ABŞ-nin 80 yaşlı Prezidenti Donald Tramp sağlamlıq və qidalanma mövzusunda maraqlı açıqlamalar verib. O, özünü çox sağlam hiss etdiyini deyərək bunu qidalanma tərzi ilə əlaqələndirib.
![]()
Tramp bildirib ki, bəzən səhhətində problem yaransa da, ümumilikdə özünü “50 il əvvəlki kimi” hiss edir: “Əlbəttə, özümü yaxşı hiss etmədiyim günlər də olur. Belə anlarda səhiyyə naziri Bobbiyə müraciət edirəm. Amma ümumən özümü 50 il əvvəlki kimi hiss edirəm. Niyəsini özüm də bilmirəm. Yəqin, qidalanmağıma görədir”. O, düzgün qidalanma anlayışının hər kəs üçün fərqli olduğunu da vurğulayıb: “Kim nə bilir düzgün qidalanma necə olmalıdır? Bəlkə fast-fud elə ən düzgün qidadır, qalanları şlakdır?”
Tramp sadə yeməklərə üstünlük verdiyini bildirib: “Mənim steykimi verin, vəssalam. Çəkisinə nəzarət edən çox adam tanıyırdım, hamısı buynuzlarını yerə qoyublar. Mən isə qoz kimiyəm!”
Maraqlıdır deyilmi? Bəs görəsən doğrudanmı düzgün qidalanma hər kəs üçün fərqli anlayışdır? Fast-fudla uzunömürlü olmaq mümkünmü? Tramp kimi hər gün rahatca fast-fud yeyib qoz kimi ola bilərikmi?
Həkim-dietoloq Ləman Süleymanova Musavat.com-a deyib ki, əslində, belə deyil: “Trampın fastfudu tərifləməsi, təbii ki, müəyyən mənada onun maraqlarına uyğun bir yanaşmadır. Mən isə bunun tam əksini demək istərdim: fastfud insan ömrünü qısaldan və sağlamlığa ciddi zərər vuran qidalanma formalarından biridir. Trampın sözlərinə deyil, onun real qidalanma rejiminə nəzər salsaq, tamam fərqli mənzərənin şahidi olarıq. Çünki o, böyük bir ölkənin prezidentidir və təbii olaraq peşəkar həkimlər və qidalanma mütəxəssisləri ilə işləyir. Bildiyim və eşitdiyim məlumatlara görə, onun qidalanmasına ciddi nəzarət olunur. Təzyiq, şəkər və digər sağlamlıq göstəricilərinə görə belə insanların qida rasionu xüsusi nəzarətdə saxlanılır”.

Ləman Süleymanovanın sözlərinə görə düzgün qidalanmada balans vacibdir: “İnsan sevdiyi qidalardan, o cümlədən fastfuddan müəyyən hallarda, məsələn həftədə bir dəfə istifadə edə bilər. Ancaq Trampın dediyi kimi hər gün fastfudla qidalanmaq sağlamlığa son dərəcə ciddi mənfi təsirlər göstərə bilər. Onsuz da bildiyimiz qədərilə onun səhhəti ideal hesab edilmir. Son dövrlərdə sosial şəbəkələrdə yayılan görüntülərə baxdıqda da görünür ki, çəkisi normadan artıqdır. Buna baxmayaraq, onun fastfudu tərifləməsi təəccüblü deyil. Amerikada fastfud istehlakı olduqca yüksəkdir. Küçəyə çıxanda artıq çəki problemi yaşayan insanların sayının çox olduğunu görmək mümkündür. Xüsusilə uşaqlar və yeniyetmələr arasında piylənmə ciddi problemə çevrilib. Qadınlar arasında da piylənmə göstəriciləri yüksəkdir və bu, sağlamlıq problemlərinə səbəb olur. Təbii ki, Tramp da insanlara öz qidalanmasının bütün detallarını açıqlamır və bu baxımdan onun verdiyi müsahibələr reallığı tam əks etdirməyə bilər”.
Həkim-dietoloq vurğulayıb ki, fastfud qidaları insan orqanizminə mənfi təsir göstərir: “Hazır qidaların həddindən artıq istehlakı sağlamlıq üçün risk yaradır. Xüsusilə müxtəlif beynəlxalq şəbəkələrdə təqdim olunan məhsulların tərkibi ilə bağlı cəmiyyətdə çoxsaylı narahatlıqlar mövcuddur. İnsanlar qidaların emal prosesləri, konservantlar, dad artırıcılar və digər əlavələrin sağlamlığa təsiri barədə tez-tez suallar qaldırırlar.
Bu gün uşaqlar arasında insulin dirənci, artıq çəki və maddələr mübadiləsi problemlərinin artması müşahidə olunur. Mənim də araşdırmalarıma görə, insulin dirəncindən əziyyət çəkən uşaqların sayı ildən-ilə artır. Bu isə onu göstərir ki, uşaqların qidalanma vərdişlərinə xüsusi diqqət yetirilməlidir. Bu qidaların uşaqlar tərəfindən sevilməsinin səbəblərindən biri onların dad və qoxu baxımından cəlbedici formada hazırlanmasıdır. Xüsusilə dadbilmə qabiliyyətinin formalaşdığı dövrdə uşaqlar bu qidalara daha çox maraq göstərirlər və zamanla bu qidalanma vərdişi daimi xarakter ala bilir. Nəticədə onlar gələcəkdə də eyni növ qidalara üstünlük verməyə başlayırlar”.
Mütəxəssis qeyd edib ki, məhz buna görə valideynlər övladlarının qidalanmasına ciddi nəzarət etməli, onları mümkün qədər sağlam və təbii qidalara yönləndirməlidirlər: “Uşaqların gələcək sağlamlığının təməli məhz erkən yaşlarda formalaşan düzgün qidalanma vərdişlərindən asılıdır. Ona görə də hesab edirəm ki, bu mövzuda səsləndirilən bəyanatlara tənqidi yanaşmaq, elmi faktlara və mütəxəssis rəylərinə üstünlük vermək daha doğru yanaşmadır”.
Xalidə Gəray
Musavat.com






