İnsanlara hürriyət, millətlərə istiqlal!

Gediş haqqı 3 manat olsun

9261 10.04.2022 17:20 Yazarlar A A


Avtobusda adam daşıyan şirkətlər Tarif Şurasına müraciət ediblər, gediş haqqını qaldırmaq istəyirlər. Deyir, 30 qəpik bizə sərf eləmir, uşağın birini xaricdə oxutdurmalıyıq, o biri varlı kişiyə ərə getməlidir, arvad şuba istəyir, villanın qarovulçusuna qızıl diş, məşuqənin arabasına təzə disk qoydurmalıyıq və sairə.

Əlbəttə, bahalaşmanı zəruri edən səbəbləri zarafat üçün yazdım, daşımaçılar başqa arqumentlər irəli sürür: dünyada ehtiyat hissələri bahalaşıb, təzə avtobuslar ala bilmirik, investisiya qoya bilmirik, xərc borcu ödəmir, sürücülər acdır, ac... Bircə onu qeyd etməyi unudublar ki, bəzi avara sərnişinlər avtobusun oturacağını cızır, buna qarşı tədbir görməliyik, nəşə, “patı” çəkib marşruta girən sürücülərin müalicə xərcləri də xeyli pul aparır, ən azı bunları xəstəxanada ziyarət eləmək üçün apelsin almalıyıq.

Vallah, mənə elə gəlir ki, biz toplum olaraq zibilə düşmüşük, üzr istəyirəm. Hara baxırsan öz xərclərini millətin belinə şəlləmək istəyən, sürü şəklində dolaşan ibtidai yırtıcılar – oliqarxantroplar görürsən. Dünyada gediş haqqının qalxmağından danışırlar, lakin dünyada maaş və pensiyaların artımından, vaxtında indeksasiya edilməsindən heç kim danışmır. Halbuki, inflyasiya, qiymət artımı elə birbaşa xalqın cibinə girməkdir. Onun var-yoxunu oğurlamaqdır.

Dünyada hökumətə beş-on manat yardım üçün yalvaran dilənçilər yox, özünü idarə edən, vaxtaşırı seçkilər keçirib sərf eləməyən məmurları qovan millətlər var. Bunları danışan yoxdur. Dünyada ictimai nəqliyyatı yerli sakinlər üçün pulsuz, müftə edən Estoniyanın Tallin şəhəri, Lüksemburq dövləti kimi yerlər var. Dünyada velosiped yolları avtomobil yollarını ötən Niderland var. Bizdə isə adam yeriməyə səki yoxdur. Bunu danışan var? Yoxdur.

Tarif Şurasına sərnişinlər adından müraciət eləyək, qoy o xalqın malını talayan məmurlara xüsusi vergilər kəssin. Çox oğurlayan çox ödəsin. O zaman baxarıq görək bir rəisin, prokurorun, icra başçısının, deputatın obyektləri hesabına neçə avtobus marşrutunu pulsuz eləmək olar.

Hələ məsələnin başqa maraqlı, türkün sözü, ilginc tərəfi də var: axı biz bu cındır daşımaçı şirkətlərin avtobuslarını elə özümüz alıb vermişik! Vaxtaşırı görürsən dövlət büdcəsi hesabına yüzlərlə avtobus alındı. Hərəsi 200, 300, 500 min manatlıq. Ən bahalı, ən son modellər. Avtobuslar düzülür Azadlıq meydanına, əlaqədar orqanların iştirakıyla gözaydınlığı verilir, lent kəsilir, nə bilim, marşrutun siftəsi edilir. Dövlət büdcəsi Azərbaycan xalqının puludursa, biz öz pulumuzla aldığımız avtobusda hansısa P.xludərəyə getmək üçün niyə 30 qəpikdən artıq ödəməliyik? Hələ 30 qəpik də çoxdur.

Lakin biz o avtobusları özümüzün aldığımızı indi kimə sübut edə bilərik? Hökumət nümayəndələri mürəkkəb sxemlərlə pulların, maşınların izini elə itiriblər, Şerlok Holmsun dədəsi gəlsə tapmaz. Məsələn, guya avtobus marşrutları tenderlə seçilir. Ancaq faktiki məmurlar, onların “qahım-əqrəbaları” arasında bölüşdürülüb. İkincisi, avtobuslar marşrut yiyələrinə də tender üsuluyla verilməlidir, lakin saxta sənədlərlə icarəyə götürüb sürürlər.

Bakı şəhərinin ictimai nəqliyyat sektoru de fakto və de yure (yəni, faktiki və hüquqi) xaos durumundadır. Kim kimə tabedir, kimin marşrutu kimin xəttindən çıxır – bilən yoxdur. Bakubus adlı şey düzəltdilər, guya tam dövlətin tabeliyində idi. Sonra Bakı Nəqliyyat Agentliyi qayırıldı. Onu gah Bakı ŞİH-ə verdilər, gah DİN-ə. Hələ bir dənə “BNA nəzdində nəqliyyatın intellektual idarəsi agentliyi” vardı, onun axırı necə oldu... Mən son dəfə baxanda beynəlxalq avtovağzal Mədəniyyət Nazirliyinə tabe idi, sonra izi itirdim.

Belə xaos vəziyyətində niyə gediş haqqını qaldırmasınlar? Etiraz edən varmı? Yoxdur. Hamımız razıyıq, sıx birləşirik, Tarif Şurasını da söyürük.

Təbii, dodağımızın altında. Bərkdən söymək mədəniyyətsiz hərəkətdir. İctimai yerlərdə mədəni olmalıyıq. İctimai yer deyəndə isə uca millətimiz avtbusun, metronun içini düşünür, çünki başqasını görməyə qoymayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR