İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəxri adlar hansı sənətçilərə verilməlidir?

1819 16.11.2022 09:30 Media A A

Ekspert: “Məgər Nobel və yaxud bu kimi mükafatlar motivasiyaya görə deyilmi?”

Bir müddətdir ki, mətbuatda, sosial şəbəkələrdə bəzi sənətçilər, o cümlədən müğənnilər fəxri ad almamaqdan şikayətlənir, uzun illərdir ki, yaradıcılıqla məşğul olsalar da, sənətinə dəyər verilməməsindən gileylənirlər. Ümumiyyətlə isə fəxri ad məsələsi uzun illərdir ki, müzakirə olunmaqdadır. Bəzi tanınmış ictimaiyyət nümayəndələri fəxri adlardan “sovet iyi gəldiyini”, onların ləğv olunmasının artıq vaxtı gəlib çatdığını, bəziləri isə bunun lazımlı olduğunu, fəxri adların yaradıcı insanlara bir çox imtiyazlar, o cümlədən mənəvi ruh, aylıq təqaüd, ev qazandırdığını əsas gətirir.

Bəs sənətçiyə fəxri ad hansı kriteriyalara görə verilir? Fəxri ad məsələsi sənətçinin yaradıcılığının keyfiyyətinə, yoxsa kəmiyyətinə görə hesablanır? Ümumiyyətlə, sovetdən qalan bu ənənəni davam etdirmək lazımdırmı?

İlk öncə xatırladaq ki, fəxri ad məsələsi sovet dövründə yaranmış ənənədir. Sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu ənənəyə son qoydu. Lakin Gürcüstan, Rusiya, Ermənistanda olduğu kimi,  Azərbaycanda bu ənənə qalmaqda davam edir.

Fəxri adlar Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Prezident İlham Əliyevin 2018-ci il 1 mart  sərəncamına əsasən fəxri adlar üçün verilən aylıq məvaciblər artırılaraq, xalq fəxri adı üçün aylıq 150 manat, əməkdar fəxri ad üçün isə 100 manat müəyyən edilib.

Beləliklə, hazırda fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manatdır.

YYSİB və VCA sədri Aydın Xan (Əbilov): “Prezident yanında İnternet Şurası  yaradılsın.” – Yenimedia.net – Sosial-Analitik Portal

 Aydın Xan Əbilov

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: "Hər bir dövlətin, cəmiyyətin özünəməxsus inkişaf yolları və yaşayış tərzi var. Bu onların həm adi məişət səviyyəsində, həm də mədəni həyatında, humanitar düşüncəsində özünü göstərir. Bu baxımdan Azərbaycan sənətçilərinin, mədəniyyət və incəsənət xadimlərinin dövlətdən nəsə umması normal haldır. Çünki bu vaxta qədər dövlət bunu edib. Onu da qeyd edim ki, bu ənənə sovet dövründən qalma deyil. Hələ Şah İsmayıl Xətai və digər şahlar, xanlar dövründə ədəbi gecələr keçirilər, saray şairlərinə, sənətçilərinə ənamlar verilərdi. Buna görə də kimsə deyirsə ki, fəxri ad ənənəsi sovet ideologiyasının təsisatıdır, doğru deyil. Həm də sovetdən qalsa belə, bu o demək deyil ki, həmin dövrdən qalan bütün ənənələri atıb, ləğv etməliyik. Əslində sənətçilər, mədəniyyət xadimləri öz yaradıcılıqları ilə pul qazanmalı, ev, ofis saxlamağı bacarmalıdırlar. Amma baxaq görək, bu imkan bizdə varmı? Hər kəsə məlumdur ki, hazırda musiqiçilər öz albomlarını sata bilmirlər, onlar üçün normal konsertlər təşkil olunmur. Və yaxud yazıçılarımız öz hesablarına kitab çap etdirirlər. Bəs yaxşı, belə bir zamanda dövlət bütün incəsənəti, mənəviyyatı ayaq altına atmalıdır? İncəsənət adamlarının həyatını, sadəcə, taleyin hökmünə buraxmalıdır? Dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə sənət adamları üçün nələr edilmir. Türkiyənin sənətçilərinə verdiyi dəyəri ölkəmiz heç on faizini etmir. Yəni dövlətimiz sənətçilərimiz üçün demək olar ki, heç nə etmir. Doğrudur, müəyyən sənətçilərə aylıq təqaüdlər, imtiyazlar verilir, lakin onların sayı çox azdır. Məsələn, bir il ərzində gənc yazıçılara 200, yaşlı yazıçılara isə 300 manat prezident təqaüdü verilir. Bu məvacib onların nəyinə çatacaq? Üstəlik də, bilirik ki, əksər şair və yazıçılar işsizdir. Və yaxud sənətçilərimiz olsun, pandemiya, iqtisadi çətinlik, toyların lokallaşdırılması, toy modelinin dəyişdirilməsi, təmtəraqlı toyların olmaması  sənətçilərimizin fəaliyyətinə dəhşətli dərəcədə təsir edib. Lakin unutmaq olmaz ki, müharibə olanda əsgərlərimizi ruhlandırmaq üçün tədbirlər keçirilirdi, mahnılar oxunurdu. Bu baxımdan bir daha qeyd edirəm ki, sənətçilərin də dövlətdən nəsə umması normaldır.

Qeyd edim ki, indi kriteriyalar bir qədər dəyişilib. Belə ki, əvvəlki Mədəniyyət Nazirliyində olduğu kimi, sanki indiki nazirin də dövründə bu məsələ bazara döndərilib. Kimsə hansısa yollarla əməkdar, xalq artisti adını ala bilir. Doğrudur, bu adlar ölkə Prezidentinin sərəncamı ilə verilir, amma siyahını tətbiq edənlər, təqdimatlar verənlər məsələyə ədalətli yanaşmır. Lazımdır ki, bu məsələdə müəyyən kriteriyalara cavab verən sənətçilərin mükafatlandırılması, fəxri adlara layiq görülməsi kömək göstərilsin. Bu doğrudur ki, xeyli sayda yaşlı sənətçi hələ də layiq olduğu fəxri adı ala bilməyib.   Ona görə də həmin sənətçilərin gileyini normal anlamaq olar".

Kulturoloq qeyd edib ki, fəxri adlar, aylıq təqaüdlər maddi dəstəklə yanaşı, həm də sənətçilər üçün bir motivasiyadır:

“Sənətçilər biləcək ki, yaxşı çalışsa, ortalığa gözəl sənət əsəri qoysa, dəyərləndiriləcək, mükafat alacaq, dövlətin qayğısını görəcək. Məgər Nobel və yaxud bu kimi mükafatlar motivasiyaya hesablanmayıbmı? Doğrudur, xarici ölkələrdə bu məsələ ilə özəl fondlar məşğuldur. Amma Azərbaycanda bu fondlar olmadığından yük dövlətin üzərinə düşür”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda hazırlanıb.

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR