İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadakı səfirimizin geri çağırıla biləcəyi anonsu 

3229 29.12.2023 10:45 Siyasət A A

İki ölkə arasında münasibətlərdəki gərginlik davam edir; diplomatların “arzuolunmaz şəxs” elan edilib ölkədən qovulması dövlətlərarası qarşıdurmalarda ən sonuncu təsir və təzyiq metodlarından biri hesab olunur; Bakının növbəti addımı nə? 

Dekabrın 26-da Azərbaycan hökuməti Fransa səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib. Bildirilib ki, Fransa səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyət göstərib. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edilib. Həmin iki diplomatın Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilməsi Fransanın kəşfiyyat fəaliyyəti ilə əlaqəlidir. Diplomatik etiketlərə uyğun olaraq Azərbaycan onların adlarını açıqlamır.

Leyla Abdullayeva etimadnaməsini Fransa prezidentinə təqdim edib -  FOTO/VİDEO - Oxu.az

Diplomatların “arzuolunmaz şəxs” elan edilib ölkədən qovulması dövlətlərarası qarşıdurmalarda ən sonuncu təsir və təzyiq metodlarından biri hesab olunur. Tərəflərdən hər hansı birinin bu vasitəyə əl atması münasibətlərin son dərəcə gərginləşməsinin və kritik mərhələyə qədəm qoymasının göstəricisi sayılır. Onu da qeyd edək ki, rəsmi Paris də Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” elan edib. 

“Makron Fransanın bu rəzalətini dayandırmalı və Azərbaycan xalqından üzr istəməlidir. Makron hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı çox  haqsız, ədalətsiz, utancverici qərarlara yol verilib”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Azay Quliyev Fransa casus şəbəkəsinin ifşası və Fransa səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən deyib.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyi

Azay Quliyev

“Fransa bununla da birdəfəlik körpüləri yandırmış oldu. Fransanın etdikləri cavabsız qalmayıb və qalmayacaq. Azərbaycan Fransaya bununla bağlı sərt xəbərdarlıq edib, parlamentlərarası əlaqələr dayandırılıb. Fransa ilə əksər məsələlər dondurulmuş vəziyyətdədir. Hadisələr bu istiqamətdə davam edərsə, daha sərt, hətta səfirlərin məsləhətləşmək üçün geri çağırılması dərəcəsində addımların atılması istisna olunmur”, - Azay Quliyev bildirib.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

 

Deputat Bəhruz Məhərrəmov Fransa tərəfin bu addımını ucuz qısasçılıq adlandırdı: “Azərbaycanla Fransa arasında münasibətlərdə müşahidə olunan mövcud situasiyadan məmnun deyilik, lakin Fransa ilə münasibətlərin bu həddə çatması bizim seçimimiz deyil. Afrika və Okeaniyadakı mövqelərini itirmək üzrə olan, Cənubi Qafqazda isə məhz özünün qəbuledilməz gedişləri ilə artıq maraqlarını, ümumiyyətlə, təmin etmək imkanından məhrum qalan Paris Azərbaycanın gücünü və əhəmiyyətini doğru qiymətləndirməməklə əslində özünü daha çətin duruma salacağının fərqinə varmalı, Bakı ilə ritorikasında çox diqqətli olmalıdır. Makron rejimi anlamalıdır ki, qarşısında sülh vasitəçiliyi adı altında illərlə riyakarcasına davrandığı 90-cı illərin zəif Azərbaycanı yox, bölgədə diktə edən, əməkdaşlığı hədsiz fayda gətirən Azərbaycan var və münasibətlərin  normallaşması Bakıdan çox çürük fransız rejiminin özünə lazımdır.

Bildiyiniz kimi, qısa müddət öncə Qərb mətbuatında Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması barədə məlumatlar yayıldı. Daha sonra isə bildiyiniz kimi, Fransa xüsusi xidmət orqanının rəhbəri istefaya göndərildi. İstər bu fakt, istərsə də ötən dövr ərzində Fransanın regionda beynəlxalq hüquqa zidd davranışları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsiplərinə zidd fəaliyyəti fonunda əslində Parisin qeyri-dost mövqeyi ilə bağlı şübhə doğurmur. Xüsusən Fransa səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edilməsi, digər qəti addımların atılması vəziyyətin ciddiliyindən xəbər verir. 

Görünən odur ki, Azərbaycanın özünün yaratdığı, Fransanın isə qəbul etmək istəmədiyi reallıqları daha da gücləndirməsi fonunda Paris özünün başladığı “soyuq müharibə”də Bakıya rüsvayçı formada məğlub olub.  

Bilirsiniz ki, dekabrın 27-də Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşı Fransa tərəfindən “persona non qrata” elan olundu. Bizim əlimizdə “persona non qrata” elan etdiyimiz fransız diplomatlarla bağlı Azərbaycan xalqının mənafelərini hədəfə alan təkzibolunmaz dəlillər var idi. Bəs Fransanın əlində hansı faktlar var? Əgər Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarının əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən hər hansı pozuntu əlamətləri olsaydı, Paris bunu çoxdan car çəkərdi. Bu mənada, Fransanın cari həmləsi cavab xatirinə atılan ucuz qisasçılıq addımıdır və Parisin beynəlxalq hüquqla daban-dabana zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud olduğu ikitərəfli münasibətləri daha da gərginləşdirir".

Yaxın Şərqdə dəhşətli müharibə anonsu - İran da hədəfdə

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Azərbaycan tərəfin atdığı addımı əsaslı sayır: “Fransa hər zaman özünün Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Azərbaycan-Ermənistan arasında gərginlikdən istifadə etməyə cəhdlər edib. Makronun, eləcə də digər Fransa rəsmilərinin Qarabağ məsələsində qərəzli mövqe tutmaları, rəsmi Bakıya qarşı uydurma ittihamlarla çıxış etmələrinin arxasında da məhz bu məqam dayanır. 

Agentura şəbəkəsinin Azərbaycanda ifşa edilməsi, xüsusi xidmət orqanları tərəfindən cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxsləinr həbs olunması və saxlanılması həmin şəxslərin “arzuolunmaz şəxslər” elan olunan Fransa səfirliyi əməkdaşları ilə iş birliyində olduğuna şübhə yeri qoymur. 

Diplomatların fəaliyyət göstərdikləri ölkələrdə toxunulmazlığa malik olduqlarını, yəni, yerli qanunlarla cinayət məsuliyyətinə cəlb oluna bilmədiklərini nəzərə alsaq, onların “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-qrata” elan edilməsi tamamilə əsaslıdır. 

Sözsüz ki, Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır. Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları Fransa xüsusi xidmət orqanlarının mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu, Fransa kəşfiyyatının son illərdə uğradığı ən böyük uğursuzluq olmaqla yanaşı, sözsüz ki, Azərbaycan xüsusi xidmət orqanlarının da növbəti peşəkar qələbəsidir. Təsadüfi deyil ki, Qərb mediası Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini məhz Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib.

Təəssüf ki, Fransa baş verənlərdən nəticə çıxarmaq  əvəzinə öz diplomatlarının əməllərinə faktiki olaraq haqq qazandıran mövqe sərgiləyir və bu da azmış kimi, Fransadakı səfirliyimizin iki əməkdaşını “persona-non-qrata” elan edib. Bu, əslində bir cavab tədbiri olsa da, Fransanın acizliyinin göstəricisidir. Çünki Azərbaycanın Fransa səfirliyinin əməkdaşları ilə bağlı qərarı konkret faktlara əsaslanır. Fransa isə bu addımı ilə növbəti dəfə Azərbaycana qarşı qərəzini nümayiş etdirmiş olur. Əgər Fransanın əlində Azərbaycanın Fransadakı diplomatlarının Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətləri ilə bağlı faktlar olsa idi, bunun çoxdan bəyan edər və əməkdaşlarımızla bağlı qərarı da çoxdan verərdi. İndiki halda isə, bir daha təkrar edirəm ki, sadəcə, acizliyin göstəricisidir. 

Azərbaycanla Fransa arasında münasibətlərin bu səviyyəyə gəlib çatmasının Ermənistanın uğuru kimi təqdim edilməsi isə yanlışdır. Çünki ortada Fransanın Cənubi Qafqaz maraqları var və Fransa məhz bu maraqlarının təmin etmək üçün dəridən-qabıqdan çıxır. Ermənistan isə sadəcə alətdir. Yəni başqa sözlə ifadə etsək, Ermənistan olmasa belə öz maraqlarını təmin etmək üçün Fransa Azərbaycana müxtəlif yollarla təzyiqlər etməyə bəhanələr tapacaqdı".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR