İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin zəlzələ ilə bağlı “çəhrayı” arzusu - “Ərdoğan indi çox zəifdir...”

1146 18.02.2023 10:05 Siyasət A A

Politoloq: “Türkiyə zəifləyəcək, Ərdoğan gedəcək kimi arzulara düşüb planlar quran Türk düşmənlərinin ümidləri puç olacaq...”

Ermənistanın Türkiyəyə simvolik yardım və xilasedicilər göndərməsinə baxmayın, dağıdıcı zəlzələyə sevinir, hətta əllərini-əllərinə sürtərək “qızıl saat” ümidi ilə yaşayırlar. Şərqşünas, Ermənistan Milli Elmlər Akademiyasının akademiki Ruben Safrastyanın gözləntiləri bu xüsusda qənaətimizi gücləndirir.

Belə ki, yerli mediaya müsahibəsində Safrastyan iddia edib ki, Türkiyədə zəlzələdən sonra ciddi siyasi böhran yetişməkdədir. Onun sözlərinə görə, Türkiyədə baş verənlər onun tarixində yeni mərhələnin başlanğıcı olacaq.

“Məsələ təkcə güclü zəlzələnin faktiki nəticələrində deyil, həm də bütün Türkiyə siyasi sisteminin iflasa uğramasındadır. Zəlzələ Türkiyənin onilliklər boyu izlədiyi inkişaf modelinin bərbadlığını göstərdi. Demək olar ki, bütün tikinti sənayesi Ərdoğan, onun partiyası və s. ilə birbaşa əlaqəli şəxslər tərəfindən alınan müqavilələr əsasında həyata keçirilirdi. Bütün bunlar binaların təsadüfi, tikinti normalarına və qaydalarına əməl edilmədən tikilməsinə səbəb olub (Artıq məlumdur ki, dağılan binaların 98%-i 1990-cı ilə, yəni AKP iqtidara gələnədək tikilmiş binalardır - red.)”, - deyə o qeyd edib.

Safrastyana görə, bu gün bütün məsuliyyətin Ərdoğanın üzərinə qoyulmalı olduğu barədə bəyanatlar eşidilməyə başlayıb: “Çünki baş verənlər təkcə təbiətin işi deyil, həm də Ərdoğanın siyasətinin uğursuzluğudur (?! - red.). İki stulda oturmağa çalışan Ərdoğanın yürütdüyü siyasət indi ona əks nəticə verəcək. Onsuz da Qərbin, xüsusən də ABŞ-ın Türkiyəyə humanitar yardım göstərməyə hazır olduğuna dair bütün əlamətlər var, lakin onlar Ərdoğandan Rusiya ilə dostluğun son illərdə etdiyi hər şeyə görə cavab verməsini tələb edəcəklər. Ərdoğan bu gün çox zəifdir və Türkiyəyə ciddi kapital yatırımına ehtiyacı var. Bunu isə ancaq Qərb təmin edə bilər. Bir sözlə, Türkiyədə böhran yaxınlaşır, bu hələ başlanğıcdır”.

Əlavə edək ki, bu səpkidə iddia və gözləntilər son günlər erməni mediası və ekspert camiyəsində artmağa başlayıb.

Ermənilərin Türkiyədə böhran arzusu elə arzu olaraq qalacaqmı? Yoxsa təhlükə var?

Altılı masa" zəlzələdən istifadə edərək Ərdoğana qarşı geniş kampaniyaya  başlayıb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə baş verən zəlzələnin Ermənistan siyasi cameəsində sevinclə qarşılandığı ilk anlardan müşahidə olunub: “Əvvəla, bununla ermənilər insanlıq düşməni olduqlarını bir daha nümayiş etdirmiş oldular. Nikol Paşinyan isə dünyada hakimiyyətinin imicinə zərbə dəyməmək üçün Türkiyəyə simvolik yardım edib və bununla görüntü yaradaraq ”humanist" addım atdıqlarını göstərir. Göründüyü kimi, Ermənistan cəmiyyəti Türkiyəyə qarşı düşmən ab-havasındadır və bu ölkənin zəifləməsini gözləyir. Ermənilər elə zənn edirlər ki, Türkiyə bu fəlakətdən sonra ayağa qalxa bilməyəcək, zəifləyəcək. Lakin tamamilə yanılırlar.

Qeyd edim ki, Türkiyədə zəlzələnin dağıdıcılığı, böyük miqyaslı faciələrə yol açması təkcə erməniləri deyil, seçki öncəsi müxalifəti və digər anti-Ərdoğan mərkəzlərini də hərəkətə gətirib, həvəsləndirib. Hər kəs düşünür ki, öz planını həyata keçirmək üçün fürsət yetişib. Ancaq dediyimiz kimi, tamamilə yanlış düşüncədədirlər və boşuna ümidləniblər. Düzdür, ölkədə iqtisadi və sosial vəziyyətə bu faciə müəyyən təsirlərini göstərir və göstərəcək. Amma Türkiyə güclü dövlətdir, Türkiyə xalqı öz dövlətini ayaq üstə saxlamağı bacaran xalqdır. Bunu bir neçə gün öncə “Türkiyə tək ürək” yardım kampaniyası bir daha ortaya qoydu. Bir neçə saatın içərisində yüz milyard lirədən artıq vəsait toplandı. Bu kampaniyanın təşəbbüskarı Prezident Ərdoğan idi. Xalqın bu təşəbbüsə münasibəti həm də Ərdoğana münasibət də sayıla bilər. Deməli, bu da o deməkdir ki, Türkiyədə Ərdoğanın mövqelərinin zəifləyəcəyi və siyasi böhranın yaranacağı barədə iddiaların reallaşması ehtimalı yoxdur".

Politoloq hesab edir ki, Prezident Ərdoğan faciənin yaratdığı vəziyyətdən istifadə edib, dövləti zəiflədə biləcək hərəkətlərə cəhd edənlərə qarşı ciddi addımlar atacaq və xalq da o bu addımları müdafiə edəcək: “Seçkilər, ola bilər, təxirə salınsın. Amma vaxtında keçirilsə də Türkiyədə Rəcəb Tayyib Ərdoğanın şansları yüksəkdir və qalib gələcək. Ərdoğanın şansı yüksək olmasa, müxalifət 14 may seçkilərinin təxirə salınması tələbini irəli sürməzdi. Odur ki, ermənilər boşuna sevinməsinlər və əllərini əllərinə sürtüb fürsət gözləməsinlər. Türkiyəni bu zəlzələ ilə vurmaq, zəif duruma salmaq mümkün olmayacaq və türk düşmənlərinin arzuları gözlərində qalacaq. Türkiyə xalq birləşib və dövlətə ciddi dəstək verir. Türkiyənin hərbi gücü yerindədir və iqtisadi imkanları da normallaşacaq. İqtidar monolitdir və prosesləri idarə edir. Bunları gözardı etmək olmaz.

Onu da qeyd edim ki, dağılan ərazilərin bərpasını, tikintini məhz cənab Ərdoğanın şəxsi keyfiyyətlərinə görə bir neçə ərəb ölkəsi aparacaq. Türkiyə zəifləyəcək və Ərdoğan gedəcək kimi arzulara düşüb planlar quran Türkiyə düşmənlərinin bütün planları fiaskoya uğrayacaq. Müxalifətin siyasi böhran yaratmaq cəhdləri olsa bu, xalqın arasında müxalifətin özünün nüfuzdan düşməsinə gətırib çıxaracaq. Şübhəsiz ki, bunu müxalifət liderləri də hesablayırlar və yürüdəcəkləri siyasətdə bu ehtimalı nəzərə alacaqlar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR