İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlənmək üçün qoşulub qaçan şagirdlər - Gülməli, yoxsa ağlamalı olay?

967 06.05.2023 08:05 Hadisə A A

Tərtərdə 9-cu sinif şagirdi olan qız qaçırılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd məktəblərindən birində qeydə alınıb. Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb. Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır: “Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. Ancaq qurumdan o da bildirilib ki, həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Aydındır ki, hələ bütün həyatları qabaqda olan şagirdlərin heç biri qanunla müəyyən edilmiş nikah yaşına (17-18) çatmayıb. O zaman onları hansısa cəza gözləyirmi - tutaq ki, məktəbdən qovulmaq, inzibati cəza, yoxsa nə? Bəs taleləri necə olacaq?

Azərbaycanda erkən evlilik faktları indiyədək dəfələrlə qeydə alınıb. Ancaq əksər hallara qızların tez ərə verilməsi müzakirə mövzusu olub. Tərtərdəki olay isə ilk sayıla bilər. Çünki bu halda oğlan da həddi-büluğa çatmayıb. Belə hallara qarşı nə etməli? Günahkar daha çox məktəbdir, yoxsa ailə, valideyn? Bu fakt məktəblərdə psixoloq problemini yenidən ortaya çıxarır.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə: “Yaxın aylarda körpə də dünyaya gələcək və buna görə...”

Mövzu ilə bağlı Kəmalə Ağazadə “Yeni Müsavat”a danışıb. Qurum sədri olayla bağlı yeni ilginc faktları açıqlayıb: “Qeyd edim ki, bu məsələ ilə bağlı məlumat aldıqdan sonra ilk olaraq DİN-ə müraciət etdim. Qurumdan bildirildi ki, bəli, fakt var və istintaq araşdırması gedir. Burada bir məqam var, əgər cinayət tərkibi yaratmayan bir işdirsə, o zaman hansı istintaq işi gedir? Sonradan Bərdə ilə əlaqə saxladıqdan sonra hüquq-mühafizə orqanının nə ilə bağlı araşdırma aparması mənə məlum oldu. Belə ki, səhiyyə müəssisəsinə azyaşlı qızın bir aylıq hamilə olması ilə bağlı müraciət olunub, araşdırma da bununla bağlıdır. Amma aralarındakı yaş fərqi cinayət tərkibi yaratmır. Yəni qeyd olunan məktəblilər arasında cinsi münasibət olub, qarşıda artıq dünyaya bir uşaq da gələcək. Gələcəkdə buna uyğun addımlar atılmalıdır.

Bildiyim qədər valideynlər də artıq yeniyetmələrin gələcəkdə ailə qurması ilə bağlı razılığa gəliblər. 9-cu sinif şagirdi oğlanla qoşulub gedib, yəni burada qaçırılma yoxdur, könüllü qoşulub getmə var. Məlum olduğu kimi qızın 16 yaşı hələ iyun ayında tamam olacaq. Oğlanın da yaşı  çox azdır və buna görə də cinayət tərkibi yaranmır. Beləliklə, bu, iki yeniyetmənin arasında baş vermiş cinsi münasibətlərdən doğan hadisədir".

DİHRM-in rəhbəri Əsabəli Mustafayev ilə müsahibə - YouTube

Əsabəli Mustafayev: “Bu məsələdə cinayət tərkibi yoxdur, çünki...”

Kəmalə Ağazadə qeyd edib ki, bu cür hadisələrin baş verməməsi üçün həm məktəblərdə, həm də ailələrdə söhbətlər aparılmalıdır: “Məktəblərdə reproduktiv sağlamlıqla bağlı izahlar verilməlidir. Bu barədə ən böyük təlim isə təbii ki, öncə ailələrdə  keçirilir. Valideynin verdiyi təlim-tərbiyə nədirsə, böyüyən uşaq da o cür formalaşır. Demək, biz ilk öncə ailələr ilə iş aparmalıyıq ki, erkən yaşda olan gənclər, yeniyetmələr özlərinin öz məsuliyyətlərinin dərk etsinlər, bilsinlər ki, bu evlilik deyil, cinsi münasibət olduğuna görə bunun fəsadları nə ola bilər, ailələr arasında münaqişələr yarana bilər və sairə. Hesab edirəm ki, bu məsələnin ən böyük kökü ailə dəyərlərində cinsəl tərbiyənin formalaşmamasıdır. Əgər xüsusən də rayon, kənd yerlərində doğulan gündən qıza cehiz yığırlarsa, əlbəttə ki, nəticəsi bu cür olaylara gətirib çıxaracaq”.

“Həmin şagirdlər məktəbdən qovulmalıdırmı” sualımıza Kəmalə Ağazadə bu cür cavab verib: “Əlbəttə ki, onlar məktəbdən qovulmamalıdır. Amma bunun hansısa alternativ formasını düşünmək lazımdır. Hesab edirəm ki, həmin qız mütləq şəkildə təhsilini bitirməlidir və bunun üçün fərdi, alternativ  təhsil həyata keçirməlidir. Bu distant və yaxud fərdi qaydada ola bilər. Həmçinin ana olduqdan sonra da təhsilinin davam edə bilər. Yəni hadisə artıq  baş verib və biz indi bu cür olayların baş verməməsi, qarşısını almağın yollarını düşünməliyik. Düşünməliyik ki, bu gənclərə nə edək ki, gələcəkləri tənəzzülə  uğramasın”.

Vəkil Əsabəli Mustafayev məsələ ilə bağlı qəzetimizə bildirib ki, bu hadisədə cinayət tərkibi yoxdur: “Yəni qanuna əsasən oğlana məsuliyyət düşmür. Çünki yaş hədləri azdır. Qanuna əsasən yaş hədləri 2 yaşdan azdırsa, bu zaman oğlan məsuliyyətə cəlb olunmur. Beləliklə, əgər ortada zorakılıq, məcburetmə yoxdursa, ailələr barışıq yolu ilə məsələni yoluna qoyacaq. Onu da nəzərə almaq lazımdır ki, hadisə artıq baş verib. Oğlanın məsuliyyətə cəlb olunması yeni başlayan ailənin artıq faciəsinə səbəb ola bilər. Bu baxımdan güman edirəm ki, bu amil də nəzərə alınacaq”.

Hüquqşünas qeyd edib ki, cəmiyyətdə bu cür hadisələrin baş verməməsi üçün onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır: “Məsələn, valideynlər tərbiyə məsələsinə ciddi diqqət etməlidir. Həmçinin məktəb kollektivi əgər yeniyetmələrin münasibətindən xəbərdar idilərsə, mütləq vaxtında valideynə deyilməli, tədbirlər görülməli idi. Məktəb bilməlidir ki, bu cür münasibət varsa, hansı addımlar atmalıdır. Əvvəllər məktəblərdə reproduktiv sağlamlıq haqda təlim keçirilirdi, lakin sonradan bu təlimlər yığışdırıldı. Halbuki həmin təlimlərdə yeniyetmə qız və oğlanlara izah olunurdu ki, cinsi münasibət nə zaman başlamalı, necə qorunmaq lazımdır və sairə. Hesab edirəm ki, bu təlimlər yenidən bərpa olunmalıdır. Doğrudur, biz məktəbi çox yükləyirik ki, şagirdlərin həm təhsilinə, həm də əxlaqına, tərbiyəsinə, mənəviyyatına cavab verməlidir. Amma bir daha qeyd edirəm ki, bu məsələdə ilk məsuliyyət valideynlərin üzərinə düşməlidir”.

Öz növbəsində təhsil eksperti Kamran Əsədov son 3 ildə Azərbaycan məktəblərində xoşagəlməz hadisələrin çox kəskin şəkildə artdığını diqqətə çatdıraraq qeyd edib:

“Ümumilikdə məktəblərdə baş verən hadisələri bir neçə hissəyə bölməliyik. Tədrisin təşkili, tədrisə nəzarət bağlı olan problemlər, valideyn -məktəb münasibətlərinin düzgün qurulmaması və nəzarət mexanizminin olmaması problemlərin daha da genişlənməsinə gətirib, çıxarır. Konkret son hadisə ilə bağlı məsələyə baxanda görürük ki, məktəblərə nəzarət yoxdur. Mövcud qaydalara əsasən şagirdlərin məktəblərdə mobil telefonlardan istifadəsinə qadağa yoxdur, amma nəzarət də yoxdur. Yəni məktəblərdə əxlaqsız foto və video, tik-tok çəkənlər artıb. Hesab edirəm ki, burada məktəblərə nəzarət mexanizmini artırmaq lazımdır. Eyni zamanda, hadisələrə ictimaiyyət nümayəndələrinin müdaxiləsi də lazımdır, çünki hazırda ictimai nəzarət də yoxdur. Yəni məktəblərdə daxili nizam-intizam qaydaları fonunda əxlaq kodeksi olmalıdır ki, cəmiyyətdə baş verənlər birbaşa məktəblərə daxil olmasın. Bir sözlə, məktəblərdə əxlaq qaydalarına riayət olunmalıdır.

Kamran Əsədov: “ Təhsil sisteminn qarşısında duran ən vacib məsələlərdən  biri də Təhsil menecmentinin formalaşdırılmasıdır” - Mektebgushesi

Kamran Əsədov: “Məktəb rəhbərliyi, psixoloq hər bir şagirddə nələr baş verməsindən məlumatlı olmalıdır”

Bəzən şahidi oluruq ki, 8-11 ci sinif şagirdləri arasında tərbiyəsiz  tik-tok videoları çəkənlər var. Məktəbin təhsil, bilik aşılamaqla bərabər, şagirdlərə tərbiyəvi bacarıqları formalaşdırmaq öhdəliyi də var. Meyil və bacarıqları, fərdi xüsusiyyətləri də nəzərə alınmaqla bəzi şagirdlərlə individual iş aparılmalı, onlar milli-mənəvi dəyərlərə malik sağlam şəxs kimi yetişdirilməlidir. Amma çox təəssüf ki, indi bir çox məktəblər bunu edə bilmir. Əgər bu gün bir məktəbli hamilədirsə və bunun üzərindən müəyyən vaxt keçibsə, deməli, məktəb öz işini görə bilmir. Biz demirik ki, Elm və Təhsil Nazirliyi kiminsə şəxsiyyətinə, şəxsi həyatına müdaxilə etsin, sadəcə, məktəblərdə rəhbərlik, psixoloq hər bir şagirdlə individual işləməlidir, məlumatlı olmalıdırlar ki, hər bir şagirddə nələr baş verir, davranışlarında hansı fərqliliklər var".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR