Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın 4 erməniəsilli şəxsi geri qaytarması ilə Ermənistanın Suriyaya ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunu təhvil verməsi arasında əlaqə olmadığını bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan bu açıqlamanı cümə axşamı hökumətin iclasından sonra jurnalistlərə deyib. Onun sözlərinə görə, sözügedən addımlar fərqli siyasi və diplomatik istiqamətlər üzrə atılıb:
“Bu iki hadisənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Biz eyni zamanda Suriya ilə münasibətlərin inkişafı istiqamətində də işləyirik. Ümid edirik ki, Suriyaya münasibətdə verilən bu dostyana qərar həmin ölkədə yaşayan erməni icmasının vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək”.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan tərəfi Ermənistana 4 nəfəri – David Davtyan, Gevork Sudjyan, Vigen Eulcekçyan və Vaqif Xaçatryanı təhvil verib.
Həmin gün Ermənistan Ankara vasitəsilə Dəməşqə iki suriyalı muzdlunu – Muhrab Məhəmməd əl-Şxeri və Yusif Alabet əl-Hacını göndərib.
Şahanə Rəhimli
Musavat.com






