İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə klubunun qaranlığı

3496 04.04.2022 08:11 Yazarlar A A


Molla Nəsrəddinin bir lətifəsi var, peyini doldurur küpəyə, üstündən barmaq qalınlığında yağ çəkir, aparır bazarda satmağa. Alıcı gəlir, barmağını yağa batırmaq istəyir, Molla deyir: “Eşələmə, qoxusu çıxar”. Adam sözə fikir vermir, yağı alır aparır. Evdə məsələ aşkara çıxanda qəzəblə bazara dönür, etirazını bildirəndə Molla deyir ki, mən sənə xəbərdarlıq eləmişdim, günah özündədir.

Dünən Bakının mərkəzində gecə klubunda qaz partlayışı olanda bu lətifə yadıma düşdü, əlbəttə, mərhum və xəsarət alanlardan üzr istəyirəm, prinsipcə vəziyyət ağlamalıdır.

Söhbət ondan gedir ki, bizim bir çox işlərimiz həmin gecə klubunun vəziyyətindədir. Yəni, üstü bəzəkdir, altı təzək.

Turizmi inkişaf elətdirmək istəyirik, özlüyündə çox yaxşı məqsəddir, iqtisadiyyatımıza xeyirdir, ancaq paytaxtın göbəyində, ən mərkəzi küçədə heç bir elementar təhlükəsizlik qaydalarına əməl olunmadan klub işlətməyə icazə veririk. Sual da verəndə hamı sanki təbii haldır deyə başını yelləyir: “Guya bilmirsiniz buranın yiyəsi Filankəs müəllimdir?”

Axı necə olur, Avropadan Asiyaya kəmər çəkib, qaz satan bir ölkənin paytaxtında hələ də balon işlədirlər? Bəyəm bu, hansısa dağda alpinizm klubudur, ya meşə turizmi üzrə klubdur? Yox, gecə klubudur. Və buranın qaza ehtiyacı vardısa, mütləq normal qaz borusu çəkilməliydi. Təbii, əlaqədar orqanlar vaxtında gəlib rüşvətini alıb getməsəydi.

Klubun dəbdəbəli interyerindən, eksteryerindən foto-videolar yayılır, bir də o məşum balonların qoyulduğu hissədən. Tam paradoksdur. Salonda mərmər heykəllər, işıq-mışıq, balonlar qoyulan yer tövlə. Elə bil ucqar kənddə yolqırağı, uçuq-sökük çayxananın mətbəxi üzərində Las Veqas kazinosu qayırmısan. Sizin “infrastruktur islahatı”nız budur?

indir (3).jpg (62 KB)

Uca millətimizi tarixi boyunca çox ilanlar çaldığı, gözü qorxduğu üçün indi hər ala çatını ilana oxşadır və bu partlayışdan dərhal sonra da terror izləri gəzirik. Məsələn, deyirlər qaz balonu elə şiddətlə partlaya bilməz. Təhlükəsizlik mütəxəssisi deyiləm, ancaq qısa ömrümdə rast gəldiyim bəzi faktlar deyir ki, propan qazı doldurulan balon hətta bundan da ağır partlayış və fəlakətə səbəb ola bilər. Füzuli rayonunda yas mərasimi keçirilən çadırda qaz balonu partlayanda 10 nəfərdən çox insan ölmüşdü. Bakıda, dünyanın başqa şəhər və yerlərində də qaz balonu partlayışı çox canlar alıb. Burada ilk növbədə salonun quruluşu, hava ventilyasiyası, balonların hara qoyulması önəmlidir. İkincisi, o balonları tam, axıra qədər doldurmaq instruksiyaya görə qadağandır, həmişə başında boş yer saxlanmalıdır ki, ətrafda temperatur dəyişikliyi zamanı qaz içəridə genişlənəndə borunu dağıtmasın. Bunun üçün balonların ağzında xüsusi ölçü cihazları (yanılmıramsa reduktor adlanır) olur, balonu təhlükəli həddən artıq doldurmağa imkan vermir. Bizdə hansı qaz balonunda reduktor görmüsünüz? Gecə klubundakı balonlarda da belə qurğular gözə dəymirdi. (Əlbəttə, qəza yerindən çəkilən kadrlar bizi aldada bilər, bu ehtimalı yüz faiz əminliklə yazmıram).

Terror təhlükəsi, hadisəni Rusiya, Ermənistan və ilk baxışdan nə qədər qəribə də görünsə də Ramazanın girməsiylə bağlayanlar var. Hər şey mümkündür. Necə deyərlər, bütün versiyaların yaşamaq hüququ var. Hətta bəzi dindarlar “əcəb oldu, Ramazanda gecə klubları bağlansın” deyirmiş. Bu da başqa qütbləşmiş təfəkkürdür, yanlışdır, ona qalsa İraqda, Suriyada, Yəməndə, Əfqanıstanda bizdəkindən çox məscid var, bu faktor oralarda partlayışların sayını azaldırmı? Azaltmır.

Sözgəlişi, klubda xəsarət alanlar içində əcnəbilərin olması Sabirin ünlü şeirini sanki tamam başqa rakursdan səsləndirdi: “Əcnəbi klubda balondan partlayır, Biz hələ paytaxtımıza mer seçə bilmirik”.

Ölənlərə rəhmət, yaralılara səhhət.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR