İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana “hindiski” “xilas kəməri” - utopik layihə

813 19.03.2024 10:06 Siyasət A A

Reallıq göstərir ki, İrəvanla Hindistanın üzərində baş sındırdığı layihənin ən azı yaxın onillikdə baş tutması çətin məsələdir

“Hazırda Hindistan-İran-Ermənistan ticarət dəhlizinin açılması məsələsi yaxından müzakirə olunur”.  Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan “Hindistan-Ermənistan: biznes üfüqlərinin birləşdirilməsi” biznes forumu zamanı deyib.

“Həmkarlarımızla üçtərəfli formatda müzakirələr aparılır. Bu marşrut üzrə daşınan pilot yüklər də var. Amma marşrutun sabit olması üçün çox iş görülməlidir”, - o qeyd edib.

Onun sözlərinə görə, Hindistan Ermənistana regionda strateji tərəfdaş kimi baxır və bu, bir çox sahələrdə, o cümlədən mülki və digər sahələrdə özünü göstərir. “Tarixən Ermənistan və Hindistan bir-birinə yaxındır, bağlıdır. Ermənistana Hindistandan tələbələr gəlib və gəlir. Bundan əlavə, son iki il ərzində Hindistandan ölkəmizə xeyli işçi qüvvəsi gəlib və bir çox sahələrdə özünü kifayət qədər uğurlu göstərib”, - deyə erməni məmur vurğulayıb.

Teryan hazırda Çabahar limanında (İran - red.) Ermənistan və ya erməni şirkətlərinin iştirakının müxtəlif formatlarının müzakirə edildiyini söyləyib. Lakin detalları açıqlamayıb.

Hindistan-İran-Ermənistan dəhlizi İrəvan üçün effektli olmayacaq - FAKT  BUDUR! » Azerinfo.Az

Qeyd edək ki, yanvar ayında  Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan açıqlamışdı ki, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur.  Marşrutla yüklər Hindistanın Mumbay limanından İranın Çabahar limanı vasitəsilə Ermənistana çatdırılmalıdır. 

İrəvan bu yolla Hindistandan yüklərin Rusiya və Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə ötürülməsini təmin etmək niyyətindədir. Plana əsasən, Hindistandan yüklər Çabahar limanından İran ərazisi ilə ya dəmir yolu, ya da avtomobillər vasitəsilə Ermənistan ərazisinə, oradan isə Gürcüstan üzərindən ya Rusiyaya, ya da Bolqarıstan limanlarına daşınacaq.

Ermənistan bu yolun Azərbaycan üzərindən daşımalardan daha qısa və qiymət baxımından sərfəli olacağını iddia edir. Bu, o halda mümkündür ki, İrəvanın öz ərazisindən yükdaşımaları vaxtında və keyfiyyətlə təmin edə bilsin. İndiki halda Ermənistanın infrastrukturu marşrutla çox cüzi həcmdə yükdaşımaların reallaşmasına imkan  verir. Belə ki, hazırda İran üzərindən Ermənistan sərhədinə çatdırılacaq yüklərin yalnız avtomobillə Gürcüstan sərhədinə daşınması mümkündür. Hansı ki, bunu təmin edəcək yol indiki vəziyyətində Azərbaycanın imkanlarından on dəfələrlə aşağı həcmdə yüklərin daşınmasına imkan verir. Faktiki olaraq, mövcud infrastruktur yalnız Hindistanla Ermənistan arasında ticarət olunan malların daşınmasını təmin etməyə çatır. Ermənistanın rəsmi statistikasına əsasən, 2023-cü ilin sonunda ölkə ilə Hindistan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 7,1 faiz artaraq təxminən 384 milyon dollar təşkil edib. Buraya Hindistanın Ermənistana satdığı silahlar, həmçinin dağ-mədən materialları, almaz və qızıl məmulatları və sair aiddir. 

Onu da bildirək ki, Ermənistanın təklif və israr etdiyi marşrut İranın 2016-cı ildən irəli sürdüyü Fars körfəzi-Qara dəniz layihəsinin tərkib hissəsi kimi nəzərdə tutulub. Gürcüstan və bir neçə Şərqi Avropa ölkəsinin də maraq göstərdiyi təşəbbüs 8 ildir elə təşəbbüs olaraq qalır. İndiyədək maraqlı tərəflərin 5 görüşü keçirilsə də, dəhliz layihəsinin yekun variantı ortaya qoyulmayıb. Marşrutun bölgədəki digər marşrutlardan üstünlüyünü əks etdirməli olan layihənin yekunlaşmaması prosesin dondurulmuş vəziyyətdə qalmasına səbəb olub. 

Ermənistan 2022-ci ildən layihəni diriltməyə çalışır. 2023-cü ildə xarici işlər naziri Ararat Mirzoyan Hindistana işgüzar səfər edib və burada ölkənin xarici işlər naziri ilə görüşüb. Nazirlər sentyabrın 24-də Nyu-Yorkda da görüşüblər.

2023-cü ildə Hindistana ərazi idarəetmə və infrastruktur naziri, səhiyyə naziri, Təhlükəsizlik Şurasının katibi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfər edib. Aprelin 20-də İrəvanda Ermənistan, İran və Hindistanın xarici işlər nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr keçirilib.

Noyabrın 16-da Ermənistan Hindistan və Fransanın təşəbbüsü ilə “Beynəlxalq Günəş Alyansının yaradılması haqqında” çərçivə sazişi imzalayıb.

Həmçinin Ermənistan və Hindistan hökumətləri arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş, eləcə də Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. 

Azərbaycana qarşı yönələn Hindistan-Ermənistan hərbi əməkdaşlığı... - pia.az

Göründüyü kimi, İrəvan və Pakistanla isti münasibətlərinə görə Azərbaycandan incik düşən Hindistan hansısa formada regional yüklərin bir hissəsinin Ermənistan üzərindən aşırılmasına nail olmağa çalışırlar. Lakin reallıq göstərir ki, ən azı yaxın onillikdə bu, çox çətindir. Belə ki, İran sərhədindən yüklərin avtomobillərlə vaxtında Gürcüstan sərhədinə çatdırılması üçün Ermənistanın avomobil yolları geniş və yüksək standartlara uyğun olmalıdır. Bu isə ən azı 10 ildən sonra mümkün olacaq. Belə ki,  Ermənistan İran sərhədindən Gürcüstan sərhədinə qədər geniş avtomagistralın tikintisi layihəsinin icrasına 2009-cu ildən başlanıb, hələ heç yolun 30 faizi belə hazır deyil. Müxtəlif xarici qurumlardan alınan  kreditlər hesabına yolun bir neçə hissəsində tikinti işlərinə başlanılıb, lakin aşkarlanan korrupsiya faktları üzündən hələ də tikinti tamamlanmayıb. Tikinti işləri cəmi 67 km-lik hissədə bu və ya başqa dərəcədə aparılıb. Digər hissələrdə tikintinin maliyyələşdirilməsi üçün müxtəlif beynəlxalq maliyyə qurumlarının vəsait ayırdığına dair məlumatlar bir qayda olaraq, doğrulanmır. Məsələn, 2022-ci ilin iyununda Ermənistan rəsmiləri yolun Kacaran-Aqarak hissəsinin tikintisinin maliyyələşməsi üçün Avrasiya İnkişaf Fondunun 154 milyon dollar kredit ayırdığını elan ediblər. Bildirilib ki, bu hissənin tikintisi 2023-cü ilin sonunadək yekunlaşacaq. Lakin 2023-cü ilin oktyabrında məlum olub ki, Ermənistanla İran yolun həmin sahəsinin tikintisinə dair müqavilə imzalayıblar. İmzalanma mərasimində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın verdiyi məlumatdan aydın olur ki, 32 km-lik yolun tikintisi 210 milyon dollara başa gələcək və bu vəsaiti tamamilə İran maliyyələşdirəcək. Yolun tikintisini də İran şirkətləri həyata keçirəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılacağı deyilir. İran həmçinin Ermənistanla sərhəddə Araz çayı üzərində yeni körpünün tikintisini reallaşdıracaq. 

2022-ci ildə Ermənistan rəsmiləri yolun tikintisinin ölkə büdcəsinə 3,5 milyard dollara başa gələcəyini açıqlamışdılar. O da o halda ki, 2022-2023-cü illərdə bütün sahələrin tikintisi üzrə müqavilələr imzalansın. Bu şərtlər daxilində yolun tikintisinin 2030-cu ilədək başa çatdırılması planlaşdırılırdı. Lakin  hazırda 2024-cü ildir və hələ də yolun qalan hissələrində real tikinti işlərinə başlanmayıb. 

Ermənistan yolun tikintisi üçün İrandan vəsait almağa çalışsa da, Tehran bu addımı atmağa tələsmir. Elə münasibətləri getdikcə dərinləşən Hindistan da maraqlı görünmür. Ötən ilin 9 ayında Hindistandan Ermənistana investisiya qoyuluşunun həcmi cəmi 1,1 milyon dollar olub.  Yeni Dehlinin başı hazırda daha böyük layihələrə qarışıb. Ötən ilin sentyabrında Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yeni Dehlidə Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılaşma imzalayıblar. İndia - Middle East - Europe Economic Corridor / İMEC adlandırılan layihə Dehli üçün daha cəlbedici və perspektivlidir. Bu layihənin reallaşması prosesinə başlanarsa, Hindistanın İranın Çabahar limanına nəzərdə tutulan yatırımları həyata keçirməsi də sual altına düşəcək.

Digər tərəfdən, Rusiyaya silah yardımı edən, Yaxın Şərqdəki proksi qüvvələri ilə Qərbə böyük problemlər yaradan İrana qarşı sanksiyalar getdikcə sərtləşdirilir. Belə bir şəraitdə Hindistanın riskə gedərək İran və Ermənistan ərazisindən dəhliz açmaq üçün yüz milyonlarla, milyardlarla dollar vəsait sərf edəcəyi real görünmür. 

İrəvan Hindistandan Rusiyaya daşınan yüklərin bir hissəsini öz ərazisindən ötürəcəyinə ümidlidir. Lakin əvvəla, Ermənistandan olan yüklərin Rusiyaya ötürüldüyü Gürcüstanın Yuxarı Lars keçid məntəqəsinin yükburaxma gücü məhduddur. İkincisi, Yuxarı Lars yolu qış aylarında yağıntılar üzündən tez-tez bağlanır. 

Ermənistanın bu layihədə strateji tərəfdaşı olan İranın da yeni marşrutda maraqlı olduğu sirr deyil. Lakin Tehran eyni zamanda reallığı doğru qiymətləndirməkdədir: hazır və yüksək ötürücülük potensialı olan Azərbaycanla da fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində çox aktiv şəkildə həyata keçirilir. İrəvanın böyük narazılıq və narahatlığına rəğmən Rusiya da Azərbaycan  üzərindən yükdaşımaların artırılmasına daha çox önəm verir. Moskva Rəşt-Astara dəmiryol xəttinin tikintisi üçün İrana 1.3 milyard avro dəyərində dövlətlərarası kredit də ayırıb. Tezliklə xəttin fiziki tikintisinə başlanması gözlənilir. Hətta Rəşt-Astara dəmiryol xətti olmasa belə, Azərbaycanın mövcud imkanları Ermənistan üzərindən ötürülməsi mümkün olandan on dəfələrlə artıq yükün daşınmasına yetər.

Bütün qeyd olunanları nəzərə aldıqda, Hindistandan Ermənistan üzərindən yüklərin tranzit daşınması layihəsinin İrəvanın təqdim etməyə çalışdığı qədər gəlirli olmadığını görmək mümkündür...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR