İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzaq bazarı necə tənzimlənməlidir?

989 03.12.2022 09:12 İqtisadiyyat A A

Rövşən Ağayev: “Ölkədə ərzaq bolluğuna yalnız bu halda nail olmaq mümkündür”

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə bütün dünyada ərzaq təhlükəsizliyi məsələsini dövlətlərin bir saylı probleminə çevirib. Ukraynadan ərzaq məhsulları idxalının dayanması qlobal ərzaq bazarının aşırı həssaslığını ortaya çıxardı. Bu həssaslığı nəzərə alan dövlətlər öz ərzaq təhlükəsizliklərini daha etibarlı hala gətirmək üçün müxtəlif tədbirlər görməkdədirlər.

Azərbaycanda hökumət bu ilin əvvəlindən ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini intensivləşdirib. Düzdür, bir çox hakimiyyət təmsilçiləri Azərbaycanın ərzaq təminatında idxaldan asılılığın 20 faiz civarında olduğunu, ölkənin əsas ərzaq məhbsulları ilə özünü 80 faiz təmin etdiyini deyirlər. Lakin reallıqda bu təminat xeyli aşağıdır. Rəsmi mənbələrin bir sıra açıqlamaları göstərir ki, Azərbaycanın ərzaq bazarı məhz idxaldan asılı olduğuna görə xarici təsirlərə qarşı həssasdır. Məsələn, Mərkəzi Bankın qənaətinə əsasən Azərbaycanda illik inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Belə ki, sentyabrda illik inflyasiyaya ərzaq məhsulları 9.4 faiz bəndi, qeyri-ərzaq məhsulları 2.5 faiz bəndi,  xidmətlər isə 3.7 faiz bəndi artım təsiri göstərib. Bu isə o deməkdir ki, ərzaq bazarı idxaldan rəsmilərin iddia etdiklərindən daha çox asılıdır.

Artıq hökumət ölkədə zəruri ərzaq ehtiyatlarının yaradılması, təhlükəsizliyin təmin olunması üçün əlavə addımlar da atmağa başlayıb. Belə ki,ölkə qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələrini müəyyənləşdirən dəyişikliklər edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni fəsildə qeyd olunur ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

- əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;

- qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;

- qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;

- ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;

- ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;

- əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;

- əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.

Dövlət əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün ərzaq ehtiyatları yaradacaq. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olmaqla aşağıdakı məqsədlər üçün istifadə ediləcək:

- qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;

- iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;

- ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.

Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək - Şafaqna  Azərbaycanca

Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulacaq. Bu ehtiyatlar üçün ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçiriləcək.

Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olacaq. Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Dəyişikliyə əsasən dövlət ərzaq bazarının tənzimlənməsi vəzifəsini öz üzərinə götürür. Belə ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.

Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:

- qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;

- qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;

- ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;

- istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;

- ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.

Dövlət ərzaq ehtiyatları 3 istiqamətdə - səfərbərlik, strateji və fövqəladə istiqamətlərdə tədarük ediləcək. Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimovun sözlərinə görə, strateji istiqamətin özü də 3 hissədən ibarətdir: “Bura ərzaq ehtiyatı, tibbi dərman vasitələri ehtiyatı və enerji ehtiyatları daxildir. Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq qanun layihəsi işlənib hazırlanıb, hazırda dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Hazırda strateji malların siyahısı hazırlanır. Bu, ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır”.

H.Əzimov onu da qeyd edib ki, taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görülür: “Bunlar həm normativ tədbirlərdir, həm də növbəti addım kimi ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri ilə müqavilələr bağlanıb. Hazırda ümumi bazarda 4 aylıq taxıl ehtiyatı var”.

Göründüyü kimi, dövlət strateji ərzaq ehtiyatları yaradacaq və onu əsasən yerli məhsullardan formalaşdıracaq. Bu isə yerli məhsul istehsalının inkişafı üçün mühüm stimula çevrilə bilər.

Rövşən Ağayev: “Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub”  » Reyting.az

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda bir müddət əvvəl ərzaq təhlükəsizliyinə dair dövlət proqramı qəbul və icra olunub: “Yəni belə deklarativ müddəalar bundan əvvəl də proqrama salınıb. Üstəlik qida istehsalı, kənd təsərrüfatının inkişafına dair yol xəritəsi qəbul edilib. Lakin böyük ölçüdə kənd təsərrüfatı ölkəsi olsaq da, Azərbaycan bir sıra əsas ərzaq məhsullarında idxaldan kəskin asılıdır. Məsələn, kərə yağı kimi strateji məhsulla təminatımızın böyük hissəsi idxal hesabınadır. Yaxud ərzaqlıq buğdanın dörddə üçünü idxal edirik. Süd və süd məhsullarında da əhəmiyyətli şəkildə xaricdən idxaldan asılıyıq. 85 faizə yaxın daxili istehsal hesabına təmin olunduğumuz ət istehsalında da diri heyvanların timsalında idxaldan asılılığımız rəsmi elan olunandan yüksəkdir”.

Ekspert hesab edir ki, ərzaq təhlükəsizliyi ilə qida təhlükəsizliyi bir-birinə çox sıx bağlıdır: “Ərzaq bazarı mütləq tənzimlənməlidir. Qidanın keyfiyyətinin yüksəldilməsinə mane olan bir sıra amillər var. Bunlardan birincisi keyfiyyətli qidanı almaq imkanında olan istehlakçı yoxdur. Bu gün əhali qida təhlükəsizliyi tələblərinə cavab verən, sertifikatlaşmış süd, qatıq, yağ, pendiri qoyub gedib daha ucuz olan, lakin keyfiyyətinə əmin olmadığı kustar istehsal məhsullarını alır. Çünki tutalım, pasterizə olunmuş süddən hazırlanan eyni məhsullar daha baha olur. Bu tələbatı görən kiçik fermerlər südü emal müəssisələrinə satmaqdansa, özü onu pendirə, qatığa, şora çevirib kütləvi bazarlarda satmağı üstün tutur.

Yoxsulluğun yüksək olduğu ölkələrdə hökumətlər nə qədər istəsələr də, qida təhlükəsizliyini təmin edə bilmir, çünki əhalinin alıcılıq qabiliyyəti aşağı olur. İkinci tərəfdən, Azərbaycanda emal sənayesi çox zəif inkişaf edib. Kiçik və orta fermer istəsə belə, öz məhsulunu - südünü, ətini emal müəssisəsinə sata bilmir. Çünki emal müəssisəsinin təklif etdiyi qiymət onun gəlir əldə etməsinə imkan vermir. Buna görə də fermer süddən kustar üsulla məhsullar hazırlayıb satmağa üstünlük verir. Buna görə də ölkədə müqaviləli fermerçilik formalaşmalıdır. Fermer bilməlidir ki, nə qədər məhsul istehsal etsə belə, onu gəlir əldə etməyinə imkan verəcək qiymətə sata biləcək. Məsələn, Türkiyədə hökumət südə minimum qiymət təyin edir, heç kim o qiymətdən aşağı ala bilmir. Azərbaycan hökuməti bu mexanizmdən istifadə edəcəkmi? Ölkədə müqavilələli kənd təsərrüfatına keçid təmin olunacaqmı? Bunu edərlərsə, fermerdən məhsulu alan tərəf də onun sertifikatlaşmasında maraqlı olacaq, bu sahədə fermerə dəstək verəcək".

R.Ağayevin fikrincə, Azərbaycanda müqaviləli fermerçilik tətbiq olunmadan, kiçik və orta fermerlərlə emal müəssisələri və iri ticarət şəbəkələri arasında müqavilə münasibətləri formalaşmadan ölkədə qida  təhlükəsizliyinin təmin olunması mümkün deyil: “Müqaviləli münasibət kiçik və orta fermerlərin öz məhsullarını sertifikatlaşdırmağa stimullaşdıracaq. Ölkədə ərzaq bolluğunun təmin olunmasının əsas yolu isə iri təsərrüfatların, şirkətlərin kiçik və orta fermerləri bazardan sıxışdırmasının qarşısının alınmasından, kooperativlərin yaranmasının dövlət tərəfindən dəstəklənməsindən keçir. Bunlar olmadan ərzaq bolluğuna nail olmaq, ərzaq təminatında idxaldan asılılığı azaltmaq mümkün olmayacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR