İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Ələkbərli: “Doğrudanmı biz bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?”

798 14.11.2023 15:24 Gündəm A A

“Bugünkü  büdcə müzakirəsində çıxış etmək hər cəhətdən qürurvericidir. Təkcə ona görə yox ki, biz həm sahədə, həm də masada düşmənə qalib gəlmiş bir dövlətin büdcəsini müzakirə edirik. Təkcə ona görə yox ki, biz ərazi bütövlüyü tam təmin olunmuş bir ölkənin dövlət büdcəsini müzakirə edirik. Həm də ona görə ki, biz mükəmməl idarəetmə sisteminə malik bir dövlətin büdcəsini müzakirə edirik. Bu baxımdan, Milli Məclisin müzakirəsinə təqdim edilən büdcə layihəsi kifayət qədər mükəmməldir, Azərbaycanın bütün sahələr üzrə inkişafını təmin edəcək gücdədir və mən də onun qəbuluna səs verəcəm.”

Musavat.com bildirir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisdəki büdcə müzakirələrində söyləyib.

Ə.Ələkbərli qeyd etdi ki, 24 dekabr 2022-ci ildə cənab Prezident İlham Əliyevin tövsiyəsi ilə Azərbaycanın Qarabağ müharibəsindən sonrakı dövr üçün yeni strateji xəttini ehtiva edən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul olunub və Qərbi Azərbaycan İcması tərəfindən addım-addım həyata keçirilir: “Sevindiricidir ki, artıq bu ümummilli məsələyə nəinki bütün Azərbaycan əhalisi, həm də bütün dünya azərbaycanlıları qoşulub. Fürsətdən istifadə edib, bu məsələdə fəallıq föstərən bütün dövlət və qeyri-dövlət qurumlarına, xüsusilə Heydər Əliyev Fonduna öz dərin təşəkkürümü bildirirəm. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrasına xüsusi töhfə verən qurumlardan biri də Azərbaycan Respublikasının Milli Məclisidir. Milli Məclisdə məsələnin müxtəlif aspektləri ilə bağlı dörd dəfə geniş dinləmə keçirilib. Hörmətli xanım Sədr, məsələyə bu qədər həssas münasibət göstərdiyinizə görə şəxsən Sizə və deputat həmkarlarıma İcmamız adından bir daha təşəkkür edirəm”.  

Daha sonra Ə.Ələkbərli təmsil etdiyi Saatlı rayonunun bəzi problemlərini hökumət üzvlərinin diqqətinə çatdırıb: “Həm də bunu təkcə adamların sosial vəziyyətini yaxşılaşdırmaq üçün etmirəm, həm də bu problemləri illərdir həll etməyən bəzi məmurların insanların tənə və qınaq obyekti olmaması üçün edirəm. Yadınızda olar, düz bir il bundan əvvəl yeni ilin büdcə müzakirəsində bu tribunadan təmsil etdiyim Saatlı rayonunun qaz problemini qaldırdım və bildirdim ki, Saatlı rayonunun hər dörd kəndindən birində mavi qaz yoxdur, yəni bu kəndlərə qaz çəkilişi həyata keçirilməyib. Və onu da xatırlatdım ki, dövlət başçısı 2011-ci il may ayının 5-də Saatlı rayonuna səfəri zamanı tapşırıq verib ki, “2012-ci ilin sonuna qədər Saatlı rayonunda qazlaşdırma 100 faiz olmalıdır”. Mən bu çıxışı edəndə artıq noyabr ayının 2-ci yarısı idi və çıxışımın sonunda onu da xatırlatdım ki, artıq qış qapını kəsib. Həmin kəndlər, təəssüf ki, bu qışı da qazsız keçirməli olacaqlar. Təklif etdim ki, heç olmasa, müvafiq qurumlar həmin kəndlərin əhalisinin təcili olaraq ucuz qiymətə alternativ yanacaqla təmin olunması barədə fikirləşsinlər. Bilirsiniz nəticəsi nə oldu? Mən güman edirdim ki, sərt çıxış etmişəm, yəqin bu çıxışdan sonra kimlərsə narahat olacaq, zəng edib nə isə bir izahat verəcək. Amma təsəvvür edin ki, Mirzə Ələkbər Sabir demiş, atılan toplara heç diksinən də olmadı. İndi bu çıxışımdan sonra bir nəticə hasil olacaq ya yox, bunu da zaman göstərəcək”.

Deputat elm sahəsi ilə bağlı da danışıb: “Maraqlıdır, hər il büdcəmizdə elmin inkişafına xeyli vəsait ayrılır, amma bu vəsaitin nə qədəri birbaşa alimə çatır? Təsəvvür edin, Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalıçan gənc bir alim 10-cu dərəcə ilə 420,62 manat, 11-ci dərəcə ilə 431,04 manat, 12-ci dərəcə ilə 453,02 qəpik təmiz maaş alır. Böyük elmi işçi isə 13-cü dərəcə ilə 464,80 manat, 14-cü dərəcə ilə 483,52 manat maaş alır. Halbuki 2023-cü ilin yanvar-iyul ayları üçün ölkədə nominal orta aylıq əmək haqqı 925,3 manat olub. Paytaxtda isə orta aylıq nominal əmək haqqı 1179,8 manat təşkil edib. Yəni paytaxtda yaşayan alim buradakı orta aylıq əmək haqqının üçdə biri qədər maaş alır. Doğrudanmı biz bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? Doğrudanmı güman edirik ki, bu qədər maaşla alim elmlə məşğul olacaq? Bir məsələyə də diqqəti çəkmək istəyirəm, əvvəllər fəlsəfə doktoru elmi dərəcəsi Əməkdar fəxri adı ilə, elmlər doktoru elmi dərəcəsi isə Xalq fəxri adı ilə bərabər tutulur, hər biri müvafiq olaraq 60 və 100 manat əlavə alırdı. Sonra Əməkdar və Xalq fəxri adları artırılaraq müvafiq olaraq 90-150, daha sonra 150-200 manat oldu. Amma alimlərə verilən dərəcə pulu elə 60-100 manat kimi də qaldı. Yəni fəlsəfə doktoruna hər gün üçün 2 çörək, elmlər doktoruna isə 3 çörək pulu verilir. Bəlkə bu, doğrudan da, alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur? Elə hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil və əgər elmimizin inkişafını istəyiriksə, bütün bu məsələlərə yenidən baxılmalıdır”.        

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR