İmzalanmış sazişin gətirəcəyi üstünlüklər və risklər…
“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
“AzerTelecom”dan verilən məlumata görə, razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək. Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib. Bu əməkdaşlıq sonradan Ermənistanın Azərbaycana qarşı kiberhücum və başqa təxribatlardan istifadəsinə gətirib çıxara bilərmi?
Ekspertlər hesab edir ki, “AzerTelecom” və “Telecom Armenia” arasında imzalanmış saziş ilk növbədə kommersiya və texniki xarakter daşıyır. Bu cür müqavilələr dünyanın müxtəlif ölkələri arasında internet trafikinin daha qısa, sürətli və etibarlı marşrutlarla ötürülməsi məqsədilə bağlanır. Bununla belə, Azərbaycan-Ermənistan münasibətlərinin spesifik siyasi və təhlükəsizlik konteksti fonunda məsələnin kibertəhlükəsizlik aspekti də təbii olaraq diqqət mərkəzinə gəlir. Mövcud məlumatlar əsasında demək olar ki, bu müqavilənin özü Ermənistanın Azərbaycana qarşı kiberhücum imkanlarını artıran faktor kimi görünmür. Kiberhücum potensialı daha çox ölkələrin texnoloji imkanlarından, xüsusi xidmət orqanlarının və ya haker qruplarının fəaliyyətindən asılıdır, internet trafikinin hansı marşrutla daşınmasından yox.

Bununla yanaşı, ekspertlərin fikrincə, Azərbaycan tərəfi üçün əsas məsələ kritik telekommunikasiya infrastrukturunun mühafizəsi, trafik monitorinqi, şəbəkələrin segmentasiyası, müasir kibertəhlükəsizlik sistemlərinin tətbiqi və daimi auditlərin aparılmasıdır. Bu şərtlər təmin olunarsa, sözügedən əməkdaşlıq iqtisadi və texnoloji faydalar verə bilər, təhlükəsizlik riskləri isə idarəolunan səviyyədə saxlanıla bilər.
Mütəxəssislər hesab edir ki, nəzəri baxımdan riskləri tamamilə istisna etmək olmaz.
Ermənistanın beynəlxalq internet trafikinin bir hissəsinin Azərbaycan üzərindən keçməsi iki ölkənin telekommunikasiya infrastrukturunu müəyyən dərəcədə bir-birinə bağlayır. Bu isə bəzi əlavə təhlükəsizlik tədbirlərinin vacibliyi kimi qiymətləndirilə bilər. Lakin texniki baxımdan internet tranziti bir ölkəyə digər ölkənin daxili şəbəkələrinə avtomatik giriş imkanı vermir. Beynəlxalq trafik xüsusi marşrutlaşdırma, şifrələmə, filtrasiya və təhlükəsizlik protokolları ilə idarə olunur. Yəni Ermənistanın Azərbaycan üzərindən internet alması ona Azərbaycanın dövlət və ya kritik informasiya sistemlərinə çıxış vermir.
Kiberhücum risklərinə gəlincə, əslində kiberhücumlar üçün internet trafikinin hansı ölkədən keçməsi əsas amil hesab edilmir. Müasir kiberhücumlar dünyanın istənilən nöqtəsindən həyata keçirilə bilir. Ermənistanın və ya hər hansı digər ölkənin Azərbaycana qarşı potensial kiber əməliyyatları üçün mütləq Azərbaycan üzərindən internet tranzitinə ehtiyacı yoxdur. Əksinə, bəzi mütəxəssislər hesab edirlər ki, trafik müəyyən hissədə Azərbaycan infrastrukturu üzərindən keçdiyi halda monitorinq, anomaliyaların aşkarlanması və təhlükəsizlik nəzarəti imkanları da genişlənə bilər. Bunun üçün isə beynəlxalq standartlara uyğun texniki və hüquqi mexanizmlər tətbiq edilməlidir.
“AzerTelecom” və “Telecom Armenia” arasında imzalanmış saziş daha çox regional iqtisadi inteqrasiyanın elementi kimi qiymətləndirilə bilər. Azərbaycan uzun illərdir ki, özünü regionun nəqliyyat, enerji və rəqəmsal bağlantı qovşağı kimi təqdim edir. Ermənistanın da müəyyən telekommunikasiya marşrutlarında Azərbaycan infrastrukturundan istifadə etməsi Bakının regional tranzit mərkəzi statusunu gücləndirən amil kimi görünə bilər. Digər tərəfdən, qarşılıqlı iqtisadi və texnoloji asılılığın müəyyən səviyyədə artması tərəflərin gərginlikdən çəkinməsi üçün əlavə stimul yarada bilər. Dünya təcrübəsində enerji, nəqliyyat və rabitə xətlərinin birgə istifadəsi bəzən siyasi risklərin azaldılması vasitəsi kimi də qiymətləndirilir.
Etibar Seyidağa,
Musavat.com






