İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın xarici işlər naziri Cənubi Qafqaza gəlir - niyə və ya hansı təkliflərlə...

639 27.04.2023 14:07 Siyasət A A

Rəsmi Paris Bakı ilə arasındakı “soyuq küləkləri” durdurmaq istəyir?; ekspertlər deyir ki... “Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir”

Zaman-zaman işğalçı Ermənistanı dəstəkləyən, İkinci Qarabağ savaşı zamanı və postmüharibə dövründə Azərbaycana qarşı açıq şəkildə qərəzli münasibət göstərən, ərazi bütövlüyümüzə qarşı təhdidlər yağdıran Fransa, deyəsən, artıq reallıqları dərk etməyə başlayır.

Düzdür, aprelin 24-də qondarma rejimin oyuncaq “xarici işlər naziri” Sergey Qazaryan İrəvanda Fransa Senatında çoxluğa malik “Respublikaçılar” fraksiyasının rəhbəri, Senatın beynəlxalq informasiya qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə 134 günlük “blokada”nın nəticəsində yaranmış “humanitar vəziyyət”in müzakirə olunduğu iddia edilir. Bu dəfə də absurd blokada nağıllarından bəhs olunub, həmçinin Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyannamənin müddəalarını “pozmaqda” ittiham edilib, xüsusilə də aprelin 23-ü ərəfəsində Azərbaycan tərəfindən Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin “qanunsuz quraşdırıldığı” və beynəlxalq ictimaiyyət tərəfindən operativ reaksiya verilməsinin zəruriliyindən danışılıb. Bu iddialar tam əsassız olduğu kimi, fransız senatorunun separatçı biri ilə görüşü də qəbulolunmazdır. Lakin görünən budur ki, Fransa, ABŞ, Kanadanın timsalında yenidən gərginliyi körükləməyə cəhd göstərənlər var. Azərbaycan dövləti belələrinin cavabını verməyə qadirdir. Necə ki, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Kanadanın xarici işlər naziri Melani Jolinin aprelin 25-də verdiyi bəyanatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi kəskin reaksiya verib.

Rəsmi Bakı bildirib ki, bu bəyanat ciddi anlaşılmazlıq yaradır. “Kanada tərəfinə məlum olmalıdır ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin legitim hüququdur və bütün beynəlxalq qaydalar çərçivəsindədir. Bu məntəqənin təsis edilməsi Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş milli təhlükəsizlik qərarıdır. Bu xüsusda, qeyd edilən məntəqənin təsis edilməsinin sülh prosesinə və bölgədə sabitliyə təsir etdiyi barədə fikirlər yanlışdır. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək. Bununla yanaşı, Laçın yolunun bağlı olması ilə bağlı Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur. Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək”, - məlumatda qeyd edilib. Bildirilib ki, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şəraitin mövcud olduğu bir daha bəyan edilir: “Bununla yanaşı, Kanadanın xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə yanlışlıqla "Dağlıq Qarabağ" kimi istinad etməsi qəbuledilməzdir. Bir daha açıqlamalarda bu kimi məqamlara Kanada tərəfindən diqqət yetirilməsini zəruri hesab edirik".

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurmasından narahatlığına da şübhəsiz ki, müvafiq cavab veriləcək. Hər kəs anlamalıdır ki, Azərbaycan suveren hüquqları çərçivəsində, beynəlxalq hüquqa istinad edərək hərəkət edir. Əslində Azərbaycan tam haqlı olduğu və siyasi iradəsindən dönmədiyi, təhdidlərə, hədə-qorxulara boyun əymədiyi üçün onun Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla hər kəsin gec-tez barışmaqdan başqa yolu qalmayacağı gözlənilməz deyildi. Belə demək mümkünsə, ilkin vaxtlarda sanki nəbz yoxlayırdılar. Habelə, Azərbaycanın bölgədə və dünyada gedən proseslərdə, xüsusən enerji və təhlükəsizlik məsələlərində önəmli rola malik olması bütün tərəfləri rəsmi Bakı ilə hesablaşmağa, onunla əməkdaşlığa sövq edir. Bu kontekstdə maraqlı daha bir hadisə baş verməkdədir.

Bu mənada uzun illərdir anti-Azərbaycan mövqeyinə görə çox irəli çıxmış Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycana planlaşdırılan səfəri həssaslıqla izlənməkdədir. Səfər haqqında Fransanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, XİN başçısı Kolonna aprelin 26-28-də Azərbaycanda və həmçinin Ermənistanda səfərdə olacaq. Bu səfərdə diplomat Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edəcək. Fransalı diplomat Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Fransız nazir həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək. Əslində bu səfəri “Qafqaz turnesi” də adlandırmaq olar və onun iki ölkəyə səfər edib, geri qayıtması Bakı ilə münasibətlərə zərbə vura bilərdi. Fransa isə Azərbaycanla soyuq küləklərin əsməsində maraqlı olarsa, bu, ona fayda gətirməyəcək, xüsusilə də ermənilərin saxta iddialarına görə...

Məlumata görə, Fransa XİN başçısı İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək. Aprelin 28-də isə xanım Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstan Respublikasının Prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşləri nəzərdə tutulur. Əlbəttə, Fransanın mövqeyində böyük dəyişiklik gözlənilməsə də, fransız nazirin Bakıya səfərinin özü mühüm əhəmiyyət kəsb edir. Belə görünür ki, Fransa yanlış siyasətini hansısa formada dəyişmək və reallıqlara uyğun davranmaq kursuna keçid alır. Bundan sonra Fransanın Azərbaycana münasibətdə ən azı siyasi etika çərçivəsində davranacağını gözləmək olarmı? Fransa XİN başçısı indiki həssas məqamda - sülh danışıqlarının növbəti raundu ərəfəsində Cənubi Qafqaza hansı təkliflə gəlir?

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Fransa Prezidenti Emmanuel Makronun prezidentliyinin ikinci müddətini davam etdirməsinə baxmayaraq, o, Azərbaycana bir dəfə də səfər etməyib, əvəzində iki dəfə Ermənistanda olub. Halbuki Fransanın Makrondan əvvəlki prezidentləri İrəvana gedəndə Bakıya da təşrif buyurardılar: “Bu, o illər idi ki, Fransa Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı. Makron prezident seçildikdən sonra balansı Ermənistanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı. Belə olan halda Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanla yanaşı, Azərbaycana səfərə gəlmək qərarını necə izah etmək olar? Görünür, Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır. Makron məhz bu məqsədlə nazirini İrəvanla yanaşı, Bakıya da göndərib”.

E.Şahinoğlunun sözlərinə görə, bizim üçün vacibdir ki, Paris bizi də eşitsin, realıqları dinləsin: “Onu da nəzərə almalıyıq ki, Fransa Avropa İttifaqının iki aparıcı ölkəsindən biridir, yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var. Fransa xarici işlər nazirinə Bakıda o da deyiləcək ki, Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir. Bu olmayınca, Fransa kənarda qalacaq”.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, Fransa Azərbaycana qarşı o qədər pisliklər edib ki, bundan sonra özünü necə aparacağını demək çətindir: “Əslində deyiləsi bir sözü və ya nəsə deməyə haqqı qalmayıb. Azərbaycan Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurmaqla yeni situasiya yaradıb. Fransa bununla bağlı da ən xoşagəlməz mövqe sərgilədi. Bütün bunlardan sonra bu ölkənin xarici işlər nazirinin konstruktiv təkliflə gələcəyinə ümidlər azdır. Fransa bu günə qədər siyasi etikadan kənar davranıb, indi o mövqedən geri çəkilmək zorundadır. Amma bunu anlayacaqmı? Ola bilər ki, erməniyə "məhəbbətlər"ini yenidən izhar etmək üçün növbəti dəfə səviyyəsiz davransınlar".

A.Nağı qeyd etdi ki, sülh danışıqlarının növbəti raundunun yaxınlarda baş tutacağı hələ ki real görsənmir: “Amma bu proses getməlidir. Fransa da öz yerini tapmalı, töhfəsini verməlidir. Bunun üçün isə Fransa Azərbaycan dövləti və xalqı qarşısında etdiyi günahlara görə etiraf və tövbədən başlamalıdır. Bu səfər başlamaq üçün bir fürsətdir. İstərdik ki, bu fürsətdən yararlansınlar”.

Səfirliyimizə hücumun arxasında Tehran rejimi - SEPAH dayanır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ | | Xural qəzeti

Məhəmməd Əsədullazadə

“Fransanın xarici işlər nazirinin Cənubi Qafqaz səfəri çərçivəsində Azərbaycana səfəri etməsi, düşünürəm ki, Parisin regionla bağlı yeni bir strateji xətt ortaya qoymasından irəli gəlir”. Bu fikirlər isə politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur. Ekspertin sözlərinə görə, prinsipcə, Parisin Azərbaycanla bağlı mövqeyində əhəmiyyətli dəyişikliklər edəcəyi gözlənilmir: “Amma Paris Azərbaycana təzyiq etmək taktikasının da hər hansı bir işə yaramadığının fərqindədir. Ona görə də bu səfərdə Paris çalışacaq ki, Azərbaycanla müəyən məsələlərdə razılaşsın. Xüsusilə Ermənistan-Azərbaycan məsələsində Parisin rolu demək olar ki, həlledici deyil, Azərbaycan bunu bilir. Ona görə də Fransa çalışacaq ki, Azərbaycanla münasibətləri yeni mərhələyə keçirsin, böhrana son qoysun”. Politoloq hesab edir ki, Fransanın Laçın yolu ilə bağlı mövqeyində tutduğu mövqe Azərbaycana qarşıdır: “Belə olan təqdirdə bu səfərdə biz Fransaya öz etirazımızı yenidən bildirməliyik. Bu səfərdən ciddi gözləntilərim yoxdur. Bu, regiona səfər çərçivəsində reallaşır və rəsmi Parisin mövqeyində biz müsbət dəyişiklikləri səfərdən sonra tutacağı mövqeyində görə biləcəyik. Fransa da görür ki, Laçın yolunda post qoyulub, bundan sonra atacağı addımlar öz əleyhinə işləyəcək. Bu səfərdə Fransa Ermənistanla Azərbaycan arasında vasitəçi olmağı təklif edəcək. Böyük ehtimalla Azərbaycan bunu qəbul etməyəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR