İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın “çətir”li pasiban axtarışı – Paşinyan hami tapmaq üçün ölkə-ölkə gəzir

2117 01.11.2022 12:31 Analitika A A

Ermənistan vurnuxur, qaya, araba, çətir kölgəsi olmadan yaşaya, mövcud ola bilmir, keçmişindən küskündür, indisindən razı, gələcəyindən isə əmin deyil.

Elə buna görədir ki, bu dövlətin siyasətçiləri, tanınmış ziyalıları (yəni oxumuş adamları) ayağından ilişmiş canlılar kimi dörd bir yana davrayır, çıxış yolu, daha çox isə yadelli xilaskar axtarırlar.

Ermənistanda Rusiyaya ümid edənlərin, ondan nicat gözləyənlərin sayı son illərdə xeyli azalıb, yeni-yeni Fransaya bel bağlayanların sayı artsa da, gözləntilərinin doğrulması yüksələn xətt üzrə getmir, ABŞ-ı daha güclü himayədar sayanların mövqeyi isə hələlik daha güclüdür. Sonuncular ümidlidir ki, ABŞ ermənilərin xeyrinə Avropa ölkələrindən də, Rusiyadan da daha qeyrətli hərəkətlər edəcək, qərarlar verəcək.

Bir də ortaya İranpərəst ermənilər çıxıb. Onların ümidi də getdikcə böyüməkdədir. Üzünü Tehrana tutmuş ermənilər İranın Azərbaycanı xor görməsinə, ona düşmən kəsilməsinə diqqət edir, düşünürlər ki, bu məsələdə Tehranla İran təbii müttəfiqdirlər və İran Azərbaycana qarşı daha real addımlar (bir zamanlar Rusiyanın etdiyi kimi) ata bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidən qayıdan kimi corabını dəyişmədən Tehrana yola düşməsi həmin himayədar, pasiban axtarışlarının nəticəsidir.

putin-pasinyan.jpg (72 KB)

Yəqin ki, bu səfər Soçi görüşündən daha əvvəl nəzərdə tutulmuşdu, ancaq düşünməyə əsas var ki, Soçidə umduğunu tapa bilməyən Paşinyan İran prezidenti İbrahim Rəisiyə Soçidə çətirinin altına girdiyi Putindən (Rusiyadan) də giley edəcək.

Onun vəziyyətini pisləşdirən daha bir faktor isə Fransanın vaxtaşırı ermənilərə “çətir” vəd etməsi, ancaq vədini yerinə yetirməməsi (yaxud yerinə yetirə bilməməsi) ilə bağlıdır. Fransanın “çətir”i su sızdırır. Ümumiyyətlə, Ermənistan xəfif “çətir”lərə qane deyil, ona “dəmir gümbəz”lər lazımdır ki, altına sığınsın, başqasının qanadının altında başının salamatlığını qorusun, arada çıxıb təcavüzkarlıq etsin, sonra yenidən öz qoruyucusunun çanağına, qınına girsin.

İndi Paşinyanı İran mollalarının “çətir”inin altına aparan budur, amma görək orada ona nə təklif edəcəklər. Böyük ümidlər həmişə yüzdəyüz doğrulmur, çox zaman ortaya umsuqluqlar çıxır. Çünki İran da özbaşına deyil, “qırmızı xətti” keçəndə ona da özünə bab yerlərdən xəbərdarlıq zəngləri gəlir ki, hədsizlik etməsin.

2334.jpg (119 KB)

Bu, artıq, Ermənistanın 1-ci şəxsinin İrana 3-cü səfəridir. Son illərdə İran dünyadakı qeyri-müsəlman dövlətlərin heç biri ilə bu qədər isti münasibətlər qurmayıb. Başqa vaxt müsəlman olmayanları “kafir” gözündə görən, hətta şiə məzhəbindən olmayan müsəlmanları belə “Yezid törəməsi” kimi qəbul edən mollalar iş xristian-qriqorian ermənilərə gələndə çox tolerant olurlar.

Bu davranış, əlbəttə ki, nə multikultural dəyərlərlə, nə də dini tolerantlıq faktoru ilə bağlı deyil, ortada dövlət maraqları, üst-üstə düşən mənafelər var. İranı və Ermənistanı dost edən birinin şimal tərəfdən, o birinin şərq səmtindən gözlədikləri “təhlükə”dir. Onları birləşdirən dəyər budur, başqa heç nə.

Bu isə başqa vaxt din-məzhəb qardaşlığından danışan, özlərini dünya müsəlmanlarının himayədarı sayan, xeyli uzaqda yaşayan Fələstin ərəblərinə görə İsrallə düşmən olan İranın və onun idarə edənlərin siyasi riyakarlığının məhsuludur.

1075918.jpg (114 KB)

Bu qədər çırpınarkən, vurnuxarkən, saman çöpünə əl atarkən ermənilərin ağlına gəlmir ki, onlar üçün ən yaxşı “çətir” Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, düşmənçiliyə son qoymaq, mənasız iddialardan əl çəkmək, sülh müqaviləsinə kəc baxmamaq, cəsarət tapıb imzalamaq ola bilər. O zaman Ermənistanın “çətir”i də olar, hətta süfrəsində şam yeməyi də.

Atalar deyib ki, qonşu qonşunun külünə möhtacdır. İşlər belə davam edərsə, Ermənistandan axırda kül qalacaq, amma bizim ona ehtiyacımız yoxdur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR