İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Bakıdakı adamlarını hərəkətə keçirdi - seçki ilə bağlı kirli plan

1131 19.01.2024 15:24 Gündəm A A

Parisin dominant olduğu Avropa İttifaqı və onun strukturları hakimiyyətə siyasi təzyiqlər üçün “fəallaşıb”; Aİ-nin ölkəmizdəki adamı, Avropa Parlamenti “çırmanıb...”

Siyasi analitiklərin müşahidələrinə görə, 7 fevral növbədənkənar prezident seçkisi yaxınlaşdıqca Azərbaycana qarşı təzyiqlər artmaqdadır. Bu yöndə fakt olaraq hakimiyyəti tənqid edən hesabatların sayının hər gün artması misal göstərilir. 

Bu da seçkiyə beynəlxalq etimadsızlıq yaratmaq istəyindən qaynaqlanır. Xüsusilə Avropa İttifaqı (Aİ) və onun strukturlarında ciddi fəallaşma nəzərə çarpır. Məsələn, Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko “jurnalistlərə qarşı mövcud təzyiqləri” tənqid edib. “Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni şoka saldı. Bu, xüsusilə məhkəmə zallarında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, - o, X platformasındakı hesabında yazıb. Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi Ayxan Hacızadə qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Qeyd edək ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Riberio və “Sərhədsiz Reportyorlar” da Azərbaycan hakimiyyətini tənqid edib. 

Məlumdur ki, Avropa İttifaqının strukturu olan Avropa Parlamenti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etməyəcək. Bu barədə yanvarın 15-də Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri, deputatlar Devid Mak-Allister və Tomas Tobenin birgə bəyanatında deyilir. Avropa Parlamenti seçkiləri müşahidə etməyəcəyi üçün seçki prosesini, eləcə də elan edilmiş nəticələri şərh etməyəcək. “Avropa Parlamentinin heç bir üzvünün bu qurumun adından seçkiləri müşahidə etmək və ya şərh etmək səlahiyyəti yoxdur”, - bəyanatda qeyd olunur. Əgər Avropa Parlamentinin üzvlərindən hər hansı biri seçkilərə münasibət bildirmək qərarına gələrsə, bu, Avropa Parlamentinin yox, onun şəxsi təşəbbüsü olacaq. Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə deyib ki, rəsmi Bakı Avropa Parlamentinə növbədənkənar seçkiyə müşahidəçi göndərmək üçün dəvət yollamayıb. 

Beynəlxalq müşahidəçilər seçkilərin demokratik olması imicinə yaxından dəstək verirlər. Bu baxımdan, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinə beynəlxalq müşahidəçilərin cəlb edilməsi vacib amildir. Unutmayaq ki, Azərbaycan dövləti ilk dəfə olaraq bütün suveren ərazilərində seçki keçirəcək.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu (DTİHB) prezident seçkisində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyasında iştirak edəcək. Avropa Şurası və Avropa İttifaqının seçkini müşahidə edib-etməyəcəyi hələ ki bəlli deyil.  

Unutmayaq ki, Avropa İttifaqında Fransanın hegemonluğu hiss ediləcək dərəcədədir. Avropa İttifaqının təsisçiləri Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya olsa da, rəsmi Paris özünü daha çox lider kimi aparır. Avropa İttifaqının Fransanın rəhbərliyi altında antisemitizm və islamofobiya çıxışları isə güclənib. Azərbaycanla Fransanın indiki gərgin münasibətləri fonunda Paris mütləq çalışacaq ki, seçki ərəfəsi Azərbaycan hakimiyyətinə sərt tənqidlər artsın, seçki prosesinə mümkün qədər az beynəlxalq müşahidəçi gəlsin, bu da sonradan seçkinin nəticələrinə etimadsızlıq yaratmaq üçün bəhanə olsun. Maraqlıdır ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova da bildirib ki, ölkədə seçkilərə etimadsızlıq fonunun yaradılması istiqamətində intensiv iş aparılır. Beləliklə, Fransanın dominant olduğu Aİ və qurumları hər iki ölkədəki seçkilərlə bağlı siyasi təzyiq kampaniyasını genişləndirməyə hazırlaşır. 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev 

Prezidentliyə namizəd Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, Qərb təşkilatları seçkiqabağı hər zaman müxtəlif təzyiq elementlərindən istifadəyə can atırlar. E.Musayev vurğuladı ki, seçkidən əvvəl də Azərbaycana təzyiqlərin başlayacağını proqnozlaşdırmışdı: “Qərb təsisatlarının ənənəvi fəaliyyətidir. Onlar seçki keçirilən ölkələrdə hakimiyyətlərə qarşı təzyiq rıçaqlarını işə salırlar. Amma bu seçkidə hər hansı müdaxilə, iqtidar tərəfindən bizə qarşı süni əngəl olmayıb. Bu seçkilər kifayət qədər münbit şəraitdə keçir. Azərbaycan hakimiyyəti əvvəlki dövrlə müqayisədə bu seçki daha yaxşı təşkil edib və bizə mane olunmur”. E.Musayevin sözlərinə görə, seçicilərlə görüşlər keçirilir, hava şəraiti nəzərə alınaraq qapalı yerlər ayrılıb, vətəndaşların problemləri dinlənilir, şikayətləri eşidilir: “Azərbaycan ilk dəfə bütün ölkəboyu seçki keçirəcək. Azad edilən ərazilərdə, 30 il terrorçu yuvasına çevrilmiş Xankəndidə səsvermə olacaq. Bundan gözəl, qürurverici hadisə ola bilməz. Təbii ki, hakim partiyanın namizədi İlham Əliyevin reytinqinin yüksək olduğunu etiraf edirik, seçkinin favoritidir, Qarabağı tamamilə azad etmiş qalib bir liderin seçkidə də qələbə qazanmaq şansı yüksək də olmalıdır, amma bizim hədəfimiz daxili inkişafın güclənməsidir. Bu seçki milli birliyi nümayiş etdirməlidir. Ona görə də Fransa, onun təsiri altında olan Avropa İttifaqının hansı bəyanatlar səsləndirməsi həlledici faktor sayılmır”.

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

Fuad Əliyev

Prezidentliyə namizəd Fuad Əliyevin seçki qərargahının rəhbəri Xəzər Teyyublu isə vurğuladı ki, Avropa İttifaqı Azərbaycanla çox yaxşı enerji əməkdaşlığına malikdir, lakin onun bəzi qolları rəsmi Bakı əleyhinə bəyanatlar səsləndirir: “Xüsusən də Avropa Parlamenti bu məsələdə ardıcıl şəkildə qərəz nümayiş etdirir. Biz ölkədə problemlərin olmasını inkar edə bilmərik. Sadəcə, Qərb bunu kampaniyaçılığa çevirməklə səmimi olmadığını göstərir. Fransanın son illər açıq şəkildə düşmənçilik siyasəti Ermənistanı ötüb keçib. Makron administrasiyası, Fransa Senatı, Avropa Parlamentində olan ermənipərəst deputatlar müntəzəm şəkildə ittihamlar irəli sürür, Azərbaycanı Qarabağa "hücumda" günahlandırır. Yəni absurd və nahaq bir mövqe sərgilənir ki, Avropa dəyərlərinə, beynəlxalq hüquqa ziddir". X.Teyyublu hesab edir ki, bütün bunlarla yanaşı, Azərbaycanda keçiriləcək seçkilərə kənar müdaxiləyə imkan verilməyəcək: “ATƏT-in, digər təsisatların seçkinin nəticələri haqda verəcəyi rəyin nədən ibarət olacağını bilmirəm. Amma yaxşı olar ki, həmin təşkilatlar 30 il işğal altında olmuş ərazilərdə seçkilərin keçirilməsinə münasibət bildirsinlər, Azərbaycanın ədaləti bərpa etdiyini dilə gətirsinlər, bacarıqsızlıqlarını, işğal faktına susmalarını etiraf etsinlər. Təəssüf ki, Qərb dairələri, beynəlxalq təşkilatlar obyektivliyini itiriblər. Fransanın isə bizim işimizə qarışmağa mənəvi haqqı yoxdur. Buna görə də cavabımız xalqımızın hamılıqla seçki günü səsvermə məntəqələrinə getməsi olmalıdır”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR