İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan sülh göyərçini əvəzinə, PUA?!-Nikol, 29,8 min kv.km-lik ərazi çoxluq edir?

2375 18.05.2023 14:13 Yazarlar A A

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə mayın 14-də Brüsseldə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü heç şübhəsiz ölkəmizin maraqları və sülhə doğru addım atılması baxımından uğurlu hadisə kimi tarixə düşdü.

Xüsusilə də sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı razılaşma, 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq, dövlət başçılarının Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri çox ciddi məsələdir. Şarl Mişel də söylədi ki, liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər.

Azərbaycan dövlətinin mövqeyi açıq-aydın və şəffafdır. Dövlət başçımızın sözü imzasıdır, dedi, bitdi! Amma Ermənistan rəhbərliyi? Bax, eyni sözləri onun haqqında demək mümkün deyil. Nikol Paşinyan dəfələrlə “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”-deyib. Amma eyni zamanda “tanıdığı” ərazinin bütövlüyünə xələl gətirməyə uğursuz cəhdlər göstərib. “Qarabağ Ermənistandır. Nöqtə”-deyib də, minlərlə insanın məhvinə baiskar olan erməni baş nazir vaxtilə Azərbaycanın guya “tanıdığı” ərazi bütövlüyünə Qarabağın yuxarı bölgəsini daxil etməməyə cəhdlər edirdi. Sonralar gördü bu xəyalı doğrulmayacaq,  o halda “Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın keçmiş rəhbərliyi tanıyıb”-deməyə, radialları bu yolla neytrallaşdırmağa başladı.  

Heç Şübhəsiz Nikol Paşinyan xoşluqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirmədi. Dövlət başçımız dəfələrlə xəbərdarlığını etmişdi. Sonuncu dəfə bu ilin martında, Talış kəndində sözünü demişdi: “Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək”. Azərbaycan ordusu İstisu (Cermux), Qafanın başının üstündə, Göyçənin “beş addımlığında”, Laçın yüksəkliklərindən Şahbuzun dağlarınadək hava məsafəsi 25-30 km. Ermənistan tanımır, cəhənnəmə tanımasın və hünəri də var, tanımasın!

ilham.jpg (71 KB)

Nikol Paşinyan anlayır ki, İlham Əliyev heç bir sözü təsadüfən demir: “Qarabağ Azərbaycandır. Nida”-dedi, qəhrəman ordumuz nidanı qoydu. Artıq Ermənistanda anlayırlar ki, Azərbaycan Prezidentinin Qərbi Azərbaycanla bağlı faktları masaya qoyması zarafat məsələ deyil, odur ki, Paşinyan 29 min kv.km-lik Ermənistanın hayına qalmağa qərar verib.

Daha bir xatırlatma edək. Azərbaycan Prezidenti bu ilin martında, Talış kəndində növbəti xəbərdarlığını etmişdi. Sitat: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”.

Dövlət başçısı qeyd etmişdi ki, ancaq belə olduğu təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər”.

Nikol Paşinyan vəziyyətdən çıxmağa çalışır. Bir tərəfdən kreslosunu qorumaq üçün cəhdlər edir, digər tərəfdən minimum itkilərlə, maksimum qazancla çıxmaq istəyir vəziyyətdən. Sülh sazişinin imzalanmasını da mümkün qədər uzatmaqdır niyyəti. Bu ölkənin rəhbərliyi başdan-ayağa qeyri-səmimidir davranışlarında, mövqeyində. Sülh istəyən ölkə Brüssel danışıqlarından bir neçə saat əvvəl Azərbaycana qarşı təxribatlara əl atıb, hərbçilərimi qətlə yetirməz, yaralamazdı. Yaxud sabah Moskvada, XİN rəhbərləri səviyyəsində görüş planlaşdırılır, bu gün Ermənistan mövqelərimizə PUA-larla hücum edib. Biz demirik Ermənistan Azərbaycan tərəfə sülh göyərçini uçurtsun, zatən gözləmirik, amma PUA da uçurtmasın! Əks halda, nə sülh olacaq, nə 29,8 min kv.km-lik ərazi! Bu davranışın açması odur ki, Nikol Paşinyana 29,8 min kv.km-lik ərazi çoxluq edir, istəyir Azərbaycan 1918-20-ci illərdəki xəritələrə uyğun qursun sərhədini – Göyçə gölünün üçdə ikisinin biz tərəfdə olması halında! Pis fikir deyil. Həm də elə o xəritə 103 il əvvəl Ermənistanın “böyük bacısı”nın paytaxtında, Paris Sülh Konfransında təsdiqlənib. Və ən əsası: Zəngəzurun ermənilərə verilməsi Fransanın paytaxtı Parisdə nəşr olunan “L’Œuvre” qəzetinin 1920-ci il 14 iyul tarixli nömrəsində manşetdən tirajlanıb!   

Şarl Mişel “Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik. Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm”-deyib.

“Görüş nədir, say nədir”-yanaşması...Biz belə görüşləri 30 il izlədik, nəhayət, yetər! Hələ bu, Avropanın planlaşdırdıqlarıdır. Hələ görün Vaşinqton və Moskva nələr fikirləşir, nələr planlaşdırır. Azərbaycan dövləti bütün ömrünü Ermənistan adlı qarayaraya ayırmayacaq ki...

Ermənistanın konstitusiya hüququ üzrə mütəxəssisi Vardan Poqosyan iddia edib ki, Qazaxın Əskipara və Sədərəyin Kərki kəndləri Azərbaycana qaytarılarsa, kontitusiya referendumu keçirilməlidir. İlkin baxışda anormallıqdır, elə deyilmi? Azərbaycana məxsus bu, anklav kəndləri qaytarmaq əslində 10 noyabr 2020-ci il razılaşmasına uyğun dərhal həyata keçirilməliydi. Amma Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sözdə bəyan edən Paşinyan hələ də bu istiqamətdə addım atmayıb, Qarabağdakı 10 minlik terrorçu dəstələrini çıxartmadığı kimi!    

Bəli, Ermənistanda konstitusiya dəyişikliklərini nəzərdə tutan referendum keçirilməlidir: Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının əksini tapdığı ölkə konstitusiyası dəyişdirilməlidir, gerb daxil!!!

Diqqət edək: 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib.

Baxmayaraq ki, bundan əvvəl, 1988-ci ilin 18 iyununda SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib. 3 il sonranın Alma-Ata Bəyannaməsi də öz yerində. Amma faktiki olaraq Ermənistan rəsmiləşdirdiyi heç bir qərardan imtina etməyib, Paşinyan buradan başlamalıdır, iddiaların əks olunduğu heç bir sənəd qalmamalıdır! Əks təqdirdə, onun dedikləri sabun köpüyü kimi əriyib, gedəcək. Məsələn, dünən oğlunu girov götürmüşdülər, “sarısını udmuşdu”. Bundan sonra onun cəsarətli addımlarına, sülhə gedəcəyinə inam daha da azalır. Sərhədlərin dəqiqləşdirilməsi barədə anlaşma isə bir ildir kağız üzərində qalır...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR