İnsanlara hürriyət, millətlərə istiqlal!

Fındıq qabığı

1542 23.07.2022 08:10 Yazarlar A A

“Ey mələksima ki, səndən özgə heyrandır sana,

Həq bilir insan deməz, hər kim ki, insandır, sana".

(Füzuli)

İlin bəzi günlərində zəhmətkeşlərimizdən təbriklər alıram, başa düşmürəm məni niyə təbrik edirlər. Belə günlərdən biri də 22 iyuldur. Mən özümü hazırda jurnalist, mətbuat adamı saymıram, görəsən, xalq niyə təbrik edir? Qəribədir. Bəlkə də məzələnirlər, ələ salırlar. Bu da xoşdur.

Mətbuatın 3 funksiyası var: informasiya vermək, maarifləndirmək, əyləndirmək. Prinsipcə, bizdə hazırda tək əyləndirmək funksiyası qalır. Adamın üstündə Zərdabi var, gərək ədalətsizlik etməyək, qalan iki funksiyanı da itirməmişik. Sadəcə, xəbərçiliyi və maarifçiliyi əyləncənin içində veririk.

Məsələn, mən bugünlərdə hansısa dənizdə deşik yarandığını oxudum. Ora düşən geri qayıtmırmış. Lazımsız xəbərdirmi? Yox. Bəlkə ora çimməyə getdik, deşiyə düşüb niyə yox olaq? Üstəlik, bizi şanlı partiyanın rəhbərliyi altında kommunizm quruculuğu gözlədiyi bir məqamda.

O cümlədən mətbuatın, jurnalistikanın qaldırdığı məsələlər daima dövlət qurumlarının diqqət mərkəzindədir. Dünən prokurorluq möhtəşəm rəqəmlər açıqlamışdı. Sən demə, müstəqillik dövrümüzdə mediada və sosial şəbəkədəki xəbərlər əsasında tam 6 (altı!) cinayət işi açılmışdır.

Fantastikadır. Heç ABŞ mətbuatı bu qədər xalqa xeyir vermir. Lakin qəribədir ki, “Pulitser” mükafatını onlar alır, bizə isə “Pulistər” mükafatı verilmir. Hətta axırıncı kərə tikilən evi jurnalistlərə göstərdilər, ancaq vermədilər.

Doğrudur, qaldırılan altı işdən ikisi sosial şəbəkədə nəsə cibbildəşən zəhmətkeşlərə aiddir, onları idarəyə çağırıb xəbərdarlıq ediblər. Axtarsan sosial şəbəkə üzrə belə işlər çoxdur. Bəs idarə niyə cəmi 2 işi statistikaya salıb? Təvazökarlığa görə. Xalqa minnət qoymaq istəmirlər. Onsuz biz yaxşı bilirik, hər bir hökumət idarəsinin, dövlət qurumunun əsas funksiyası xalqın xidmətində dayanmaqdır.

Xalq da öz xidmətçilərini yüksək qiymətləndirir, özü kasıb daxmalarda, xidmətçilər isə villa və saraylarda yaşayır. Xalq sovetdən qalma, drandulet “Jiquli” sürür, lakin xidmətçilərinə ən bahalı, son model avtomobillər alır. Buna görə də xidmətçilər xalqdan xirtdəyə qədər razıdır. Vaxtaşırı “Xidmətçi evdən oğurluq etdi” başlıqlı xəbərlər dərc edilir, lakin biz dəqiq bilirik ki, bunlar hökumətə - xalqın xidmətçilərinə aid deyil, hansısa evdə çalışan xırda, məişət səviyyəsində xidmətçilərdir. Ola bilsin hökumət adamları belə başlıqlar qoyduğumuza görə bizdən inciyib-küsürlər, nəyəsə işarə vurduğumuzu, söz atdığımızı zənn edirlər. Ancaq, adım kimi qarant dururam, belə deyil. Bizim heç bir pis niyyətimiz qalmamışdır.

Başqa xoş xəbərlər, müjdələr də var, bu münasibətlə mən də uca xalqımızı qutlayıram. Bayram bayrama qarışıb, Məhərrəmlik girməsə, lap toy eləmək olardı.

Birinci xoş xəbər odur ki, Azərbaycan Finlandiyaya kanalizasiya qapaqları ixrac edəcəkdir. Sən demə bizim Sumqayıt yaxınlığında bir zavodda çuqundan qayırılan kanalizasiya qapaqları avropalıların diqqətini cəlb etmişdir. Görünür Avropada belə qapaqlar düzəldə bilmirlər, hər yanı nəticədə iy basır. İndi bizim istehsal sayəsində Finlandiyanın havası ətir qoxuyacaq. Bunlara çimməyi də müsəlmanlar öyrədib, unutmayın.

İkincisi, fındıq qabığından enerji alınması üzərində iş gedir. Artıq neft-qazımızın haçansa bitəcəyindən qətiyyən qorxmuruq. Əsas odur fındıq var. Fındıq qabığını yandırmaqla ildə neçə evə işıq çəkə, zülmət gecələrimizi İliç lampalarıyla parlada biləcəyik. Yaxşı fındığın özü də elə parıldayır, işıq saçır.

Bu, bizim fındıq qabığı üzrə ilk novator texnologiyamız, startapımız deyil. Bundan qabaq fındıq qabığından mebel alınması üzərində böyük projelər olmuşdur. Hazırda xalqa xidmət edən idarələrdə (bax: yuxarı) nə qədər belə kreslo, yazı masası, taburet, divan, taxt, çarpayı, stul, şezlonq qoyulmuşdur.

Mən özüm də bu yazını fındıq qabığında yazdım.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR