İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB şefi İranı ABŞ rəsmilərinə terror hazırlamaqda suçladı - sensasion açıqlama

522 02.11.2023 08:38 Gündəm A A

Partiya sədrləri hesab edir ki, indiki halda ABŞ 3-cü cəbhənin açılmasına getməz

İran növbəti dəfə ABŞ-ın terror ittihamları ilə üzləşib. İsrail-Fələstin savaşına İranın da cəlb olunması ehtimalının çoxaldığı, paralelində onun özünün vurulacağına dair proqnozların verildiyi bir vaxtda Tehran terror fəaliyyətində ittiham edilib.  

“İddialara görə, İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin keçmiş və indiki yüksək rütbəli ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırıb”.

APA xəbər verir ki, bunu ABŞ Konqresinin Senatında keçirilən dinləmələrdə çıxış edən ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.

O bildirib ki, İranın “əsas strateji tərəfdaşı” olan “Hizbullah”ın casusluq və pul axtarışı da daxil olmaqla, ABŞ daxilindəki fəaliyyətinin uzun tarixi var.

Bu baxımdan, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini nəzərə alaraq, FTB direktoru bildirib ki, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun İran da daxil olmaqla, xarici aktorların ABŞ daxilindəki hərəkətlərinə necə təsir göstərə biləcəyini təhlil edir.

FTB direktorunun indiki vaxtda bu açıqlaması hansı anlama gəlir? İranın terror cəhdində suçlanması, bunun FTB şefi səviyyəsində bəyan olunması Tehrana nə vəd edir? Bunlar İrana qarşı hansısa əməliyyatların anonsu sayıla bilərmi? Yoxsa bu, İranı İsrailə qarşı savaşmaqdan çəkindirmək üçündür?

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

 Asim Mollazadə 

Deputat, DİP sədri Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, FTB direktorunun səsləndirdiyi ittihamları əvvəllər də digər ABŞ rəsmiləri səsləndirib: “Bu, ilk belə ittiham deyil. Çox güman ki, bu bəyanatın nəyə əsaslandığını gələcək açıqlamalarında qeyd edəcəklər. Digər tərəfdən də İran son vaxtlar bir neçə dəfə İsrailə hücumda iştirak etmədiklərini bəyan edib”.

Deputat hesab edir ki, ABŞ yaxın vaxtlarda hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək: “Hazırda ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyi verir. Bu, çox böyük xərclərdir. İndiki halda İsraillə bağlı da böyük xərcləri var. İndiki halda ABŞ 3-cü cəbhənin açılmasına getməz”.

AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı xəbərinin 20 ilə yaxın tarixi var: “İllərdir ki, belə bəyanatlar eşidirik, amma nə ABŞ İrana hücum edir, nə İran ABŞ-a qarşı hər hansı konkret addım atır. Quru bəyanatlardan o tərəfə keçmirlər”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı

Partiya sədri deyib ki, ABŞ rəsmisinin səsləndirdiyi bəyanat daha çox təhdid xarakterlidir: “İsrail hazırda bir qrup terrorçunun qarşısında aciz duruma düşüb. İsraili bu durumdan çıxarmaq üçün ABŞ İranı təhdid edir ki, Fələstindəki qruplaşmalara yardımı dayandırsın. Digər tərəfdən də regionda öz varlığını nümayiş etdirməyə çalışır. Eyni zamanda ABŞ belə bəyanat verməklə diqqəti İsrailin Fələstində törətdiyi terror, uşaq qatliamından yayındırmağa çalışır”.

Partiya sədrinin sözlərinə görə hazırda 2-ci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəni dəyişir: “Yeni dünya düzənində qruplaşmalar, mərkəzləşmələr prosesi davam edir. ABŞ yeni dünya düzənində də lider olmaqda davam etdiyini göstərməyə çalışır və buna uyğun addımlar atır. Yeni dünya düzəninin iştirakçıları ABŞ, Rusiya, ÇİN, Britaniya və nisbətən də Türkiyədir. Hazırda dünya təhlükəli dönəmə daxil olub. Rusiyanın ikinci adamı Medvedyevin Ukraynanı, Almaniyanı nüvə silahı ilə təhdid etdiyi zamanda ABŞ-ın İranı təhdid etməsində qeyri-adi nəsə yoxdur. Belə bir zamanda ABŞ-ın İrana qarşı cəbhə açması da inandırıcı deyil”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR