İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda QANLI SSENARİ işə düşə bilər - Paşinyan HƏRƏKƏTƏ keçir

1868 20.04.2023 18:25 Son xəbər A A

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliklə bağlı qorxularının sürətlə artdığını tirajlayır. Vurğulanır ki, Paşinyanın qorxusunu onun parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir. “Hraparak” yazır ki,  konfrans zalında işləyən operatorlara baş naziri yaxın məsafədən çəkməmək barədə xəbərdarlıq edilib. 

Paşinyan nədən, yaxud kimdən qorxur? Nikolun hakimiyyətdən gedə biləcəyi, yaxud ona sui-qəsd ehtimalı nə dərəcədə realdır?

samir.jpg (50 KB)

Politoloq Samir Hümbətov Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyanın qorxuları var və olacaq. Ermənistan baş nazirinin Azərbaycanla, Türkiyə ilə hər hansı bir danışığa getməsi ölkə daxilində ona qarşı çevrilmiş qüvvələrin sayının artması deməkdir:

“Nəzərə almaq lazımdır ki, Ermənistan üzərində bir neçə güc mərkəzinin, dövlətlərin ciddi mübarizəsi gedir. Burada Rusiya, İran, Fransa, ABŞ, hətta müəyyən mənada Çin amili də var. Belə olan halda hər bir qüvvə ona sadiq olan şəxsləri, yaxud qüvvələri hakimiyyətə gətirməyə çalışır. Paşinyan ilk növbədə öz təhlükəsizliyini qorumağa çalışır. Ortada həyatına risk ola bilər deyə bir məsələ var. Nəzərə almaq lazımdır ki, Ermənistan parlamenti o parlamentdir ki, 1999-cu ildə Rusiyaya sadiq olan qüvvələr içəri girərək oranı gülləbaran etdilər. Digər tərəfdən, Levon Ter-Petrosyanı 98-ci ildə istefaya məcbur etdilər. Bunlar Ermənistan tarixində baş vermiş hallardır. Paşinyan da bunu çox yaxşı bilir. Lakin onun hakimiyyətdən getmə məsələsi inandırıcı görünmür. Paşinyan bütün gücü ilə öz hakimiyyətini saxlamağa çalışacaq. Ən azından bu prosesi 5 ilin tamamına qədər aparmağa çalışacaq.

Paşinyan təhlükəsizliyinin təmin olunması məqsədilə bu cür göstərişlər verirsə, deməli, sui-qəsd ehtimalı var. Hər halda Ermənistan kəşfiyyatı da işləyir və görünür, bu ehtimalın ya Rusiya, İran, ya da Avropa dövlətləri tərəfindən ola biləcəyi gözlənilir. Onlara bu barədə məlumat sızıb. O baxımdan belə göstərişlər verilib. Paşinyan hər vəziyyətdə ilk növbədə özünü qorumağa çalışır. Yəqin ki, Paşinyan Rusiya amilindən daha çox çəkinir. Çünki son dövrlər Rusiyada Ermənistan hökuməti ilə bağlı bir sıra açıqlamalar gəlməkdədir. Yəqin ki, bütün bunlar Paşinyana bir siqnaldır. Paşinyan da o siqnalı aldığı üçün təhlükəsizlik tədbirlərini gücləndirir”, - politoloq vurğulayıb.

Aytən Novruz
Musavat.com      

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR