İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkətinin rəhbərliyini Bakıya gətirən səbəb - təhlil

1169 12.05.2023 12:36 İqtisadiyyat A A

“Abşeron”da hasilatı yubadan “Total Energies”in “təmiz enerji” marağı şübhəli görünür

Fransanın “Total Energies” şirkətinin  kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz Azərbaycana gəlib. Mayın 11-də onu Prezident İlham Əliyev qəbul edib.  Rəsmi məlumata əsasən, görüşdə SOCAR-la “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi deyilib. “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.

Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını deyib. Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2022-ci ili “Total Energies” rekord həcmdə - 36,2 milyard dollar mənfəətlə başa vurub. Ötən ilin sentyabr ayında “Total” Qətərdə nəhəng qaz yatağının işlənməsində iştirak üzrə müqavilə bağlayıb. Müqaviləyə əsasən Fransa şirkəti qaz hasilatına 1,5 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb. İyun ayında isə Qətərdə ümumi dəyəri 29 milyard dollar olan başqa bir layihənin 6,25 faizinə sahiblənib.

Mikayıl Cabbarov “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə  prezidenti ilə görüşüb (FOTO)

Bu ilin birinci rübündə isə Fransa şirkəti xalis gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artırmaqla 5,6 milyard dollara çatdırıb.

Şirkətin 2023-cü il üçün 18 milyard dollarlıq investisiya planı hazırlanıb. Bu həcmin xeyli hissəsi təmiz enerji layihələrinə sərf olunmalıdır. Təmiz enerji sahəsinə investisiyaları artırmağı hədəfləyən “Total Energies” Kanadadakı ənənəvi enerji layihəsində iştirakını dayandırıb, bu ilin birinci rübündə oradakı payını 4,5 milyard dollara yerli şirkətə satıb.

“Total Energies”in Azərbaycandakı əsas layihəsi  “Abşeron” yatağının işlənməsi ilə bağlıdır. Bu yataq üzrə Hasilatın Pay Bölgüsü sazişi  27 fevral 2009-cu ildə imzalanıb. 2011-ci ilin sentyabrın əvvəlində isə ilk kəşfiyyat quyusu ilə Xəzərin 500 metrdən çox dərinliyində yeni qaz-kondensat yatağının açılması baş verib. 2016-cı ilin noyabrında SOCAR-la “Total Energies”  arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb. Bundan sonra yataqdan hasilatın başlanması ilə bağlı dəfələrlə müxtəlif tarixlər səsləndirilsə də, işlərin hədsiz ləngiməsi buna imkan verməyib. Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, bu ləngimə bilavasitə Fransa şirkətinin iddiaları ilə bağlı olub: “Fransa şirkəti yataq açılandan sonra Azərbaycan tərəfi ilə layihənin necə işlənəcəyinə dair uzun-uzadı mübahisələrə baş vurub. Halbuki buna ehtiyac da yox idi, çünki SOCAR-ın gətirdiyi məntiqi dəlillər inandırıcı və kommersiya risklərinin minimuma endirilməsi baxımından tutarlı idi. "Total" isə qaz vurub qazan doldurmaq prinsipini göz altına almışdı. Mübahisə predmeti isə ondan ibarət idi ki, Fransa şirkəti “Abşeron” yatağının ilk mərhələsində çıxarılacaq qazın Azərbaycanın daxili bazarında nisbətən ucuz satılmasına heç meylli deyildi, onunku Avropa bazarına uyğun qiymətlər idi. Düz 5 il bir layihənin şərtləri üzərində mübahisə edən şirkət 2016-cı ildə ona, necə deyərlər, can-başla qolunu qoymaq qərarına gəlir. Niyəsi isə ondan qaynaqlanırdı ki, dünya bazarlarında həmin il neft 30 dollardan ucuz qiymətə ticarət edilməyə başladı və təbii ki, qaz qiymətləri də beynəlxalq bazarlarda kifayət qədər ucuzlaşdı. Vəziyyətin dumanlı olduğunu görən “Total” Azərbaycan tərəfinin təkliflərinə razılığını verdi. Bu təkliflər isə həqiqətən cəlbedici idi. Çünki çıxardığı qazı faktiki olaraq quyu ağzındaca SOCAR-a fiksasiya edilmiş qiymətə satacaq. Avropada istər qazın qiyməti hətta 10 dollara düşdüyü halda belə, o öz qazına "Abşeron"un ilkin mərhələsi üçün nəzərdə tutulan kapital qoyuluşunu çıxartmaq və müəyyən mənfəətə nail olmaq şərtlərinə əməl olunması ilə gəlir əldə edəcək. Yəni yatırımları tam sığortalanıb. İkinci bir tərəfdən, onun gəliri təkcə qazla məhdudlaşmır axı... Hasil ediləcək kondensat həcmləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə qlobal bazara çıxarılacaq və dünya qiymətləri ilə satılacaq. Təbii ki, bundan “Total” da mənfəətdə olacaq. Bu şirkət Bakı-Tiflis-Ceyhan boru kəmərinin 5 faiz səhmlərinə sahib kimi illik milyonlarla divident də əldə edir".

İ.Şabanın sözlərinə görə, “Abşeron”da hasilata başlanması üçün “Şahdəniz” yatağında görülən işlərdən qat-qat az işləmək lazım idi: platformada hasil olunan qaz “Neft Daşları” yatağında SOCAR-ın qaz nəql sisteminə qəbul ediləcək.

Iraq: $27 billion deal with TotalEnergies still stalled

Beləliklə, “Abşeron”dan ilk qazın çıxarılması tarixi olaraq əvvəlcə 2019-cu ilin ilk rübü, sonra 2021-ci il deyildi, daha sonra 2021-ci ilin dekabrında Prezidentlə görüşdə Fransa şirkətinin vitse-prezidenti 2022-ci ilin 3-cü rübünü nişan verdi.  2022-ci ilin iyununda isə məlum oldu ki, hasilatın başlanması 2023-cü ilin birinci rübünı nəzərdə tutulur. Həmin vaxt “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Aqutun mətbuata verdiyi açıqlamada qeyd edilirdi ki, “Abşeron” ECP layihəsinin daxil olduğu birinci işlənmə mərhələsi tikinti prosesindədir və uğurla davam etdirilir: “Onun 2023-cü ilin birinci rübündə işə salınması planlaşdırılır”.

Bu mərhələdə hasil ediləcək illik 1,5 milyard kubmetr təbii qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

Regis Aqutun sözlərinə görə, “Abşeron”nun I mərhələsi adlanan növbəti işlənmə mərhələsi müzakirə olunur. Həmin mərhələdə illik hasilat 4-5 milyard kubmetr təşkil edəcək: “Hazırda konseptual tədqiqat işləri aparılır. Bir neçə variant müzakirə olunur. Əsas plan hasilatın artmasından sonra istehsal edilmiş qazı xarici bazarlara tədarük olunsun. Lakin bütün bunlar hələ müzakirə olunur. Hər şey Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılmasından asılıdır”.

Beləliklə, artıq 2023-cü ilin ikinci rübüdür və “Abşeron”da hasilat hələ də başlanmayıb. Prezidentlə görüşdə hasilatın yaxın aylarda başlanacağı qeyd edilir. Belə görünür ki, Fransa şirkəti yenə verdiyi vədə əməl etmədi. Bu halda, şirkət rəsmisinin Azərbaycana səfəri nə ilə bağlıdır: Bakıdan gecikməyə izahat tələbi var, yoxsa Fransa şirkəti yenə hansısa əlavə şərtlər peşindədir?

İ.Şabana görə, səfərin məqsədi müxtəlif ola bilər: “Görünür, ya hansısa müzakirə ediləsi məsələ var, ya da həqiqətən "Abşeron"dan qaz hasilatının başlanması reallaşır və ona görə də detalları təfərrüatı ilə çatdırır. Həmçinin ola bilər ki, yatağın işlənməsinin növbəti mərhələsi üzrə danışıqlar aparılır: həmin mərhələdə hasil olunacaq qaz Avropaya ötürülməlidir".

Qeyd edək ki, “Abşeron” layihəsinin həyata keçirilməsini JOCAP (Joint Operating Company Absheron Petroleum) adlı əməliyyat şirkəti həyata keçirir. Şirkətdə “Total Energies” və SOCAR hər biri 50 faiz paya sahibdir. “Abşeron” yatağının ehtiyatları 350-360 milyard kubmetr qaz, 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Burada ilk mərhələdə 1,5 milyard kubmetr qaz hasil ediləcəyi, hasilatın isə tədricən ildə beş milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur.

Avropa İttifaqı ilə 2022-ci ildə imzalanan enerji memorandumunda nəzərdə tutulan hədəfə - 2027-ci ildə Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmaq üçün Azərbaycanın “Abşeron”dan hasilata başlanmasına ciddi ehtiyacı var. Fransa şirkətinin prosesi yubatması Azərbaycan üçün əlavə itkilərə gətirib çıxarır: daxili tələbatı təmin etmək üçün Rusiyadan, Türkmənistandan qaz alır. Halbuki ildə 1,5 milyard kubmetr qazın daxili tələbata yönəldilməsi şəraitində buna ehtiyac qalmazdı, üstəlik, ölkənin ixrac imkanı daha da genişlənərdi.

Maraqlıdır ki, “Abşeron”da hasilatı 7 ilə başlaya bilməyən Fransa şirkəti Azərbaycanın təmiz enerji layihələrinə maraq göstərir. Nikolas Terrazın Azərbaycan Prezidenti ilə görüşündə alternativ enerji istehsalı ilə bağlı məsələlər də müzakirə olunub. Yaxınmüddətli dövrdə təmiz enerji layihələrinə investisiyaları kəskin artırmaq planı quran “Total Energies”in Azərbaycanın bu sahədəki layihələrindən də pay almaq istəyi açıq hiss olunur. Necə ki, 30 il əvvəl bp-nin ardınca neft-qaz sektorundakı layihələrə qoşulub, indi də bərpa olunan mənbələrdən enerji istehsalı layihələrindən bəhrələnməyə çalışır. Bəzi mənbələrin yaydığı məlumata əsasən, Azərbaycan belə layihələrdə iştirak edən xarici şirkətlərə ciddi güzəşt və imtiyazlar tanımağa hazırlaşır. Görünür, Fransa şirkəti həmin imtiyaz və güzəştlərdən faydalanmaq niyyətindədir.

Xatırladaq ki, Qarabağ məsələsində açıq şəkildə Ermənistanın tərəfini tutan Fransada ötən ilin payızından bəri şirkətlərin Azərbaycandan neft-qaz alışına qadağa qoyulması, hətta bu istiqamətdə Avropa İttifaqı səviyyəsində qərarın alınmasına çağırışlar səsləndirilməkdədir. Bu çağırışlar fonunda “Total Energies”in Azərbaycanda təmiz enerji layihələrinə maraq göstərməsi ondan xəbər verir ki, erməni havadarları olsalar da, iqtisadi maraqlarını daha üstün tuturlar...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR