İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev satmağın yeni qaydaları - Vətəndaşın və hökumətin xeyri nə olacaq?

2719 03.12.2022 12:11 Media A A

Milli Məclis “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsini üçüncü oxunuşda müzakirəyə çıxararaq qəbul edib.

Qanuna edilən dəyişikliklə daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Qanun layihəsi aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edib:

- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Həmçinin ev alqı-satqısı zamanı beh də notariat qaydada təsdiqlənməlidir.

Bundan başqa, qanunda edilmiş dəyişikliyə əsasən, mənzil alanda ƏDV-nin bir hissəsinin geri qaytarılması nəzərdə tutulub.

Rəsmi statistikaya əsasən bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti 294  min 68 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,9  faiz çoxdur. Məlumata görə, 10 aylıq göstəricinin 70 min 558-i (24 faizi) ilkin, 223 min 510-u (76 faizi) isə təkrar qeydiyyatın, eləcə də 26,4 faizi Bakının, qalanı isə bölgələrin payına düşüb.

Əmlaklardan 41 040-ı fərdi yaşayış və bağ evi, 75 387-si mənzil, 167 909-u torpaq sahəsi, 2 927-si qeyri-yaşayış binası, 6 100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.

Xidmətdən bildirildiyinə görə, 10 ay ərzində 231 128 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz artım deməkdir.

Göründüyü kimi, 10 ayda daşınmaz əmlakın ilkin və təkrar qeydiyyatı, texniki inventarlaşdırılması və texniki pasportun verilməsi hallarının ümumi sayı 500 mindən yuxarıdır. Ödənişli təqdim ediləcək 5 xidmətin hamısı bu prosesdə təqdim olunur. Bu isə o deməkdir ki, xidmət haqqı tətbiq olunacaq 5 hərəkətdən külli miqdarda xidmət haqqı toplanacaq.

Daşınmaz əmlakın satışı prosesində ödəniləcək ƏDV-nin bir hissəsinin geri qaytarılması vətəndaşların xidmət haqqı və rüsumlara çəkdikləri xərclərin bir qismini qarşılamağa imkan verəcək. Artıq ƏDV-nin bir qisminin geri qaytarılması zamanı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/ ttps://new.e-taxes.gov.az/eportal/az/login/?fbclid=İwAR0MFtuq53WfRjTF2KuZ3ByJcOBfcdKİFPZ5MkpİnL_bDl49oJ_GkyUWHr0) istifadəyə verilib.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək: “Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılacaq.

Kreditlə alınan əmlaka görə ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürüləcək.

Alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Yəni vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.

Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq. Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin".

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azadb sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.

Hazırladı: Dünya SAKİT 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR