə dövlət xərclərinin azaldılmasını, daha sonra borc tavanının artırılmasını tələb edirlər. Demokratlar isə tavanın artırılması üçün heç bir əlavə şərti qəbul etmirlər.

ABŞ maliyyə naziri Canet Yellen mayın 12-də Bloombergə bildirib  ki, Konqres razılığa gələ bilməsə, bu, ölkənin kredit reytinqinə çox ciddi zərər vuracaq.

Artıq problemin aradan qaldırılması üçün qalan müddət 1-2 həftə ilə ölçülür. C.Yellen bəyan edib ki, Konqres tavanı artırmasa, iyunun 1-dən hökumətin dövlət borclarını ödəmək imkanı tükənə bilər.

Mayın əvvəlində Ağ Ev Maliyyə Nazirliyi və Konqresin büdcə idarəsinin hesabatını açıqlayıb. Hesabatdan aydın olur ki, defolt baş verərsə, ölkə ÜDM-i 6 faiz azalar, 8 milyon iş yeri bağlanar, fond bazarlarında 45 faizlik eniş qeydə alınar, dollar dünya valyutası rolunu itirər.

Xatırladaq ki, 1960-cı illərdən bəri ABŞ-da dövlət borcunun yuxarı həddi 80 dəfə artırılıb. Son illərədək bu məsələ ilə bağlı hökumətlərlə Konqres arasında hər hansı fikir ayrılıqları olmayıb. Yalnız 2010-cu illərdən başlayaraq, bu məsələ Konqresdəki müxalif çoxluqla hakimiyyətdə olan qüvvə arasında ciddi çəkişmə obyektinə çevrilib. Məhz bu çəkişmələrə görə hər il ABŞ-da defolt təhlükəsi yaranır. 2013-cü ildə hətta ABŞ hökuməti büdcə təsdiqlənmədiyinə görə fəaliyyətini 2 həftəliyə dayandırmalı olub.

Sonuncu dəfə ABŞ-da dövlət borcunun tavanı 2021-ci ildə artırılaraq 31,4 trilyon dollara çatdırılıb. 2023-cü il yanvarın 19-da ABŞ-ın dövlət borcu bu tavana çatıb. Yaxın 1-2 həftə ərzində hökumətlə parlament dövlət borcunun yeni tavanı barədə razılığa gələ bilməsə, ABŞ-da texniki defolt baş verə bilər.  Lakin bunun reallaşması ehtimalı çox cüzi qiymətləndirilir: son 40 ildə ABŞ dövlət borcunun yuxarı həddi 45 dəfə artırılıb.

Qeyd edək ki, borcun yuxarı həddinə çatıldıqdan sonra ABŞ Maliyyə Nazirliyi fövqəladə tədbirlərə əl atıb: Pensiya Fondu Dövlət Xidmətinin, Poçt Xidmətinin pensiyaçıları üçün Əmək Qabiliyyətsizlik və Səhiyyə Müavinətləri Fondunun maliyyələşdirilməsini dayandırıb. Maliyyə naziri Cenet Yellenin sözlərinə görə, bu qısamüddətli addımlar ABŞ hakimiyyətinə iyuna qədər öz öhdəliklərini icra etməyə imkan yaradacaq. Ona qədər dövlət borcunun yuxarı həddinə dair hökumətlə parlament arasında kompromis əldə olunmasa, ABŞ-da texniki defolt elan edilə bilər.

Konqresin Nümayəndələr Palatasında üstünlükdə olan respublikaçılar dövlət proqramlarının xərclərini azaltmaq niyyətindədirlər. Onlar 10 illik balansı federal büdcə layihəsinin hazırlanmasına, bu zaman mövcud prezidentin administrasiyasının qərarı ilə icra olunan xərcləmələrin 2022-ci il səviyyəsində məhdudlaşdırılmasına çağırırlar.

Ağ Evdə respublikaçıların bu yanaşması ilə razılaşmırlar. Qurumun mətbuat katibi Oliviya Dalton bu barədə konkret danışıb: “Borc tavanı barədə danışıqlar olmayacaq. Konqres bunu Donald Trampın dövründə 3 dəfə etdiyi kimi, heç bir şərtsiz etməlidir”.

Bir qrup respublikaçı və demokrat parlament üzvü kompromis variant kimi dövlət borcunun yuxarı həddini konkret məbləğlə ifadə etməyib, onun ölkə ÜDM-in həcminə nisbətinə bağlamağı təklif edirlər.

MANAT KƏSGİN UCUZLAŞA BİLƏR – Milli valyuta təhlükədədir - Azinforum.az  İnformasiya Portalı

Respublikaçılar və Demokratlar arasında razılıq əldə olunmazsa, defoltdan qaçmaq üçün başqa bir yol dövlət borcuna daxil edilməyən platin pulların buraxılmasıdır. ABŞ qanunvericiliyinə əsasən 1 trilyon dollara qədər belə platin sikkələrin buraxılması mümkündür. Maliyyə Nazirliyi bu sikkələri Federal Ehtiyatlar Sisteminə verməklə borcun yuxarı həddinin artırılması zərurətini aradan qaldırmış ola bilər. The Wall Street Journal-ın yazdığına görə, bu variantın qatı tərəfdarı olan Nobel mükafatı laureatı Pol Kruqman Bayden administrasiyasındakı məmurlar və demokratlarla bəzi müzakirələr aparıb. Lakin maliyyə naziri Yellen bu variantı real saymır, onun fikrincə, müstəqil qurum olan FED sikkələri qəbul etməyəcək.

Analitik mərkəzlərə görə, ABŞ-da texniki defoltun baş verməsi əslində ölkənin iqtisadiyyatı üçün böyük problemlər yaradacaq hal deyil: hansısa bir xərcin 1-2 gün gec maliyyələşməsi fəlakət sayılası hadisə deyil. Lakin bu hadisənin baş verməsi faktının ABŞ və dünya bazarlarına təsirləri kifayət qədər dağıdıcı ola bilər. Çünki ABŞ təkcə dünyanın bir saylı iqtisadiyyatına deyil, qlobal bazarların, maliyyə sisteminin fundamentini təşkil edən valyutaya sahib ölkədir. Hazırda dünya ticarətinin 40 faizi dollarla həyata keçirilir. Dünyada mövcud olan valyuta ehtiyatlarının 60 faizdən çoxu dollarladır. Bu mövqe ABŞ-a imkan verir ki, zəruri hallarda dövriyyəyə əlavə dollar buraxmaqla öz öhdəliklərini vaxtında icra edə bilsin. Lakin bu mövqe həm də ABŞ dövləti üzərinə çox nəhəng məsuliyyət qoyur: hər hansı addım atanda yalnız özünün deyil, ondan asılı olan dövlətlərin, bütövlükdə qlobal iqtisadiyyatın mənafeyini nəzərə alsın.

Uzun illərdir dollar təminatlı ABŞ dövlət qiymətli kağızları ən etibarlı yatırım hesab olunur. Son məlumatlara görə, ABŞ dövlət istiqrazlarının ən böyük alıcısı Çindir - 1,18 trilyon dollarlıq kağız alıb. İkinci yerdə 1,03 trilyon dollarla Yaponiya, ardınca 300 milyard dollarla Braziliya, 299 milyard dollarla İrlandiya, və 274 milyard dollarla Böyük Britaniya gəlir. Ümumilikdə, ABŞ dövlət borcunun 30 faizə yaxını - 6,21 trilyon dolları xarici borclanmanın payına düşür. Bu isə defolt halında həmin borcu alan investor dövlətlər üçün çox ciddi problemlərin yaranması demək olar.

Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın hər hansı xərci vaxtında qarşılaya bilməməsi texniki baxımdan defolt sayılsa da, köklü iqtisadi problemlərdən deyil, sırf siyasi qarşıdurmadan yarandığına görə ciddi iqtisadi təsirləri olmaya bilər. Lakin digər qrup ekspertlər hansı səbəbdən olursa-olsun, defolt faktının ABŞ və onun valyutası üçün çox böyük problemlər yaradacağını bildirirlər: ABŞ dövlət kağızlarını  saxlayanlar qısa müddətdə onlardan qurtulmağa çalışacaqlar ki, bu da ölkə üçün ciddi maliyyə yükü formalaşdıracaq.

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 % artırıb

Digər tərəfdən, dünyadakı qızıl-valyuta ehtiyatlarının 60 faizinin saxlandığı dolların nüfuzuna ciddi zərbə dəyəcək, qlobal bazarlarda onunla ticarət zəifləyəcək. Bu isə digər böyük iqtisadiyyatlı ölkələrdə, xüsusilə də öz valyutasının məzənnəsini dollarla tənzimləyən Çində böyük problemlər yaradacaq. Nəticədə dollarla bərabər digər güclü valyutaların da iflası baş verəcək, bu isə qlobal iqtisadi böhran, qarşısının alınması mümkün olmayan inflyasiya ilə sonuclanacaq...

Əksər analitik mərkəzlər ABŞ-da defoltun olmayacağına əmindirlər. Onlar hesab edirlər ki, nə respublikaçılar, nə də demokratlar belə bir məsuliyyətin altına girməyə cəsarət etməyəcklər. Artıq bir sıra nüfuzlu nəşrlər demokratların dövlət xərcləmələrinin onların məqbul saydıqları mexanizm əsasında ixtisarını nəzərdə tutan layihə üzərində işlədiklərinə dair məlumat yayırlar. Bununla yanaşı, respublikaçıların da ixtisar tələbini ciddi şəkildə yumşaltmağa hazırlaşdıqları deyilir.

Qeyd edək ki, dollarla ticarət edən, bu valyuta ilə yatırımlara sahib ölkələr ABŞ-dakı müzakirələri yaxından izləyirlər. Əsas gəliri dollarla satılan neft-qazdan olan Azərbaycan da belə ölkələrdəndir. Azərbaycanın valyuta ehtiyatlarının çox böyük hissəsi dollarla saxlanılır. Bu ilin birinci rübünün yekununda ölkənin əsas ehtiyatlarının toplandığı Dövlət Neft Fondunun portfelində dolların payı 70 faiz təşkil edib. Mərkəzi Bankın ehtiyatlarında da üstün pay dollardadır. Bu isə dolların nüfuzuna mənfi təsir edəcək defoltun Azərbaycana çox ciddi təsirlərinin olacağı deməkdir.

Məsələn, mayın 9-da ABŞ-da tərəflər razılığa gələ bilmədikdən sonra dünya neft bazarında qiymətlərin 4 dollara qədər ucuzlaşması qeydə alınıb. Fond bazarlarında da əsas indekslərdə azalma müşahidə olunur. ABŞ-dakı defoltun qlobal iqtisadiyyatda yaradacağı böhran Azərbaycanı böyükhəcmli neft-qaz gəlirlərindən məhrum edə, dollarla ifadə olunan ehtiyatlarının mühüm hissəsinin dəyərsizləşməsinə gətirib çıxara bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR