İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ABŞ-ın nəzarətinə keçsə... – “Əl dəyişmə” bölgəyə nə vəd edir?

823 17.07.2024 15:27 Yazarlar A A

Artıq iki gündür ABŞ Ermənistanda birgə hərbi təlim keçirir. Hələ 7 gün də davam edəcək. Rəsmi məlumata görə, hədəflərdən biri - erməni hərbçilərinin döyüş qabiliyyətinin artırılmasıdır. Kimə qarşı? Məlum məsələdir.

Şəkk-şübhəsiz, döyüş qabiliyyətli ordu Ermənistana müdafiə üçün gərək deyil. Heç kim ona hücum etməyə hazırlaşmır. SSRİ dağılandan sonra da yalnız iki keçmiş müttəfiq respublika işğalçı müharibə aparıb – Ermənistan və onun yeganə strateji müttəfiqi, əsas havadarı Rusiya.

ABŞ-la ortaq hərbi təlimlər əlbəttə, İrəvana revanşist planlar üçün, Bakı və Ankaraya yeni təzyiq rıçaqı qazanmaqdan ötrü lazımdır. Hətta bu məqsədlə Rusiyanın qulağından uzaq, Penqaton təlimatçılarının daimi əsasda Ermənistan Müdafiə Nazirliyində oturacağı ilə bağlı ikitərəfli anlaşma əldə olunub...

Təhlükə də ondadır ki, əgər indinin özündə Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınırsa, konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq istəmirsə, gör ala-babat ordu qursa, hansı “havanı” çalacaq.

Qısası, ABŞ-ın kapitulyant ölkə ilə ortaq təlimləri bölgədə uzunmüddətli sülhə xidmət etmir. Əksinə, erməni revanşist-radikallara yeni ümid, stimul verir. Sonuncular isə baş nazir Nikol Paşinyan komandasında da var. Bəlkə biri elə Nikolun özüdür...

İrəvanı “su yolu”na döndərən isə təkcə amerikalı yüksək çinli hərbçilər, generallar deyil. Avropa Birliyinin missiyası öz yerində, ABŞ diplomatlarının, USAİD rəhbəri Samanta Pauer çaplı cürbəcür şübhəli şəxslərin İrəvana biri gedib, o biri gəlir. Ermənilərə xeyirmi gətirirlər? Düşünmürük?

ORTAYA.jpeg (76 KB)

Hətta bəzi yerli təhlilçilər prosesin - Ermənistanın “əl dəyişmək” cəhdinin, onun idarəçiliyinin ABŞ-a keçməsinin yaxşı sonluqla bitməyəcəyindən əndişlənməyə başlayıblar...

Azərbaycan da qonşuluqda gedən prosesləri sözsüz ki, diqqətlə izləyir. Hər halda, ABŞ uzaqda, biz və mənfur haylar eyni bölgədə, eyni “qayıq”dayıq. Birləşmiş Ştatların keçmiş Dağlıq Qarabağ konflikti zamanı tutduğu mövqeyini də unutmamışıq. O sırada erməni işğalı dövründə Birləşmiş Ştatların Qarabağdakı separatçı-xunta rejiminə dövlət səviyyəsində (!) illərlə maliyyə yardımı ayıran tək dövlət olması faktı yaxşı yadımızdadır.

Bundan əlavə, 2-ci Qarabağ savaşından sonra Şuşaya ayaq basan sonuncu Qərb diplomatı, Fransa nəzərə alınmazsa, məhz ABŞ səfiri olub. Yaxud 1992-ci ildə Azərbaycana qarşı işğalçı müharibə aparan Ermənistanı qoyub Azərbaycana sanksiya tətbiq edən (“Azadlığı Müdafiə Akt”ına “907-ci düzəliş”) yenə ABŞ (Konqresi) idi...

Yəni Azərbaycan üçün ciddi fərq eləməz, Ermənistanın ipi Moskvanın, yoxsa Vaşinqtonun və ya Parisin əlindədir. Demək, Ermənistan və onun əhalisi üçün yaxşı yenə heç nə vəd olunmur, gözlənilmir. Çünki nə qədər ki, bu saxta dövlət minimal suverenliyə və müstəqilliyə malik deyil, ən əsası, buna can atmır, o vaxtadək də onunla vassal, nökər kimi davranacaqlar. Müstəsna olaraq, Türkiyə və Azərbaycana qarşı maşa kimi istifadə edəcəklər.

Bədbəxt ermənilərin, daha dəqiqi, onların önündə gedənlərinin ağılları, abır-həyaları olsaydı, bu sadə gerçəyi bir an öncə anlayar, artıq gedilmiş fəlakətli yoldan vaxtında geri dönərdilər.

Dəfələrlə yazmışıq, bu nanəcib toplum ən əvvəl öz qapıbir qonşuları Azərbaycan və Türkiyə ilə anlaşıb-barışıb dinc-yanaşı yaşamağı öyrənməyincə, heç vaxt təhlükəsizlikdə olmayacaq. Təhlükəsizliyi təmin edilməyən ölkənin isə müstəqilliyi, rifahı olmaz. Ora heç bir ağıllı sərmayəçi yatırım qoymaz. Ermənistan kimi həmişə dalan vəziyyətdə qalar, yoxsul əhalisinin xaricə köçü bitməz...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR